Sosial şəbəkədə biz:
Azərbaycanda 5 ildə 72 nəfər minadan həlak olub
Xəbər Şəkli

Azərbaycanda 5 ildə 72 nəfər minadan həlak olub

04 April 2026, 11:22
Sosial

BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi Qətnamə ilə 4 aprel tarixi Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi mina və digər partlayıcı sursatların yaratdığı təhlükələrə diqqəti artırmaq, məlumatlandırmanı genişləndirmək, eləcə də mina probleminə beynəlxalq ictimaiyyətin diqqətini gücləndirməkdir.

Bu gün ölkəmizin qarşılaşdığı ən ciddi problemlərdən biri məhz mina təhlükəsidir. Keçmiş təmas xətti və onun ətrafı daha çox çirklənmiş ərazilər hesab olunur. Lakin bu ərazilərdən kənardakı mülki təyinatlı sahələr – kənd təsərrüfatı təyinatlı torpaqlar, məzarlıqlar, bağlar və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilər də ciddi şəkildə minalanıb.

Minaların yaratdığı təhlükə təkcə bərpa-quruculuğu, torpaq sahələrinin istifadəsini məhdudlaşdırmır, həm də insanların həyat və sağlamlığı üçün ciddi risk yaradır. 2020-ci ilin noyabr ayından cari ilin 4 aprel tarixinədək 259 mina partlayışı nəticəsində 72 nəfər həlak olub, 349 nəfər xəsarət alıb.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən aparılan intensiv işlər nəticəsində 261 551 hektar ərazi təmizlənib, 246 463 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

İcra edilən minatəmizləmə əməliyyatları ilə yanaşı vətəndaşların mina təhlükəsindən qorunması məqsədilə mina və digər partlayıcı sursat təhlükəsi yüksək olan ərazilər konservasiya edilərək müvəqqəti olaraq çəpərlənir.

Mina təhlükəsinin qarşısının alınmasında təkcə minatəmizləmə əməliyyatları deyil, həm də insanların məlumatlandırılması, ictimaiyyətin dəstəyi mühüm rol oynayır. Mina təkcə torpağa basdırılmış partlayıcı deyil – bu, bir ailənin gələcəyinə, bir uşağın arzularına, bir kəndin dirçəlişinə qarşı təhlükədir.

Mina təhlükəsi yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin problemidir və bu təhlükənin aradan qaldırılması birgə səylər tələb edir.

ANAMA bir daha beynəlxalq ictimaiyyəti mina təhlükəsi ilə mübarizə sahəsində səyləri birləşdirməyə, humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırır.