Sosial şəbəkədə biz:
Avropada və Azərbaycanda saatlıq əməkhaqqı nə qədərdir?
Xəbər Şəkli

Avropada və Azərbaycanda saatlıq əməkhaqqı nə qədərdir?

28 April 2026, 16:30
Sosial

Son beş ildə – 2020–2025-ci illər arasında Avropa Birliyində saatlıq nominal əməkhaqqı 21,9% artaraq 21,5 avrodan 26,2 avroya yüksəlib.
Yeniavaz.com “Eurostat”ın məlumatlarına istinadən xəbər verir ki, eyni dövrdə inflyasiya daha sürətli – 25,6% artıb. Bu səbəbdən real əməkhaqqı təxminən 3% azalıb.
Qeyd edək ki, 30 Avropa ölkəsinin 12-də real maaşlar azalıb, 18-də isə artım qeydə alınıb.
Ən yüksək artım Bolqarıstanda olub. Bu ölkədə real əməkhaqqı beş ildə 37,4% yüksəlib. Artım əsasən minimum əməkhaqqı ilə bağlı qanun dəyişikliyi ilə izah olunur. Digər yüksək artım göstərən ölkələr Serbiya (25,4%), Xorvatiya və Litva (hər biri 21,1%) olub.
Avrozonaya daxil olmayan bəzi ölkələrdə də ciddi artım müşahidə edilib. Rumıniyada real maaşlar 19,7%, Macarıstanda 18,8%, Polşada isə 17,8% artıb.
Avrozonada isə Sloveniya (14,4%), Latviya (10,6%) və Yunanıstanda (8,6%) nisbətən yüksək artım qeydə alınıb.
Bunların əksinə olaraq, Avropa Birliyinin ən böyük iqtisadiyyatlarında azalma müşahidə olunub. İtaliyada real maaşlar 9,2%, İspaniyada 5,9% azalıb. Almaniya və Fransada da göstəricilər mənfidir – müvafiq olaraq -3,2% və -3,3%.
İqtisadçılar bildirirlər ki, daha aşağı maaş səviyyəsindən başlayan ölkələrdə artım faiz olaraq daha yüksək görünür. Məsələn, Bolqarıstanda saatlıq maaş 5,7 avrodan 10,5 avroya yüksəlib. Almaniyada isə bu rəqəm 28,6 avrodan 34,5 avroya çatıb.
Nominal artım bəzi ölkələrdə çox yüksək olsa da, inflyasiya da eyni dərəcədə artıb. Bolqarıstanda maaşlar 84,2%, Macarıstanda 82,7%, Rumıniyada isə 73,1% artsa da, bu ölkələrdə inflyasiya da yüksək olub.
2025-ci ilin məlumatına görə, Avropada ən aşağı saatlıq maaş Bolqarıstanda (10,5 avro), ən yüksək isə Lüksemburqda (49,7 avro) qeydə alınıb.  Ümumilikdə, maaşlar Şimali və Qərbi Avropada daha yüksək, Şərqi Avropada isə daha aşağı qalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 102,9 manat olub. Rəsmi məlumatlara görə, Azərbaycanda 2025-ci ildə orta aylıq iş vaxtı norması 158,6 saat təşkil edib. Bu isə o deməkdir ki, ötən il saatlıq nominal əməkhaqqı 6,95 manata və ya mövcud məzənnə ilə 3,5 avroya bərabər olub.