Sosial şəbəkədə biz:
ABŞ-İran razılaşması: 14 gün sonra nə olacaq? - Zərdüşt Əlizadənin proqnozları
Xəbər Şəkli

ABŞ-İran razılaşması: 14 gün sonra nə olacaq? - Zərdüşt Əlizadənin proqnozları

08 April 2026, 16:19
Müsahibə

ABŞ-la İsrailin İrana qarşı başladığı müharibə 40-cı günündə dayanmaq üzrədir.

Tərəflər Pakistanın vasitəçiliyilə 14 günlük atəşkəsə razı olublar. Halbuki bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp İran sivilizasiyasını məhv edəcəyini vəd edirdi. Tehran da öz növbəsində danışıqlardan imtina edərək, əhalini təhlükəli məkanlarda etiraz aksiyalarına çıxmağa səsləmişdi.

Ancaq hər şey birdən-birə dəyişdi. Heç kimin gözləmədiyi ən gərgin məqamda tərəflər iki həftəlik atəşkəsə razılaşdılar.

Bu proseslərlə bağlı Bakupost.az-ın suallarına politoloq Zərdüşt Əlizadə cavab verib.

- Nəhayət tərəflər atəşkəsə nail oldular. Bu prosesdən nə gözləyirsiniz?

- Hər iki tərəf buna qədər hay-küy qaldıraraq, barışmaz, uyğunlaşmayan tələblər irəli sürürdü. ABŞ və İsrail müharibəyə başlamaqla demək olar bütün dünyanı özlərinə qarşı qaldırdı. Onlar bununla beynəlxalq hüquq normalarını tapdaladılar. Elektrik stansiyalarının qarşısına toplaşan kütləni qırmaq Trampın siyasi qətli demək olacaqdı. Ona görə də o, Pakistanın atəşkəs barədə təklifini qəbul etməyə məcbur oldu. İndi hər iki tərəf öz qələbəsini elan edir. Əslində atılan addımla dünya rahat nəfəs almağa başladı. Böyük tələfat baş vermədi və proses Üçüncü Dünya Müharibəsinin başlanmasına gətirib çıxarmadı. Hər halda atəşkəsin əldə olunmasının özü müsbət hadisədir. 15-20 gündən sonra nələrin baş verəcəyini görəcəyik.

- Maraqlıdır ki, hər iki tərəf özlərinin qələbə çaldığını bəyan edir. Reallıq nədir, müharibədə kim üstün oldu?

- Reallıqda hər iki tərəf uduzdu. İranın 5 mindən çox insanı həlak olub, 10 minə yaxın yaralanıb. Ölkəyə hədsiz maddi ziyan dəyib. İnfrastruktur dağılıb. ABŞ də böyük maddi itkilərə məruz qaldı. Müharibə dövründə bəlkə də 100 milyard dollar itirib. ABŞ-nin əsas itkisi isə psixoloji, mənəvi və əxlaqi itkidir. Bütün bəşəriyyət Amerika və İsrailin yırtıcı və beynəlxalq hüquqa hörmət etməyən dövlət olduğunu gördü. Bu müharibə Qərb dövlətləri arasında həmrəyliyə də ciddi zərbə vurdu. Amerika dünyada tək qaldı. Körfəz ölkələri də böyük ziyana düşdü. Müharibə heç bir tərəfə uğur gətirmədi. Amma hər halda müharibə İran dövlətinin daha qətiyyətli olduğunu göstərdi. ABŞ və İsrail onunla bacara bilmədi.

- İran 10 maddəlik şərt irəli sürüb. ABŞ isə martın sonunda verdiyi 15 maddəlik şərtlərini bir daha bəyan edib. Bu şərtlər arasında ortaq məxrəcə gəlmək mümkün olacaqmı?

- Şərtlər boş söhbətdir. İki həftədən sonra hansı maddələri razılaşdıracaqları bəlli olacaq, hələlik isə bu barədə nəsə demək tezdir. Yalniz o bəllidir ki, tərəflər təhlükəli xəttdən yarım addım geri çəkilib. İran Hörmüz boğazı üzərində nəzarəti əlində saxlayacağını bildirib. Üstəlik təhlükəsizliyi üçün beynəlxalq zəmanət tələb edir. Tehran İsrailin Cənubi Livandan çıxmasını da istəyir. Dinc məqsədlə nüvə tədqiqatlarını davam etdirəcəyini bildirib. Raket istehsalını ixtisara salmayacağı da onun tələbləri sırasında yer alır.

Amerika siyasi uçuruma doğru gedir. Onun “qara qəpiklik” hörməti qalmayıb. Bütün dünya Amerika ilə iş görməyin mümkün olmadığını anladı.

- Başlanan bu proses fonunda perspektivdə Yaxın Şərqin mənzərəsinin kordinal olaraq dəyişəcəyini gözləmək olar, yoxsa əvvəlki mənzərə davam edəcək?

- Danışıqların nəticəsindən asılı olaraq neftin qiyməti sabitləşəcək. Amma yaxın bir neçə ay ərzində neftin qiyməti müharibədən əvvəlki səviyyədən xeyli yüksək olaraq qalacaq. Yaxin Şərqin mənzərəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Bölgə ölkələri anladılar ki, ABŞ-nin vəd etdiyi təhlükəsizlik zəmanətinin qiyməti “sıfırdır”. Onların ərazisindəki ABŞ bazaları əslində təhlükə mənbəyidir. Region ölkələri özləri üçün yeni bir təhlükəsizlik arxitekturası axtarmalıdır. Körfəz ölkələri bu mənada təhlükəsizlik zəmanətini qonşu İranda axtarmalıdır. Vaxtilə Ermənistan özünün təhlükəsizlik zəmanətini Rusiyada axtarırdı. Müharibədən sonra isə anladı ki, Moskva onlar üçün təhlükəsizlik zəmanəti deyil. Əksinə təhlükə mənbəyidir. Belədə İrəvan başa düşdü ki, təhlükəsizliyinin açarı Azərbaycan və Türkiyə ilə xoş münasibətlər qurmaqdadır. Körfəz ölkələri də bu sadə həqiqəti anlamalıdır. Bu müharibə ilə regionun Rusiya və Çinə ümid bəsləyən ölkələrinə də bəlli oldu ki, Pekinlə Moskva da yalnız öz mənafeyini düşünür.

- Atəşkəsin elan olunması ABŞ daxilində Trampın növqeyinə necə təsir göstərəcək? O, yenidən mövqeyini gücləndirə bilərmi?

- Əminəm ki, payızdakı seçkilərdə Trampın partiyası böyük uğursuzluğa düçar olacaq. Amerika qanununa görə müharibəni Konqres elan edə bilər. Tramp isə bu qanuna əməl etmədi. Bu da ABŞ-də dərin konstutusiya böhranının olduğunu göstərdi.

- Başlanan proseslə İran daxilində də hansısa yenilik, dəyişiklik gözləmək olarmı? Yoxsa, rejim daha da güclənəcək?

- Uzunmüddətli razılaşma əldə olunsa, bundan sonra təbii ki, İran daxilində də hansısa dəyişikliklər ola bilər. Adətən, müharibədən sonra ölkə daxilində sərtləşmə baş verir.