Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI
Xalq artisti, kinorejissor Şeyx Əbdül ilə uzun müddətdir küsülü olduğu Xalq artisti Şəfiqə Məmmədova arasında “buzlar əriyib”. İllərlə davam edən inciklik nəhayət ki, aradan qalxıb və tərəflər barışığa doğru addım atıblar.
Bu barədə kinorejissor özü Musavat.com-a verdiyi açıqlamasında bildirib.
Şeyx Əbdül qeyd edib ki, hazırda Bakıda müalicə alır və səhhəti ilə bağlı planlarında dəyişiklik etmək məcburiyyətində qalıb: “Moskvaya səfəri mayın 20-nə qədər təxirə salmışam. Çünki burada monoterapiya qəbul edirəm. Həkim dedi ki, bu müalicə kursu tam başa çatmadan səfərə çıxmaq düzgün deyil. Ona görə də səfərimi məhz bu səbəbdən ertələdim. Şükürlər olsun ki, vəziyyətim getdikcə yaxşılaşır. Özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Monoterapiya mənə müsbət təsir göstərir. Sağ olsunlar, dostlarım da məni unutmurlar. Kino ittifaqından tez-tez zəng edib vəziyyətimlə maraqlanırlar. Hazırda mənə çox böyük diqqət və qayğı göstərilir. Düşünürəm ki, bu diqqət Şəfiqə xanımın razılığı olmadan mümkün olmazdı”.
Şeyx Əbdül Şəfiqə Məmmədova illə illərlə davam edən incikliyin əsl səbəbinə də aydınlıq gətirib.
“Şəfiqə xanım 60 illik dostumdur, tələbə yoldaşım olub. Mənim üçün həmişə əziz insan və böyük sənətkardır. Onun teatr və kino mədəniyyətimizdəki xidmətlərini danmaq mümkün deyil, bu, böyük haqsızlıq olardı. Aramızdakı narazılıq isə kino ittifaqı ilə bağlı idi. Mən iki ayrı kino ittifaqının fəaliyyət göstərməsinin əleyhinə olmuşam. Çünki bu, kino cameəsini parçalayır, iki yerə bölürdü. Nəhayət ki, bu məsələ həll olundu və kino ittifaqı birləşdirildi”, - deyə o, bildirib.
Sənətkar sonda əlavə edib ki, artıq əsas məqsəd milli kinonun inkişafı üçün birlikdə çalışmaqdır.