Aqşin Yenisey: Tənqidi düşüncəsiz toplumda hər eybəcərlik legitimləşir
Şair Aqşin Yenisey cəmiyyətdə tənqidi düşüncəyə münasibəti sərt şəkildə tənqid edib.
Aqşin Yenisey bildirib ki, cəmiyyətdə dini, bürokratiyanı, mentaliteti və müxtəlif sosial qrupları tənqid etmək artıq mümkün görünmür.
Onun fikrincə, insanlar tənqidi şəxsi təhqir kimi qəbul edir və bu yanaşma sağlam müzakirə mühitinin formalaşmasına mane olur.
Aqşin Yenisey qeyd edib ki, tənqidin təhqirlə eyniləşdirilməsi cəmiyyətdə tənqidi düşüncənin cəzalandırılmasına gətirib çıxarır.
O vurğulayıb ki, tənqidi düşüncənin olmadığı toplumda istənilən yanlışlığı və eybəcərliyi legitimləşdirmək mümkündür. Yazıçının sözlərinə görə, vaxtilə rüşvətin “ailə saxlamaq” adı ilə haqq qazandırılması bunun nümunələrindən biridir.
Paylaşımında müəllif bu yaxınlarda yayılan avtobus sürücüsü ilə bağlı görüntüyə də toxunub.
O bildirib ki, sərnişinlərdən küsərək avtobusu yolun ortasında saxlayıb siqaret çəkməyə gedən sürücünün davranışı əslində cəmiyyətin ümumi mənzərəsini simvolizə edir.
Şairin fikrincə, həmin sürücü bu günün “Kefli İsgəndər” obrazıdır və cəmiyyət ona yol göstərənləri küsdürərək sıradan çıxarmağa çalışır.
Aqşin Yenisey sonda qeyd edib ki, sosial şəbəkələr böyük sosial imkanlar yaratmasına baxmayaraq, Azərbaycanda daha çox tənqidi düşüncəyə qarşı kampaniyaların aparıldığı platformaya çevrilib.
Onun fikrincə, tənqidi düşüncə cəmiyyətdə “şeytan” obrazı ilə əlaqələndirildiyi üçün daim kənarlaşdırılır və nəticədə sağlam düşüncə mühiti zəifləyir.