Sosial şəbəkədə biz:

1898-dən bu günə Azərbaycan kinosu: Bir kamera, 128 il və dəyişən ekran salnaməsi

1898-dən bu günə Azərbaycan kinosu: Bir kamera, 128 il və dəyişən ekran salnaməsi
Xəbər Şəkli
02 August 2026, 09:06
Mədəniyyət

Bu gün Azərbaycanda Milli Kino Günüdür. Hər il avqustun 2-də qeyd olunan bu əlamətdar tarix Azərbaycan kinosunun yaranması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilib.

Azərbaycan kinosunun tarixi isə bu sərəncamdan çox-çox əvvələ – 1898-ci il avqustun 2-nə gedib çıxır. Məhz həmin gün fotoqraf Aleksandr Mişon Bakıda lentə aldığı xronikal süjetləri – “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” və “İlişdin” adlı bədii süjeti nümayiş etdirib. Bu tarix Azərbaycan milli kinosunun başlanğıcı hesab olunur.

Azərbaycan kinosunun ilk dövrlərində 1916-cı ildə “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin məşhur operettası əsasında “Arşın mal alan” filmi çəkildi. Sonrakı illərdə milli kino özünəməxsus üslubunu formalaşdırmağa başladı.

1920-ci ildən sonra Azərbaycanda sovet kinosu dövrü başladı. İdeoloji çərçivələrə baxmayaraq, həmin illərin bir çox ekran əsəri bu gün də tamaşaçı sevgisini qoruyur. “Ulduz”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, "Ögey ana", "Qızmar günəş altında" və digər filmlər Azərbaycan insanının xarakterini, məişətini, milli adət-ənənələrini əks etdirirdi.

Xüsusilə 1960–1980-ci illər Azərbaycan kinosunun ən parlaq səhifələrindən biri hesab olunur. “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Əhməd haradadır?”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “İstintaq”, “Babək”, “Nəsimi”, “Dədə Qorqud”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Bəxt üzüyü” kimi filmlər artıq milli mədəniyyətin ayrılmaz hissəsinə çevrilib.

Müstəqillik illərində isə Azərbaycan kinosunun qarşısında tamam başqa reallıq yarandı. Qarabağ münaqişəsi, torpaqların işğalı, qaçqınlıq və müharibə ağrısı milli kinonun əsas mövzularından birinə çevrildi.

“Fəryad”, “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi filmlər həmin dövrün ağrısını ekran vasitəsilə gələcək nəsillərə çatdırdı.

Bu xətt sonrakı illərdə də davam etdi. “Yarımçıq xatirələr” (2015) iki müharibənin – II Dünya müharibəsi və Qarabağ savaşının – taleyini bir qəhrəmanın həyatında birləşdirən ekran əsəri kimi yadda qaldı. Elxan Cəfərovun rejissoru olduğu film Azərbaycan əsgərinin müharibə yaddaşını və Qarabağ mövzusunu ön plana çıxarırdı.

Son onilliklərdə milli kinonun qarşısında başqa bir vəzifə də dayanıb: Azərbaycanı yalnız daxili auditoriyaya deyil, dünya kino ictimaiyyətinə təqdim etmək.

Bu baxımdan Elçin Musaoğlunun “Nabat” filmi xüsusi qeyd olunmalıdır. 2014-cü ildə ekranlara çıxan film beynəlxalq festivallarda Azərbaycanın adını səsləndirdi. “Nabat” Venesiya Film Festivalının “Orizzonti” müsabiqəsində iştirak edib, Mannheim-Heidelberg Beynəlxalq Film Festivalında isə FIPRESCI və Ekumenik Münsiflər Heyətinin mükafatları daxil olmaqla bir sıra mükafatlar qazanıb.

Son illərin diqqətçəkən ekran əsərlərindən biri də “Əli və Nino” filmidir. 2016-cı ildə ekranlaşdırılan əsər Qurban Səidin məşhur romanının motivləri əsasında Əli ilə Ninonun sevgi hekayəsini Birinci Dünya müharibəsi və Azərbaycanın müstəqillik mübarizəsi fonunda təqdim edir.

“Mərmər soyuğu” da Azərbaycan kinosunun son illərdə beynəlxalq festivallarda görünən ekran əsərlərindən biridir. Asif Rüstəmovun filmi Azərbaycanfilm, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalıdır və 2022-ci ildə Tallinn “Qara Gecələr” Film Festivalının əsas müsabiqə proqramına daxil olub.

Son illərin ən diqqətçəkən böyük layihələrindən biri isə “Tağıyev: Neft” filmidir. Zaur Qasımlının rejissoru olduğu ekran əsəri Azərbaycanın böyük neft sənayeçisi, milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunub. Film Tağıyevin neft sənayesindəki fəaliyyətini, xeyriyyəçilik missiyasını, qadın təhsilinə verdiyi dəstəyi və Bakının inkişafındakı rolunu ekran vasitəsilə təqdim edir.

128 il əvvəl Mişonun kamerası Bakıda bir neft fontanını lentə aldı. Bu gün isə Azərbaycan kinosundan gözlənti daha böyükdür: Azərbaycanı, onun tarixini, insanını və milli ruhunu dünya ekranlarında layiqincə göstərmək.

Milli Kino Günümüz mübarək!

Musavat.com