Yoxa çıxan belaruslu eks-məmurun məsələsində 4 azərbaycanlının adı keçir
Belarusun müxalifətçi araşdırmaçıları “Deutsche Welle” və OCCRP jurnalistləri ilə birlikdə keçmiş məmur-siyasətçi Anatoli Kotovun 2025-ci ilin yayında Rusiyanın Federal Təhlükəsizlik Xidmətnin agentləri tərəfindən gizli əməliyyat zamanı qaçırıldığını bəyan ediblər.
Kotov 2020-ci ilə qədər Belarusda bir sıra dövlət qurumlarında çalışıb. Axırıncı prezident seçkisindən sonra o, seçki saxtakarlığını və təhlükəsizlik qüvvələrinin yol verdiyi zorakılığı pisləyib və etirazları dəstəkləyib. Daha sonra o, Polşaya mühacirət edib və orada Pavel Latuşkonun həmtəsisçisi olduğu "Gələcəyin Belarusu" fonduna rəhbərlik edib.
Anatoli Kotov 2025-ci ilin avqustunda yoxa çıxıb. O, avqustun 21-də Varşavadan Türkiyənin Trabzon şəhərinə uçub. Kotov ailəsinə işgüzar səfərdə olduğunu, həmkarlarına isə şəxsi səbəblərdən səyahət etdiyini deyib. Təhqiqatçılar aşkar ediblər ki, o, Türkiyədə “Shells” yaxtasına dörd sərnişinlə birlikdə minib. Jurnalistlərin adlarını da açıqladığı şəxslər bunlardır: Azərbaycan əsilli İordaniya vətəndaşı Qahirə Eynalova, iki rusiyalı - Yuri Qolovanov və Pyotr Qrib və belaruslu Yuri Puzikov. Sonuncu yaxta yola düşməzdən əvvəl gəmidən düşüb. Təhqiqatçılar Puzikovun Belarus DTK-sı ilə əlaqələrinin olduğunu aşkar ediblər.
Sorğulara cavab olaraq, Rusiya və Belarusun penitensiar və hüquq-mühafizə orqanları Kotovu saxlamadıqlarını və onun həbsdə olmadığını bildiriblər.
Araşdırmaçılar Kotovun hələ də sağ ola biləcəyinə ümid etdiklərini bildirirlər, ancaq adamın həyatda olub-olmadığına dair heç bir işartı yoxdur.
"İnanmaq istərdim ki, o, hazırda Belarus həbsxanasında təcrid olunub. Bu, əlavə işgəncə formasıdır. Yəni baxın, heç kim sizin haqqınızda yazmır, hamı sizi unudub: nə Türkiyə, nə də Polşa sizin itkin düşməyinizlə bağlı cinayət işi açıblar. Heç kimin harada olduğunuzdan xəbəri yoxdur; sizi burada çürüdə bilərik", - təhiqiqatçılardan biri olan İqor Kuley deyib.
Onun sözlərinə görə, bu cür adam oğurluqları etirazlara qoşulan və Lukaşenkonu tənqid edən keçmiş məmurlardan qisas almaq üçün bir yoldur.
"Rejim bir vaxtlar onun içində olanlara qarşı belə sərt metodlardan istifadə edir. Kotov Belarusda məmur idi. Rejim keçmiş məmurları belə şeylərə görə bağışlamır. Bəzən soruşurlar: niyə Kotov? Axı o, müxalifətdə bir nömrəli adam deyildi. Bəli, amma eyni zamanda o, həmin qrupun bir hissəsi idi” – Kuley bildirib.
Q.Eynalova deyib ki, Kotov ondan 5000 avro borc alıb. Türkiyəyə səfərindən qısa müddət əvvəl Kotovun həqiqətən BƏƏ-dən pul əldə etməyin yolunu axtardığı məlum olub.
2025-ci ilin aprelində Kotov yenidən Dubaya səfər edib və orada bir neçə görüş keçirib, bəzilərini hətta ən yaxın dostlarından belə gizlədib.
Türkiyə hakimiyyəti jurnalistlərin adam oğurluğu ilə bağlı mümkün istintaqla bağlı sorğularına cavab verməyib. Polşa hakimiyyəti isə Kotovun başqa bir ölkədə yoxa çıxdığını əsas gətirərək işi araşdırmadıqlarını bildirib.
Kotov 1980-ci ildə Minskdə anadan olub. O, Belarus Xarici İşlər Nazirliyində çalışıb və 2006-cı ildən 2015-ci ilə qədər Polşadakı Belarus səfirliyində müxtəlif vəzifələrdə işləyib. 2015-ci ildə Anatoli Minskə qayıdıb və şəxsən Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi Milli Olimpiya Komitəsində işləməyə başlayıb. 2019-cu ildə Anatoli Kotova Minskdə Avropa Oyunlarının təşkilinə rəhbərlik etmək tapşırılıb.
18 avqust 2020-ci ildə Kotov Lukaşenkonun administrasiyasından istefa verib və həmin gün Belarus idmançılarının seçki saxtakarlığına qarşı çıxan və zorakılığı pisləyən açıq məktubunu imzalayıb. Bundan sonra onun yolu Polşaya düşüb.
Q.Eynalova və A.Məmmədovdan başqa, bu işdə daha iki azərbaycanlının adı çəkilir. Onlar ər-arvad Emin və Səbinə Heydərovlardır. Kotovun sərnişin olduğu və yoxa çıxdığı “Shells” yaxtası Britaniyanın “MGA Yachting LTD” şirkətinə məxsusdur və bu şirkətin sahibi Səbinə Heydərovadır. Təhqiqatçılar onu da üzə çıxarıblar ki, E.Heydərov Belarusa çoxsaylı səfərlər edib.
Kotovun yoxa çıxmasından altı ay sonra gəmi Marşal Adalarında yerləşən şirkətə satılıb. Şirkətin əsl sahiblərinin adı açıqlanmır. Satışdan sonra yaxtanın adı dəyişdirilib, “YS Legacy” adlandırılıb.
Təhqiqatçılar şərh almaq üçün bu hadisənin iştirakçıları ilə əlaqə saxlayıblar. Qahirə Eynalova sualları başa düşmədiyini deyib və sual verənləri hüquqi nəticələrlə hədələyib. Yuri Qolovanov jurnalistin mesajını oxuyub, lakin cavab verməyib. Təhqiqat obyekti olan digər şəxslər də sorğulara cavab verməyiblər.
Anatoli Kotovun yoxa çıxması Belarusda ilk belə hal deyil: 25 mart 2025-ci ildə Koordinasiya Şurasının sədri Anjelika Melnikova da yoxa çıxıb. O da Polşadan uçub, Aİ-ni tərk edib. Melnikovanın dəqiq yeri hələ də məlum deyil. Qızları da onunla birlikdə yoxa çıxıb.
Ötən əsrin 90-cı illərində də Belarusda müxalifətçilər və sabiq yüksək mənsəbli şəxslər yoxa çıxıblar və bəziləri hələ də axtarılır.
Musavat.com