Sosial şəbəkədə biz:
Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı
Xəbər Şəkli

Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı

13 July 2026, 08:24
Kriminal

Şirvan Apellyasiya Məhkəməsində qəbir üzərində təhqiredici hərəkət etməkdə təqsirləndirilən Tağı Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, 2006-cı il təvəllüdlü Tağı Babayev Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan – qəbir üzərində təhqiredici hərəkətlər etmə cinayətini törətməkdə təqsirli bilinib.


İş materiallarına əsasən, hadisə 2026-cı il yanvarın 29-da, saat 17:00 radələrində Biləsuvar rayonunun Xırmandalı kənd qəbiristanlığında baş verib.


Belə ki, təqsirləndirilən şəxs qəbiristanlığa gələrək ictimai mənəviyyatı, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını, eləcə də xalq arasında formalaşmış dini və mənəvi dəyərləri kobud şəkildə pozan hərəkətlər edib.


O, 2023-cü ildə vəfat etmiş nənəsi Maya Tağıyevanın (adı, soyadı şərtidir) qəbri üzərində yerləşdirilmiş baş daşını əlləri ilə itələyərək yerə aşırıb və nəticədə baş daşı zədələnib. Bununla kifayətlənməyən gənc daha sonra 2008-ci ildə vəfat etmiş babasının qəbrinə yaxınlaşıb. Tağı qəbir üzərində olan baş daşını əvvəlcə əlləri ilə itələyib, ardınca isə təpiklə vuraraq aşırıb və sındırıb.


Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəyib. Belə ki, mərhum anasının qəbirüstü abidəsinin bərpası üçün 100 manat, mərhum atasının sındırılmış baş daşının yenisi ilə əvəz olunması üçün isə 300 manat xərc tələb olunub. Ümumilikdə zərərçəkmişə 400 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Məhkəmə iş üzrə toplanmış sübutları, hadisə ilə bağlı ifadələri və digər materialları araşdıraraq belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin hərəkətləri qəsdən törədilib və qəbir üzərində təhqiredici hərəkətlər etməklə ictimai mənəviyyata və cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizlik ifadə edib.


Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə o, 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Pravda.az