2,4 milyon dollarlıq dələduzluq işi
Bakı Apellyasiya Məhkəməsi investisiya platforması adı altında külli miqdarda dələduzluqda təqsirləndirilən Nizami Akif oğlu Alışan barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.
Təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmü ilə Nizami Alışan 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Cinayət işinin materiallarına əsasən, Nizami Alışan valyuta alqı-satqısı və investisiya platforması vasitəsilə yüksək gəlir əldə etmək vədləri verərək üç nəfərin külli miqdarda pul vəsaitini ələ keçirib.
İttihama görə, o, Babək Məmmədzadəyə məxsus 1 milyon 300 min dolları, Zeynal Usubovun 945 min dollarını, Yadigar İsrafilovun isə 200 min dollarını dələduzluq yolu ilə mənimsəyib. Beləliklə, zərərçəkənlərə dəymiş ümumi maddi ziyanın məbləği 2 milyon 445 min dollar təşkil edib. Məlumata görə, onların hər üçü hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
İş üzrə araşdırma Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılıb. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs investisiya və valyuta bazarında qazanc vədlərindən istifadə edərək zərərçəkənlərin etibarını qazanıb və onların pullarını ələ keçirib. İbtidai istintaq dövründə bütün zərərçəkənlər Nizami Alışanla üzləşdirilib. Onlar ifadələrində ona etibar etdiklərini deyiblər. Cinayət işində zərərçəkən qismində tanınan şəxslərdən biri "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Digər zərərçəkən Zeynal Usubov isə vaxtilə prokurorluq orqanlarında çalışıb və Nərimanov rayon prokurorunun müavini vəzifəsini tutub. O, 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması ilə bağlı məlumatlar yayılsa da, o, həmin xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlamışdı. Nizami Alışan AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğludur. Onun atası Akif Alışanov uzun illər hüquq-mühafizə və təhlükəsizlik sistemində çalışıb. O, polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi vəzifəsində xidmət edib, sonradan isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi olub.
Nizami Alışanın ailə əlaqələri bununla da məhdudlaşmır. O, 2014-cü ildə hazırda ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun qızı Günellə ailə həyatı qurub. Beləliklə, Elariz Məmmədoğlu onun qayınatasıdır.
Bakı Apellyasiya Məhkəməsinin son qərarı ilə Nizami Alışan barəsində çıxarılmış 10 illik azadlıqdan məhrumetmə hökmü qüvvədə saxlanılıb.
Musavat.com