Sosial şəbəkədə biz:
Taxıl biçini başlayıb: Yenə də kombayn tapılmır
Xəbər Şəkli

Taxıl biçini başlayıb: Yenə də kombayn tapılmır

14 July 2026, 16:52
İqtisadiyyat

Azərbaycanda biçin fəsli başlasa da, fermerlər kombayn çatışmazlığdan əziyyət çəkirlər. Məhsuldarlıq yüksək olsa da, demək olar ölkənin bütün rayonlarında fermerlər yetişən buğda və arpanı biçə bilmir. Nəticədə məhsul sahədə məhv olur.

Yardımlı fermerləri hətta şikayət edirlər ki, rayon rəhbərliyi də problem qarşısında passivlik nümayiş etdirir.

Rəsmi məlumatlara görə, Azərbaycanda 2026-cı il biçin mövsümündə 1 607 taxılyığan kombayn fəaliyyət göstərir. Bunlardan 556-sı "Aqroservis" ASC-nin, 1 051-i isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətindədir.

Ekspertlərin qiymətləndirmələrinə görə, ölkədə taxıl sahələrinin həcmi və biçinin optimal 10–15 gün ərzində başa çatdırılması üçün mövcud 1 607 kombaynın kifayət etmir. Xüsusilə pik biçin dövründə təxminən 2000–2200 kombayna ehtiyac var.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, biçin mövsümü başlayanda kombayn çatışmazlığı ilə bağlı narazılıqların səslənməsi artıq hər il təkrarlanan bir problemə çevrilib.

Ekspertə görə mövcud vəziyyətin yaranmasının əsas səbəblərindən biri ölkədəki mövcud kombayn parkının əkin sahələrinin həcminə tam uyğun olmamasıdır:

“Biçin qısa müddətdə başa çatdırılmalı olduğundan eyni vaxtda çox sayda təsərrüfatın texnikaya ehtiyacı yaranır və mövcud kombaynlar bütün tələbatı ödəyə bilmir”.

Digər mühüm amil isə mərkəz sədrinin sözlərinə görə, kombaynların bölgələr arasında düzgün planlaşdırılmaması və logistikanın zəif təşkilidir:

“Bəzi rayonlarda texnika uzun növbələr yaradır, digər ərazilərdə isə daha az istifadə olunur. Hava şəraiti də bu sıxlığı artırır. Yağış və ya digər gecikmələr nəticəsində fermerlər eyni vaxtda biçinə başlamağa məcbur qalırlar”.

A.Nəsirli hesab edir ki, problemin yaranmasında texnikanın yenilənməsinin ləng getməsi, ehtiyat hissələrinin çatışmazlığı və bəzi kombaynların mövsümə tam hazır olmaması da rol oynayır:

“Bundan başqa, xidmət göstərən müəssisələrin imkanlarının məhdud olması və özəl sektorda kombayn sayının kifayət qədər artmaması vəziyyəti daha da çətinləşdirir”.

Müsahibimiz hesab edir ki, problemin həlli üçün kombayn parkı mərhələli şəkildə genişləndirilməli, texnikanın rayonlar üzrə bölgüsü daha səmərəli təşkil olunmalı, özəl sahibkarların bu sahəyə investisiya qoymasına əlavə stimul verilməli və biçin mövsümü üçün əvvəlcədən koordinasiya gücləndirilməlidir:

“Bu addımlar atılmadıqca, hər il biçin vaxtı kombayn çatışmazlığı ilə bağlı eyni narazılıqların təkrarlanması qaçılmazdır”.