Sosial şəbəkədə biz:
Qarşılıqlı ticarət dövriyyəsində Azərbaycan 544 milyon dollarlıq müsbət saldoya malikdir - DEPUTAT
Xəbər Şəkli

Qarşılıqlı ticarət dövriyyəsində Azərbaycan 544 milyon dollarlıq müsbət saldoya malikdir - DEPUTAT

06 April 2026, 18:32
İqtisadiyyat

Prezident İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib. Azərbaycan Prezidentinin Gürcüstanın dövlət başçısı və baş naziri ilə görüşləri olub.

Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlər iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan yaradıb. 2025-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 9 faiz artaraq 881.4 milyon dollara çatıb. Ümumi ticarət dövriyyəsinin 712.7 milyon dollar Azərbaycandan Gücüstana ixrac, 168.7 milyon dollar isə idxalımızdır. Bu o deməkdir ki, qarşılıqlı ticarət dövriyyəsində Azərbaycan 544 milyon dollarlıq müsbət saldoya malikdir.

Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstdən əhəmiyyətini yüksəldir. Tərəflərin qarşılıqlı əməkdaşlığı, eyni zamanda, “yaşıl enerji” sahəsində daha da dərinləşməkdədir. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması bu imkanları daha da genişləndirib. Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır. 2027-ci ildən sonra istehsal olunacaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac ediləcək. 

Bütövlükdə, hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu Qafqazda dayanıqlı sülhün qorunması baxımdan da vacib şərtlərdəndir.

Vüqar Bayramov, millət vəkili