Sosial şəbəkədə biz:
Elə üzüaşağı istiqamətdə hərəkətimizi davam etdirəcəyik...
Xəbər Şəkli

Elə üzüaşağı istiqamətdə hərəkətimizi davam etdirəcəyik...

15 June 2026, 09:53
İqtisadiyyat

Özümdə hövsələ tapıb iqtisadiyyat nazirinin bir saatdan çox davam edən darıxdırıcı müsahibəsinə baxdım. İlk növbədə mimikası diqqətimi cəlb etdi. Sanki işgəncə altında əziyyət çəkə-çəkə danışırdı. Bir neçə dəfə gülümsədi, amma orada da sevinc yox, ironiyaya bənzər bir şey var idi. Məsələn, 33-cü dəqiqədə gülümsəyərək deyir ki, neft-qaz sahəsi bizim üçün önəmli deyil, oradan gəlirlər olsa, onlara bonus kimi baxmalıyıq. 35-ci dəqiqədə isə gülərək deyir ki, SOCAR-ın xarici sərmayələri xeyriyyəçilik deyil. Bir sözlə, Mikayıl Cabbarov müsahibə əsnasında iqtisadiyyatımızın durumu və gələcəyi haqda optimist ritorika yürütsə də, mimikası əksindən xəbər verir.

Ümumən yeni bir şey demədi: makroiqtisadi göstəricilərimiz yaxşıdır, valyuta ehtiyatlarımız çoxdur və s. və i.a. Konkretikaya gələndə isə yayınırdı. Məsələn, vurğuladı ki, bütün sahələr prioritet ola bilməz, amma prioritet sahələri sadalayanda elə az qala hamısının adını çəkdi: neft-qaz, qeyri-neft sənayesi, dağ-mədən sektoru, kimya, kənd təsərrüfatı, turizm, rəqəmsallaşma və s. Daha nə qaldı ki! İxrac coğrafiyasının genişləndirilməsinin vacib olduğunu dedi, amma nəyin hesabına bunun reallaşacağını bildirmədi.

Mikayıl müəllim hesab edir ki, "Əsrin müqaviləsi" qanunvericilik və investisiya mühitimizin müsbət tarixi olduğunu göstərir. Yəni faktiki olaraq özü etiraf etdi ki, hökumət üçün adekvat hüquqi və investisiya mühiti elə neft-qaz sahəsi ilə məhdudlaşır (özü də yalnız xarici neft şirkətləri üçün). Yəni iqtisadiyyat dedikdə əvvəlki kimi yenə də neft və qazı ehtiva edirlər.

Bununla belə nazir bildirdi ki, özəl investisiyaların dinamikası artır (ölkədə özəl sektorun əsasən iri və hökumətə yaxın holdinlərdən ibarət olduğunu bilirik təbii). Hətta sahibkarlığın da vəziyyətini müsbət qiymətləndirdi, çünki onlardan toplanan vergilərin həcmi artır (əlbəttə, demədi ki, bu artım tabeliyində olan vergi xidmətinin sahibkarlara qan uddurması nəticəsində baş verib). Sahibkarların üzləşdiyi çətinliklər barədə suala cavabdan isə yayındı.

Hamımızı düşündürən əsas məsələyə - iqtisadi artımın olmamasına - Cabbarov səthi cavab versə də, HƏQİQƏTİ gizlədə bilmədi. Dedi ki, dövlətin investisiya (tikinti) layihələri təxirə salındığı (ləngidiyi) üçün artım yoxdur. Bir sözlə, etiraf etdi ki, ölkədə əsas elə bir investor var - dövlət. Özəl sektor deyilən bir şey varsa da, payı azala-azala gedir.

Buna görə də hamımız başa düşürük ki, iqtisadi artımı təmin etməyin bir yolu var - həmişəki kimi dövlət xərclərini artırmaq. Amma əvvəlki illərdən fərqli olaraq dövlətin o qədər pulu yoxdur. Real özəl investisiyalar üçün isə hökumət şərait yaratmayıb. Bazar iqtisadiyyatının 3 sütunu var: 1) mülkiyyətin toxunulmazlığı, 2) öhdəliklərin icrası, 3) sağlam rəqabət. Bunları da müstəqil və savadlı məhkəmə sistemi qorumalıdır. O da bizdə yoxdur. İxtisasca hüquqşünas olan Mikayıl müəllim bunları bilməmiş deyil. Bilə-bilə bu məsələyə toxunmursa, deməli, dəyişiklik olası deyil. Elə üzüaşağı istiqamətdə hərəkətimizi davam etdirəcəyik...

Əkrəm Həsənov, hüquqşünas