Bu il dünyanın 69 böyük şəhərini əhatə edən müqayisəyə əsasən, gəlir vergisindən sonra ən yüksək orta əməkhaqqı İsveçrənin Sürix şəhərində qeydə alınıb.
Məlumatlar “Deutsche Bank” tərəfindən dərc olunan “Mapping the World’s Prices 2026” hesabatında yer alıb.
Məlumatda bildirilir ki, Sürix şəhərində vergilər ödənildikdən sonra orta aylıq əməkhaqqı 8 363 dollar təşkil edir.
İkinci yerdə ABŞ-nin San-Fransisko şəhəri qərarlaşıb. Burada orta xalis aylıq əməkhaqqı 7 601 dollardır. Üçüncü yeri isə 7 444 dollarla İsveçrənin Cenevrə şəhəri tutur.
Avropa şəhərləri arasında da ciddi fərqlər müşahidə olunur. Sürixdə orta xalis aylıq əməkhaqqı Londondakı 4 289 dollarlıq göstəricidən təxminən iki dəfə yüksəkdir.
Paris şəhərində orta əməkhaqqı 3 622 dollar, Madriddə 2 509 dollar, Barselonada 2 394 dollar, Milanda 2 216 dollar, Romada isə 1 993 dollar təşkil edir.
Lissabonda bu göstərici 1 608 dollardır. Beləliklə, Sürixlə Lissabon arasında orta xalis aylıq əməkhaqqı fərqi 6 755 dollara çatır.
Dünyanın aparıcı iqtisadi mərkəzlərindən biri olan Tokio reytinqdə 39-cu yerdədir. Yaponiyanın paytaxtında orta xalis aylıq əməkhaqqı 2 394 dollar göstərilir.
Tokio bu göstəriciyə görə Dubay, Toronto, Berlin, Seul və Oklend kimi şəhərlərdən geridə qalır. Sürixdəki orta əməkhaqqı isə Tokiodakı göstəricidən üç dəfədən çoxdur.
Asiya şəhərlərində də gəlirlər arasında geniş fərq var. Sinqapurda orta xalis aylıq əməkhaqqı 3 975 dollar, Seulda 3 015 dollar, Şanxayda 1 708 dollar, Pekində isə 1 561 dollardır.
Digər tərəfdən, Banqalor, Mumbay, Dehli, Banqkok, Manila və Cakartada orta xalis aylıq əməkhaqqı 1 000 dollardan aşağıdır. Sinqapurla Cakarta arasında bu göstərici üzrə fərq doqquz dəfədən çoxdur.
Bununla belə, yüksək maaş avtomatik olaraq daha yüksək yaşayış səviyyəsi demək deyil. Müqayisə yalnız vergilərdən sonra işçinin əldə etdiyi orta aylıq gəliri göstərir. Şəhərlərdə yaşayış, kirayə və digər xərclərin səviyyəsi nəzərə alındıqda, real alıcılıq qabiliyyəti fərqli ola bilər.
Dünyanın 69 şəhəri üzrə orta xalis aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Sürix (İsveçrə) – 8 363 dollar
San-Fransisko (ABŞ) – 7 601 dollar
Cenevrə (İsveçrə) – 7 444 dollar
Boston (ABŞ) – 6 258 dollar
Nyu-York (ABŞ) – 5 534 dollar
Lüksemburq (Lüksemburq) – 5 196 dollar
Çikaqo (ABŞ) – 4 984 dollar
Kopenhagen (Danimarka) – 4 703 dollar
Amsterdam (Hollandiya) – 4 554 dollar
Los Anceles (ABŞ) – 4 480 dollar
Melburn (Avstraliya) – 4 409 dollar
Tel Aviv-Yafo (İsrail) – 4 399 dollar
London (Böyük Britaniya) – 4 289 dollar
Sidney (Avstraliya) – 4 181 dollar
Oslo (Norveç) – 4 177 dollar
Münhen (Almaniya) – 4 169 dollar
Frankfurt (Almaniya) – 4 124 dollar
Birmingem (Böyük Britaniya) – 4 105 dollar
Sinqapur (Sinqapur) – 3 975 dollar
Dublin (İrlandiya) – 3 947 dollar
Stokholm (İsveç) – 3 654 dollar
Paris (Fransa) – 3 622 dollar
Edinburq (Böyük Britaniya) – 3 497 dollar
Dubay (BƏƏ) – 3 402 dollar
Vyana (Avstriya) – 3 380 dollar
Toronto (Kanada) – 3 373 dollar
Berlin (Almaniya) – 3 366 dollar
Əbu-Dabi (BƏƏ) – 3 334 dollar
Vankuver (Kanada) – 3 327 dollar
Honkonq (Honq Konq) – 3 199 dollar
Brüssel (Belçika) – 3 194 dollar
Doha (Qatar) – 3 190 dollar
Helsinki (Finlandiya) – 3 127 dollar
Oklend (Yeni Zelandiya) – 3 102 dollar
Seul (Cənubi Koreya) – 3 015 dollar
Monreal (Kanada) – 2 915 dollar
Vellinqton (Yeni Zelandiya) – 2 786 dollar
Madrid (İspaniya) – 2 509 dollar
Tokio (Yaponiya) – 2 394 dollar
Barselona (İspaniya) – 2 394 dollar
Praqa (Çexiya) – 2 348 dollar
Varşava (Polşa) – 2 221 dollar
Milan (İtaliya) – 2 216 dollar
Ər-Riyad (Səudiyyə Ərəbistanı) – 2 041 dollar
Roma (İtaliya) – 1 993 dollar
Moskva (Rusiya) – 1 794 dollar
Budapeşt (Macarıstan) – 1 770 dollar
Yohannesburq (Cənubi Afrika) – 1 740 dollar
Taipei (Tayvan) – 1 740 dollar
Şanxay (Çin) – 1 708 dollar
Keyptaun (Cənubi Afrika) – 1 662 dollar
Lissabon (Portuqaliya) – 1 608 dollar
Kuala Lumpur (Malayziya) – 1 577 dollar
Pekin (Çin) – 1 561 dollar
Afina (Yunanıstan) – 1 321 dollar
İstanbul (Türkiyə) – 1 173 dollar
Mexiko şəhəri (Meksika) – 1 059 dollar
San Paulo (Braziliya) – 853 dollar
Buenos Ayres (Argentina) – 842 dollar
Banqalor (Hindistan) – 804 dollar
Santyaqo (Çili) – 798 dollar
Mumbay (Hindistan) – 777 dollar
Boqota (Kolumbiya) – 718 dollar
Banqkok (Tayland) – 623 dollar
Rio-de-Janeyro (Braziliya) – 594 dollar
Dehli (Hindistan) – 538 dollar
Manila (Filippinlər) – 471 dollar
Cakarta (İndoneziya) – 426 dollar
Qahirə (Misir) – 220 dollar
Müqayisə üçün bildirək ki, açıqlanan son məlumata görə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı vergilər daxil olmaqla 1 174,4 manat (691 dollar) olub.
Yeniavaz