Sosial şəbəkədə biz:
Büdcənin neft gəlirlərində 24 faiz azalma var
Xəbər Şəkli

Büdcənin neft gəlirlərində 24 faiz azalma var

08 May 2026, 08:42
İqtisadiyyat

Cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat, xərcləri isə 10 milyard 531 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin məlumatına əsasən, büdcə profisiti 3 milyard manat olsa da, əslində bu artıqlığın yaranmasına təkan verən amillərdən biri xərclərin tam icra olunmamasıdır. İlin ilk 4 ayının nəticələrinə görə, proqnozlaşdırılan xərclərin 96,3 faizi icra edilib.

Ümumilikdə, 2026-cı ilin ilk 4 ayı ərzində dövlət büdcəsinin gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz və ya 400,9 milyon manat azalıb.

Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərində vergi daxilolmalarının payının 6,8 milyard manat təşkil etdiyini göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faizlik azalma qeydə alınıb. Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin rəsmi açıqlamasında isə daxil olan vergilərin həcmi 6 milyard manatdan çox olaraq qeyd edilir.

Məlumata görə, yanvar-aprel aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 5 milyard 360,3 milyon manatdan çox olub. Əgər Maliyyə Nazirliyinin məlumatını əsas götürsək, neft sektorundan daxilolmalar təxminən 1,5 milyard manat təşkil edib, Dövlət Vergi Xidmətinin məlumatına əsasən isə bu rəqəm 800 milyon manata yaxın olub.

Statistik fərqlərə baxmayaraq, ümumi təhlil göstərir ki, cari ilin yanvar-aprel aylarında neft-qaz sektorundan vergi daxilolmaları kəskin azalıb. Belə ki, 2025-ci ilin ilk 4 ayında neft-qaz sektorundan daxilolmalar 1 milyard 975,5 milyon manat olduğu halda, cari ilin müvafiq dövründə bu göstərici 1 milyard 502,2 milyon manata düşüb. Mart-aprel aylarında dünya bazarında neft və qaz qiymətlərinin ən yüksək həddə olmasına baxmayaraq, bu sektordan vergi ödəmələrinin təxminən 24 faiz azalması müşahidə olunur.

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilolmalar isə 2 milyard 32,7 milyon manat təşkil edib. Maliyyə Nazirliyi bunun proqnozdan 6,7 milyon manat və ya 0,3 faiz çox olduğunu qeyd edir. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük daxilolmalarında cüzi azalma baş verib.

Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat, digər daxilolmalar isə 141,2 milyon manat olub.

Dövlət Neft Fondundan büdcəyə transfertin həcmi 4 milyard 280 milyon manat olub. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə proqnozda kəsir yaranıb. Belə ki, təsərrüfat hesablı dövlət qurumlarından daxil olan gəlir 229,1 milyon manat təşkil edib ki, bu da gözlənilən proqnozun cəmi 74,7 faizinin icra olunduğunu göstərir.

2026-cı ilin yanvar-aprel ayları ərzində icmal büdcənin gəlirləri 16 milyard manat, xərcləri isə 12,04 milyard manat məbləğində icra edilib.

meydan.tv