Sosial şəbəkədə biz:
Bu ilin ilk rübündə idxal edilən bir avtobusun orta qiyməti 182 min dollar olub
Xəbər Şəkli

Bu ilin ilk rübündə idxal edilən bir avtobusun orta qiyməti 182 min dollar olub

17 April 2026, 16:03
İqtisadiyyat

2026-cı ilin ilk rübündə nəqliyyat vasitələrinin idxalı həm miqdar, həm də dəyər baxımından kəskin azalıb. Ən böyük geriləmə minik və elektrikli avtomobillər qrupunda müşahidə olunur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan nəqliyyat vasitələrinin sayında 33 faizlik azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında ölkəyə 22 936 ədəd nəqliyyat vasitəsi gətirildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 15 351 ədədə qədər geriləyib.

Ümumi idxal məbləği isə 15 faiz azalaraq 339,6 milyon dollar təşkil edib.

Bu ilin yanvarın 1-dən etibarən elektromobil və hibrid avtomobillərə tətbiq edilən vergi güzəştlərinin ləğv olunması ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayına ciddi təsir göstərib.

Bu baxımdan, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan minik avtomobillərinin sayı 36,2 faiz azalaraq 20 946 ədəddən 13 359 ədədə düşüb. Bu azalma maliyyə xərclərində də özünü göstərir. Belə ki, bu kateqoriya üzrə xərclənən vəsaitin həcmi 29,5 faiz azalaraq 252 milyon dollar təşkil edib.

Elektrik mühərrikli avtomobillərin (BEV) idxalı isə ilin birinci rübündə 30,1 faiz azalıb. Belə ki, 2025-ci ilin ilk rübündə 428 ədəd elektromobil idxal edildiyi halda, 2026-cı ildə bu rəqəm 299 ədədə enib. Elektromobillərin ümumi idxal dəyərində isə təxminən iki dəfə azalma baş verib. Cari ildə bu avtomobillərə xərclənən vəsait 7,9 milyon dollar təşkil edib.

Yanvar-mart aylarında ölkəyə idxal olunan hibrid avtomobillərin sayı və dəyəri də kəskin azalıb. Belə ki, 2025-ci ilin ilk üç ayında 10 120 ədəd hibrid nəqliyyat vasitəsi idxal olunubsa, 2026-cı ilin eyni dövründə bu rəqəm 6 514 ədədə enib. Bu isə 35,6 faiz azalma deməkdir.

İdxal olunan hibrid avtomobillərin ümumi dəyəri 140 milyon dollar təşkil edib.

Yeganə ciddi artım avtobus idxalında qeydə alınıb. Belə ki, cari ilin ilk rübündə ictimai nəqliyyat vasitələrinin idxalında sıçrayış baş verib. 2026-cı ilin ilk 3 ayında idxal olunan avtobusların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 112 ədəddən 280 ədədə yüksəlib. Avtobusların dəyəri isə 5 dəfə artaraq 51 milyon dollara çatıb.

Maraqlıdır ki, ötən ilin ilk rübündə alınan bir avtobusun orta qiyməti 84,8 min dollar təşkil edibsə, cari ildə bu göstərici 182 min dollara qədər yüksəlib.