Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib. Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilən yeni dövrün yeni hədəflərində qeyri neft-qaz sektoruna xarici sərmayənin cəlb edilməsi əsas istiqamətlərdəndir.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə xarici sərmayə qoyluşları da daxil olmaqla bütün mənbələr üzrə Azərbaycan iqtisadiyyatına 34.2 milyard manat investisiya yönəldilib. Bu o deməkdir ki, ötən il sərmayə qoyluşları 3.3 faiz artıb. İnvestisiya qoyluşlarındakı artım xarici sərmayələr hesabına mümkün olub.
Ötən il Azərbaycan iqtisadiyyatına yönəldilən xarici sərmayənin həcmi 17 faiz artıb. Bu 16.7 milyard manatlıq xarici investisiya deməkdir. 2024-cü ildə bu göstərici 14.3 milyard manat idi. Xarici valyuta ifadəsində Azərbaycan iqtisadiyyatına ötən il 9.8 milyard dollarlıq xarici sərmayə cəlb edilib.
Azərnbaycan ən çox investisiyanı Böyük Britaniyadan cəlb edir. Növbəti yerlərdə isə Türkiyə, Cənubi Kipr, Birləşmiş Ərəb Əmirlikləri və İran qərarlaşıb. Eyni zamanda, ötən il isə Azərbaycandan xaricə 2 milyard 528 milyon dollarlıq birbaşa investisiya yatırılıb.
Xarici sərmayələrin cəlb edilməsində beynəlxalq forumlar və xüsusən də iş adamlarının, rəsmilərin də iştirak etdiyi tədbirlər böyük əhəmiyyətə malikdir. Azərbaycan Beynəlxalq İnvestisiya Forum çərçivəsində imzalanan anlaşmalar və eləcə də əldə edilən razılıqlar qeyri neft-qaz sektoruna daha çox xarici sərmayənin cəlb edilməsini stimullaşdıracaq.
Vüqar Bayramov, millət vəkili