Azərbaycan və Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər - DEPUTAT
Prezident İlham Əliyev 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub. Dövlət başçısı indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırıldığını və 12 min ton neft məhsullarının ixrac olunduğunu bildirib. Bu ticarət münasibətlərinin başlanması deməkdir.
Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və eləcə də kommunikasiyaların yenidən bərpası məhz regionda sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq. İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan ilə Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bura enerji və eləcə qeyri neft-qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər var.
Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra Azərbaycan və Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu konteksdən təbii ki, beynəlxalq yük daşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır.
Vüqar Bayramov, millət vəkili