Azərbaycan nefti bahalaşsa da, neft və qaz gəlirləri kəskin azalıb
Cari ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi neftin həcmi bir milyon tona yaxın azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin ilk rübündə 5 milyon 77,8 min ton xam neft ixrac olunub. Əgər ötən ilin eyni dövrü ilə müqayisə etsək, Azərbaycanın xaricə satdığı neftin həcmi 15,5 faiz və ya 933,7 min ton azalıb.
Bu səbəbdən “qara qızıl”dan əldə olunan gəlirlərdə də ciddi azalma müşahidə olunub. Məlumata əsasən, Azərbaycanın ilk rübdə neftdən əldə etdiyi gəlir 2,5 milyard dollar təşkil edib. Bunu ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, neft satışından gələn gəlir təxminən 836 milyon dollar və ya 25 faiz azalıb.
Baxmayaraq ki, mart ayında qlobal bazarlarda neftin kəskin bahalaşması müşahidə edilib, hələ ki bu qiymət artımı birinci rübün neft gəlirlərinin ciddi şəkildə artmasına təsir etməyib.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2026-cı ilin martında “Brent” markalı neftin orta satış qiyməti barel üçün 103 dollar təşkil edib. Azərbaycanın yerli mediasında gedən məlumatlar isə göstərir ki, cari ilin birinci rübdə “Azeri Light” markalı neftin orta ixrac qiyməti 85 dollardan yüksək olub. Hətta rübdə pik qiymət 128,28 dollar, ən aşağı hədd isə 64 dollar səviyyəsində qeydə alınıb.
Lakin rəsmi gömrük bəyannamələrindəki göstəricilər fərqli mənzərə yaradır. Daşınma, sığorta və digər logistik xərclər çıxıldıqdan sonra (FOB qiyməti) Azərbaycanın gömrük statistikasında neftin ilk rüb üzrə orta ixrac qiyməti 67-68 dollar/barel kimi rəsmiləşib. Mart ayı üzrə aparılan statistik təhlillər isə göstərir ki, bu ayda xalis ixrac qiyməti əvvəlki ayları üstələyərək təxminən 74 dollar səviyyəsinə çatıb.
Azərbaycanın təbii qaz gəlirlərinə gəldikdə isə, yanvar-mart aylarında 6,2 milyard kubmetr qaz ixrac edilib. Gömrük Komitəsinin rüblük statistikasına əsasən, qaz ixracının həcmi 6,1 faiz artsa da, dəyər ifadəsində azalma qeydə alınıb. Belə ki, ilk rübdə qaz satışından əldə olunan gəlir 1,9 milyard dollar təşkil edib. Ötən ilin yanvar-mart aylarında isə qaz ixracından gəlir 2,2 milyard dollar olub. Bu da müvafiq dövrlər üzrə 14,6 faiz azalma deməkdir.