Üç ayda xarici borcun faizlərinə 70 milyon dollar ödənilib
Bu ilin ilk üç ayında Azərbaycanın xarici dövlət borcu üzrə 71.9 milyon ABŞ dolları faiz ödənilib. Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Hesabata əsasən, 2026-cı ilin birinci rübünün yekununda ölkənin ümumi dövlət borcu 24 milyard 464 milyon manat təşkil edib. Bu məbləğin 4 milyard 689,3 milyon dolları (32.6 faiz) xarici, 16 milyard 493 milyon manatı (67.4 faiz) isə daxili dövlət borcunun payına düşüb.
Rüblük hesabatların təhlili göstərir ki, ölkənin dövlət borcu ilin əvvəli ilə müqayisədə azalıb. İlin əvvəlində bu məbləğ 25 milyard 987 milyon manat açıqlanmışdı.
Keçən il xarici borc üzrə faiz ödənişlərinə 225 milyon dollar vəsait sərf olunub.
Xatırlatma
Hesabat dövründə Azərbaycanın dövlət borcu azalsa da, rəsmi hesabatlarda onun qarşıdakı illərdə artacağı proqnozlaşdırılır. Halbuki bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, dövlət borcunu azaltmağı əsas məqsədlərdən biri kimi vurğulayırdılar.
Ekspertlər bunu, əsasən, son illər Azərbaycanın əsas ixrac məhsulları olan neft və qazın ucuzlaşması ilə izah edirdilər. Hərçənd son aylarda ABŞ, İsrail-İran münaqişəsi dünya neftinin və maye qazının 20 faizinin nəql edildiyi Hörmüz boğazının bağlanmasına, nəticədə "qara qızıl"ın 70 faiz bahalaşmasına səbəb olub.