Sosial şəbəkədə biz:
Subasmaların fəsadları artıb, lakin əmlak sığortası kəskin geriləyib
Xəbər Şəkli

Subasmaların fəsadları artıb, lakin əmlak sığortası kəskin geriləyib

03 April 2026, 08:24
Gündəm

Mart ayının sonlarında yağan intensiv yağışlardan sonra daşınmaz əmlakın sığortalanması məsələsi yenidən gündəmə gəlib. Çünki hər dəfə güclü yağıntılar nəticəsində yüzlərlə ev yağış və kanalizasiya sularının altında qalır, vətəndaşlara ciddi ziyan dəyir. Son yağıntılar zamanı paytaxtın Sabunçu, Xəzər, Binəqədi rayonlarında, həmçinin Abşeron və Xırdalanda yüzlərlə ev və obyekt zərər görüb, magistral yollar çöküb. Hətta bu dəfəki subasmaların fəsadlarını sel və daşqın kimi təbii fəlaklətlərin yaratdığı zərərlə müqayisə etmək olar.

Təbii fəlakət kimi qiymətləndirildiyi halda, kompensasiya ödənilə bilər

Hələ ki, hökumət ölkə üzrə yağıntıların yaratdığı fəsadlar, dəymiş zərərin miqdarı ilə bağlı rəqəm açıqlamır.

Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə isə, 1 aprel tarixinə qədər cəmi 253 daşınmaz əmlak sahibi güclü yağıntılar nəticəsində dəymiş zərərə görə sığorta ödənişi almaq üçün müraciət edib. Onlardan 190-ı “daşınmaz əmlakın icbari sığortası”, 63-ü isə “əmlakın yanğından və digər risklərdən sığortası” üzrə qeydə alınmış sığorta hadisələri ilə bağlıdır.

Sığorta şirkətləri tərəfindən ümumi ödənişlərin həcmi 3 milyon manata yaxın göstərilsə də, bunu çox az bir hissəsi daşınmaz əmlakın payına düşür.

Müraciət edənlərin sayından da görünür ki, zərərin miqyası böyük olsa da, qeydə alınan sığorta hadisələrinin sayı cüzidir. İqtisadçıların hesablamalarına görə, ölkədə daşınmaz əmlakın cəmi 15-20 faizi sığortalanıb və bunun da böyük hissəsini sahibkarlıq obyektləri təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 90 faizə qədər çatır. Bu halda fərdi yaşayış evlərinə və sahibkarlıq obyektlərinə dəyən zərər necə ödənilməlidir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Facebook” hesabında yazır ki, subasma halları daha çox sənədsiz, çıxarışsız tikilmiş evlərin yerləşdiyi ərazilərdə qeydə alınıb:

“Mövcud qanunvericiliyə əsasən, belə hallar rəsmi şəkildə təbii fəlakət kimi qiymətləndirildiyi təqdirdə, zərərçəkmiş vətəndaşlara dövlət tərəfindən müəyyən həcmdə maliyyə dəstəyi göstərilə bilər. Lakin hadisə bu statusu almazsa, dəymiş ziyanın qarşılanması vətəndaşların öz üzərinə düşür. Problemin ən həssas tərəfi isə ondan ibarətdir ki, zərər görən evlərin əksəriyyəti çıxarışsız olduğundan rəsmi qaydada sığortalana bilmir. Bu isə o deməkdir ki, vətəndaşlar nə sığorta ödənişindən yararlana bilir, nə də bəzi hallarda dövlət kompensasiyasına tam çıxış əldə edə bilirlər”.

Bəs sənədli evlərin sığortalanması ilə bağlı vəziyyət necədir?

Əmlakın sığortasına maraq kəskin azalıb

Rəsmi rəqəmlərə görə, ölkədə 3 milyondan çox ev təsərrüfatı və 300 minə yaxın qeyri-yaşayış obyekti mövcuddur. Lakin bu daşınmaz əmlaklardan toplanan sığorta haqları olduqca azdır. Müqayisə üçün Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin yanvar-fevral aylarına dair məlumatına əsasən, daşınmaz əmlak sığortası üzrə cəmi 23,3 milyon manat yığım olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azdır.

Sığorta şirkətlərinin ümumi ödənişləri isə 844 min manat təşkil edib və bu göstərici 1,7 faiz artıb. Bu isə o deməkdir ki, yığımların azalmasına baxmayaraq, şirkətlərin maliyyə yükü artıb.

Qeyd edək ki, ölkədə daşınmaz əmlak sığortasının iki növü mövcuddur: icbari və “əmlakın yanğından və digər risklərdən” könüllü sığortası. Təhlillər göstərir ki, 2025-ci ildə yığımların 61 faizi icbari sığortanın payına düşdüyü halda, 2026-cı ildə bu göstərici cəmi 21 faizə enib.

Mərkəzi Bankın məlumatlarının təhlili göstərir ki, daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb. 2026-cı ilin yanvar-fevral aylarında bu sahə üzrə cəmi 5 milyon manat yığım qeydə alınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə azdır. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 19,5 milyon manat, 2024-cü ildə isə 10,3 milyon manat olub.

İcbari sığorta üzrə ödənişlərə gəldikdə, 2026-cı ilin ilk iki ayında 435 min manat ödəniş edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalma deməkdir.

Ekspertlər bildirirlər ki, 2025-ci ildə icbari sığorta ilə bağlı qaydaların sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi bu sahədə müəyyən irəliləyişə nail olunmuşdu. Belə ki, icbari sığorta ilə bağlı qanunvericiliyin tətbiqindən sonra vətəndaşlara sığortasız əmlakla bağlı bildirişlər göndərildi və cərimələr barədə xəbərdarlıqlar edildi. Bu tədbirlər vətəndaşları sığorta müqavilələri bağlamağa təşviq etdi.

Eyni zamanda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi, alqı-satqı və bank girovu əməliyyatları zamanı icbari sığorta tələbləri sərtləşdirildi. Sığorta sənədi olmadan notariat əməliyyatlarının aparılması və çıxarış alınması çətinləşdirildi ki, bu da rəsmi yığımların artmasına səbəb oldu.

Lakin görünən odur ki, 2026-cı ildə bu proseslər səngiyib və əhalinin icbari sığortaya marağı xeyli azalıb. Nəticədə, sığorta şirkətləri üçün bu sahədə “zərərlilik yükü” əvvəlki illərlə müqayisədə təxminən 3-4 dəfə artıb.

Könüllü sığortaya gəldikdə isə, 2026-cı ilin yanvar-fevral aylarında “əmlakın yanğından və digər risklərdən sığortası” üzrə yığımlar 18,3 milyon manat təşkil edib. Bu, icbari sığorta yığımlarını 3,6 dəfə üstələyir. Eyni zamanda, icbari sığortaya inamın azaldığı bir dövrdə könüllü sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon manat və ya 48 faiz artıb.

Ekspertlər qeyd edirlər ki, ticarət mərkəzlərində yanğın riskinin artması fonunda Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumlar kommersiya obyeklərinin sahiblərindən sığortalanmanı tələb etməyə başlayıb. Bu istiqamətdə aparılan təbliğatın 2025-ci ildə artması yığımlara da müsbət təsirini göstərib.

Könüllü sığorta üzrə ödənişlərə gəlincə, 2026-cı ilin yanvar-fevral aylarında 409 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.meydan.tv