Azərbaycanın dövlət zəmanətli 11 407.1 milyon manat borcu var. Bura həm daxili, həm xarici birclar daxildir və ümumi daxili mıhsulun 9.4 faizinə bərabərdir. Maliyyə Nazirliyinin bu haqda yaydığı məlumatda (“2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten” dərc olunub ) belə deyilir.
Bildirilir ki, dövlət zəmanəti verilmiş borcun 9 599,2 milyon manatı (5 646,6 milyon ABŞ dolları) və yaxud 84,2%-i xarici kreditlərin, 1 807,9 milyon manatı və yaxud 15,8%-i isə daxili kreditlərin payına düşüb. Xarici dövlət zəmanətli borcun 4 329,7 milyon dollarını və yaxud 76,7%-ni (7 360,5 milyon manat) “Cənub Qaz Dəhlizi” səhmdar cəmiyyətinin öhdəlikləri üzrə verilmiş dövlət zəmanətidir.
Hesabatda qeyd edilir ki, dövlət zəmanətli borc portfelinin 51,6%-ni sabit, 48,4%-ni dəyişkən faiz dərəcəli borc təşkil edib. Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi isə belədir: ABŞ dolları– 62,6%, avro – 19,4%, manat – 12,4%, yapon yeni – 3,6%, digər valyutalar – 2%. Dövlət zəmanətli borcun 63,4%-i 5 ilə qədər olan müddətdə, 24,3%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 12,3%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Dövlət zəmanətli kreditlərin 29,8%-i müxtəlif investorların, 5,4%-i Dünya Bankının, 9,4%-i Asiya İnkişaf Bankının, 1,2%-i İslam İnkişaf Bankının, 5,7%-i
Avropa Yenidənqurma və İnkişaf Bankının, 3,6%-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 8%-i Asiya İnfrastruktur İnvestisiya Bankının, 15,9%-i daxili kreditorların, 21%-i isə digər kreditorların payına düşüb.