Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.
Bu barədə onun ailəsinin açıqlamasında bildirilir.
“Vardanyan özünün və digər erməni məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edərək aclıq aksiyasına başlayıb”, - məlumatda deyilir.
Onun yaxınlarının dediyinə görə, o, aprelin 5-də aclıq aksiyasına başlayıb:
“Bundan sonra onun bizimlə telefon danışıqları dayandırılıb. Onun yanvarda gözlənilən məhkəməsi may ayına təxirə salınıb”.
Qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında həmin vaxt Rusiya Sülhməramlı Kontingentinin nəzarətində olan Qarabağa köçüb. O, noyabrın 4-də qondarma DQR-in “dövlət naziri” təyin edilib, 2023-cü il fevralın 23-də isə o bu “vəzifə”dən azad edilib. Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində həbs edilib.
Hazırda o, qondarma rejimin keçmiş “liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.