“Büdcə gəlirləri və valyuta ehtiyatları iqtisadi uğur üçün kifayət deyil”
Milli Məclis iyunun 30-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
Büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə 1,4 faizlik iqtisadi artımla, 5,6 faizlik orta illik inflyasiya ilə, cari hesablar üzrə tədiyyə balansının 3,5 milyard ABŞ dolları səviyyəsində müsbət saldosu ilə müşayiət olunub, ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb
Maraqlıdır, büdcə göstəriciləri ölkə iqtisadiyyatı üçün müsbət hesab oluna bilərmi?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, rəsmi göstəricilər büdcənin gəlirlərinin proqnozdan yüksək olduğunu göstərsə də, bu, avtomatik olaraq iqtisadiyyatın sağlam inkişaf etdiyini sübut etmir:
Büdcə xərclərinin cəmi 93,2 faiz icra olunması da bütün ayrılmış vəsaitlərin iqtisadiyyata və sosial layihələrə yönəldilmədiyini göstərir. Bu, bəzi investisiya layihələrinin gecikməsi və ya planlaşdırmada problemlərin olması ilə əlaqəli ola bilər.
Strateji valyuta ehtiyatlarının yüksək olması mühüm üstünlükdür, lakin bu göstərici vətəndaşların gəlirlərinin artması, iş yerlərinin çoxalması və ya həyat səviyyəsinin yüksəlməsi demək deyil. Eyni zamanda, 5,6 faizlik inflyasiya fonunda əgər əməkhaqları və pensiyalar eyni tempdə artmayıbsa, əhalinin alıcılıq qabiliyyəti zəifləyir”.
Akif Nəsirli hesab edir ki, təkcə büdcə gəlirlərinin planı üstələməsi və valyuta ehtiyatlarının artması iqtisadiyyatın uğurlu inkişaf etdiyini söyləməyə kifayət etmir.
“İqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun inkişafı, özəl investisiyaların həcmi, məşğulluq və əhalinin real rifahı kimi göstəricilər də qiymətləndirilməlidir. Bu baxımdan təqdim olunan rəqəmlər müəyyən müsbət tərəflər göstərsə də, onları birmənalı uğur kimi təqdim etmək düzgün olmaz”,– deyə iqtisadçı fikirlərini yekunlaşdırıb.