Rusiyada yanacaq böhranı: növbələr, limitlər və kanistr qadağaları
Rusiyada neft emalı zavodlarına zərbələr fonunda yanacaq böhranı davam edir. Regionlarda benzin satışına limitlər qoyulur, yanacaqdoldurma məntəqələrində növbələr yaranır, sürücülərə isə kanistrlərə benzin doldurmaqdan imtina edilir. “Novaya qazeta. Yevropa”nın məlumatına görə, iyunun 23-nə qədər Rusiyanın ən azı 13 regionunda yanacaq satışına rəsmi məhdudiyyətlər tətbiq olunub. Daha 8 regionda isə hakimiyyət yanacaq çatışmazlığı, növbələr və ya təchizatda problemlərin olduğunu etiraf edib.
Məhdudiyyətləri yalnız regional hakimiyyət orqanları deyil, iri yanacaqdoldurma şəbəkələri də tətbiq edir. “Tatneft” Rusiyadakı bütün şəbəkəsində limitlər qoyulduğunu təsdiqləyib. “Rosneft”, “Başneft” və TNK kanistrlərə benzin satışını dayandırıb. “Lukoyl” isə mediada yayılan məlumatlara görə, bir çek üzrə yanacaq alışını 100 litrlə məhdudlaşdırıb.
Problemləri adi sürücülər də gündəlik həyatlarında hiss edirlər. “Novaya qazeta. Yevropa”nın müxtəlif regionlardan olan oxucuları bildirirlər ki, bəzi magistral yollar boyunca benzin tapmaq çətinləşib, yanacaqdoldurma məntəqələri bağlanır və ya uzun növbələrlə işləyir. Yanacaq olan yerlərdə isə onu adətən 20–30 litr həcmində satırlar. Yekaterinburqda bəzi yanacaqdoldurma məntəqələrində benzinin bir litri 120 rubla, yəni təxminən 1 dollar 60 sentə qədər bahalaşıb. Vladimirdə yanacaq tez tükənir, Ryazanda isə yerli sakinlərdən biri “Rosneft” məntəqələrində növbələrin bir-iki saat çəkdiyini deyib.
Rusiya vətəndaşları həm də şikayət edirlər ki, artıq məişət texnikası, generatorlar, otbiçənlər və iş ehtiyacları üçün kanistrlərə benzin almaq mümkün olmur. “Novaya qazeta. Yevropa”nın oxucularından biri Moskva vilayətində otbiçən üçün 10 litr benzin ala bilmədiyini danışıb. Digər oxucu isə qoşqusu olan minik avtomobili gördüyünü, qoşquda təxminən on ədəd 20–30 litrlik kanistr olduğunu bildirib.
Amma yanacaq ehtiyatlarına nəzarət artıq təkcə Rusiya daxilindəki yanacaqdoldurma məntəqələri ilə məhdudlaşmır. “Euroradio” yazır ki, Belarusdan Rusiyaya çıxışda güc strukturlarının əməkdaşları kanistrlərdəki yanacağın həcmini yoxlayırlar. Bu isə rusiyalıların yanacaq çatışmazlığını qonşu Belarusdan aldıqları benzin hesabına kompensasiya etməyə çalışdıqlarını göstərшк.
Belarus amili artıq iqtisadi göstəricilərdə də özünü göstərir. May ayında Rusiyada Belarus benzininə tələbat kəskin artıb. Ayın əvvəlindən etibarən Sankt-Peterburq birjasında Belarus yanacağının satışı 17 min tonu keçib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 58 dəfə çoxdur.
Böhranın səbəbi yalnız Rusiya rəsmilərinin dediyi kimi, “artan tələbat” deyil. Ukrayna zərbələrindən sonra Rusiyada 13 neft emalı zavodunun fəaliyyəti tam və ya qismən dayanıb. Zərbələr ölkənin neft emalı güclərinin təxminən 40 faizinə təsir edib. Bu zavodlar Rusiyada benzinin 41 faizədək, dizel yanacağının isə 44 faizədək istehsalı ilə bağlı idi.
“Bloomberg” yazır ki, may ayında Ukrayna dronları Rusiyanın neft infrastrukturuna ən azı 30 dəfə hücum edib. Bu, tammiqyaslı müharibə başlayandan bəri bir ay ərzində qeydə alınan ən yüksək göstəricidir. Hücumlar 16 neft emalı zavodunu, o cümlədən Rusiyanın 10 ən böyük zavodundan 8-ni əhatə edib. “OilX”-in qiymətləndirməsinə görə, may ayında Rusiyada neft emalı gündəlik 4,58 milyon barelə düşüb. Bu, 2009-cu ildən bəri ən aşağı səviyyədir.
Ən ağır vəziyyət daha əvvəl işğal olunmuş Krımda və Sevastopolda yaranmışdı. Orada benzin faktiki olaraq açıq satışdan yoxa çıxmışdı. Hakimiyyət talon sistemi və limitlər tətbiq etmiş, sakinlərə avtomobildən yalnız zəruri hallarda istifadə etməyi tövsiyə etmişdi. Bu vəziyyət əsasən işğal olunmuş ərazilərdən keçən quru dəhlizinə endirilən zərbələrlə əlaqələndirilirdi. Krım körpüsünə hücumlardan sonra həmin dəhliz yarımadanın əsas təchizat marşrutuna çevrilmişdi.