Rubio: "Ankoricdə Ukrayna barədə Rusiya ilə razılaşma olmayıb"
ABŞ dövlət katibi Marko Rubio Moskvanın Ankoricdə əldə edilmiş razılaşmaların Vaşinqton tərəfindən pozulduğu barədə iddialarını şərh edib.
ABŞ dövlət katibi Bəhreyndə jurnalistlərə açıqlamasında deyib ki, Alyaskada ABŞ və Rusiya arasında hər hansı razılaşma imzalanmayıb.
“Təklif Alyaskada irəli sürülmüşdü. Amma o heç vaxt razılaşmaya çevrilmədi”, – Rubio bildirib.
Rubio isə qeyd edib ki, Rusiya Donbas ərazisinin tam nəzarətə verilməsi də daxil olmaqla bir sıra tələblər irəli sürüb, lakin tərəflər arasında yekun razılıq əldə olunmayıb.
“Rusiya Donbasın bütün ərazisinin ona verilməsini istəyirdi, həmçinin başqa məsələlər qaldırıb. Lakin heç bir razılaşma olmayıb. Əgər belə bir razılaşma olsaydı, müharibə artıq başa çatmış olardı”, – ABŞ dövlət katibi vurğulayıb.
Rubio əlavə edib ki, ABŞ Ukraynada müharibənin başa çatdırılması istiqamətində konstruktiv rol oynamağa hazır olaraq qalır.
Xatırladaq ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov iyunun 23-də “Primakov qiraətləri” forumunda çıxışı zamanı Vaşinqtonun Ankoricdə Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmalardan geri çəkildiyini qeyd edib.