Sosial şəbəkədə biz:

Bill Klintonun 22 yaşlı sevgilisi Monika Levinski 30 il sonra

Bill Klintonun 22 yaşlı sevgilisi Monika Levinski 30 il sonra
Xəbər Şəkli
06 August 2026, 08:27
Dünya

1990-cı illərin ən səs-küylü siyasi qalmaqallarından birinin mərkəzində olan Monika Levinski təxminən 30 ildən sonra ABŞ media və ictimai həyatında yenidən özünə yer qazanıb.

1990-cı illərin ortalarında 22 yaşlı Ağ Ev təcrübəçisi Monika Levinskinin ABŞ prezidenti Bill Klintonla intim münasibəti olub.

Məsələ ictimailəşdikdən sonra Klinton əvvəlcə münasibəti inkar edib. Daha sonra yalan ifadə vermək və ədalət mühakiməsinə mane olmaq ittihamları fonunda ona qarşı impiçment prosesi başladılıb. ABŞ Senatı isə yekunda Klintona bəraət verib və o, prezident vəzifəsində qalıb.

Qalmaqalın ən ağır ictimai nəticələri isə Levinskinin üzərinə düşüb. O, mətbuatda kəskin təhqir və lağ obyektinə çevrilib, televiziya proqramlarında ələ salınıb və uzun illər onun adı demək olar ki, yalnız Bill Klintonla yaşanan qalmaqalla əlaqələndirilib. 

Təxminən 30 il sonra vəziyyət xeyli dəyişib. Levinski ABŞ-nin media və ictimai həyatında tanınan simalardan birinə çevrilib. O, Hollivud ulduzlarının da iştirak etdiyi Corc Kluninin Brodvey premyerasında görünüb, öz podkastını aparır, “Vanity Fair” üçün yazılar hazırlayır və prodüserlik fəaliyyəti ilə məşğuldur.

Levinski indi öz təcrübəsindən danışarkən hakimiyyətdən sui-istifadə, ictimai təzyiq və kütləvi təqib mövzularına xüsusi diqqət yetirir. O, 22 yaşlı bir təcrübəçinin ABŞ prezidenti və nəhəng media maşınının qarşısında tək qalmasının həyatına hansı qiymətə başa gəldiyini açıq şəkildə müzakirə edir.

Bill Klinton siyasi karyerasını qoruyub saxlaya bildi. Monika Levinskiyə isə öz adını qalmaqalın kölgəsindən çıxarmaq üçün onilliklər lazım oldu.

Musavat.com