“Bu günü bizə bəxş edən qəhrəman Vətən övladlarına və öz övladıma layiq olduqları kəlməni tapıb deyə bilmirəm. Ona görə əllərimi qaldırıb xahiş edirəm: müqəddəslər, haqqınızı bizlərə halal edin...”.
Bunu Musavat.com-a açıqlamasında Vətən müharibəsi şəhidi Səid Rəşidzadənin atası, 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nofəl Qasımov deyib.
27 Sentyabr – Anım Günü ilə bağlı fikirlərini bölüşən N.Qasımov şəhidlər qarşısında duyduğu minnətdarlığı sözlə ifadə etməyin çətin olduğunu bildirib.
“Əllərimi qaldırıb bütün müqəddəs şəhidlərdən xahiş edirəm ki, haqqınızı bizə halal edin. Onları qiymətləndirməyə mən söz tapa bilmirəm. Bu gün xalqın, millətin taleyinə, ömür kitabına yazılan gündür. Vətənin övladları bu işin altına ləyaqətlə girdilər, ləyaqətlə də çıxdılar. Onlar canlarını verib getdilər. Mən də onlardan halallıq istəyirəm”, – deyə şəhid atası bildirib.
“Oğlum arzuladığım yerdə şəhid oldu...”
Birinci Qarabağ müharibəsində də iştirak edən Nofəl Qasımov həmin illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı və Ərazi Müdafiə Qərargahının sədri olduğunu xatırladıb. O deyib ki, həmin illərdə Qarabağın işğaldan azad edilməsi arzusu onun üçün hər gün yaşadığı bir ümid olub:
“Xocavənd mənim ağır yerim idi. Şişqaya mənim üçün başqa bir şey idi. Hər gün ona baxırdım ki, Allah bizə qismət eləsin, buranı alaq.Onda Səidin üç yaşı var idi... Vətən müharibəsinin gedişi zamanı mənə xəbər gələndə ki, Səid həmin yerdə erməni bayrağını aşağı salanda şəhid olub, təsəvvür edin, necə qürurlandım. Qismətə baxın ki, oğlum arzuladığım bir yerdə şəhid oldu”.
“Bizim yarımçıq qalan işimizi övladlarımız tamamladı”
Şəhid atası Birinci Qarabağ müharibəsi illərində Azərbaycanın imkanlarının indiki dövrlə müqayisədə məhdud olduğunu da vurğulayıb:
“Biz deyirdik ki, bu müharibə övladlarımıza qalmasın. Amma uzandı. Övladlarımız bizim yarımçıq qalan işimizi, bizim ala bilmədiyimiz yerləri aldılar. O vaxt Azərbaycanın belə şəraiti yox idi. Sonra zabitlər, komandirlər yetişdi. Bir az vaxt keçdi, bizim övladlarımız da getdi və torpaqlarımızı azad etdilər”.
“İki il demək istədim, amma deyə bilmədim...”
Nofəl Qasımov söhbət zamanı bu yaxınlarda 102 yaşında vəfat edən atası Rəşid Qasımovun nəvəsinin şəhid olması xəbərini necə öyrəndiyini də danışıb. O bildirib ki, atasının səhhətini nəzərə alaraq ağır xəbəri ona deməyə ürək etməyib: “Mən ona demədim, ürək eləmədim. Çünki 96 yaşı var idi. O da İkinci Dünya Müharibəsinin iştirakçısı olmuşdu. Müharibə adamı idi, bir ayağında güllə yarası var idi. Mənə dedilər ki, o bilsə, özünü güllə ilə vurar, dözməz. Bir-iki dəfə getdim, iki il demək istədim, amma deyə bilmədim”.
Lakin müharibə xəbərlərini televiziyadan izləyən baba nəvəsinin şəhid olduğunu özü öyrənib: “Zəng edib mənə dedi ki, bildim”.
Nofəl Qasımovun sözlərinə görə, atası Qarabağı yaxşı tanıyırdı. O, ömrünün böyük hissəsini həmin torpaqlarda keçirib və azad edilmiş ərazilərlə bağlı hər bir detalı maraqla soruşurmuş: “Bu kişi Qarabağı atı ilə gəzmişdi, təsərrüfat rəhbəri olmuşdu. Hər yeri tanıyırdı. Hər dəfə məndən soruşurdu: hansı bulaq var, hansı kəhriz var, hansı ağacı ermənilər kəsib, kəsməyib... Hamısını bilirdi. Axırda dedi ki, mən o dünyaya rahat gedirəm. Torpaqlar azad edildi”.
“Mən Azərbaycan zabitiyəm, erməni bayrağının altında əyilə bilmərəm”
Nofəl Qasımov şəhid oğlu Səid Rəşidzadənin döyüş zamanı göstərdiyi qəhrəmanlıqdan da danışıb.
Onun sözlərinə görə, Səid Azərbaycan bayrağını Şişqaya yüksəkliyinə sancmaq üçün təhlükəli əraziyə qalxıb. Qarşısında erməni bayrağını görən zabit isə bunu qəbul etməyib:
“Səid müharibədə bölük komandiri kimi iştirak edib. Hadrutun girəcəyində Şişqaya yüksəkliyindəki postu azad ediblər. Orada erməni bayrağı olub. Səid deyib ki, mən Azərbaycan zabitiyəm, erməni bayrağı altında dura bilmərəm, bayrağı dəyişməliyəm. Əsgərləri “komandir, səni qarşı tərəfdən vuracaqlar” deyib onu saxlamaq istəyiblər. Səid isə “vursalar da qorxmayın, kömək gələcək” deyə cavab verib. Dirəyə yaxınlaşıb bayrağı asanda onu snayperlə vurublar. 15 dəqiqə ərzində kömək gəlsə də, həyatını xilas etmək mümkün olmayıb. O, şəhid olandan sonra Səidin adını bayrağa yazıb, dirəkdən asıblar.
Bu bayrağı İstiqlal muzeyinə verəcəyik. Hər il də ora asdığımız bayrağı barelyeflə birlikdə dəyişəcəyik. Bu bayraq mənim üçün Səidin özüdür. Bayrağı Beyləqanda dostları ona verib. O, Beyləqanda bir neçə gün könüllüləri hazırladı. Deyirdi ki, könüllülər təcrübəsizdirlər, öyrətmək lazımdır. Ermənilər oktyabrın 3-ü Hadrut istiqamətində hücuma keçəndə kömək lazım oldu. Səid də hazırladığı əsgərlərdən 56 nəfərlik həmlə qrupu yaradaraq, Hadruta köməyə getdilər.
Hadrut mənim yaralı yerimdir. Səid yaşda olanda mən Füzulinin icra başçısı və ərazi müdafiə qərargahının başçısı olmuşam. Hər gün Səidin bayrağı asdığı yerdə erməni bayrağını görüb pis olurdum. Birinci Qarabağ müharibəsində üç dəfə hücum etdik, 18-20 şəhid verdik, ancaq həmin postu azad edə bilmədik. 30 ildən sonra Səidgil azad etdilər.
Nə qədər ömür lazımdır ki, Səid və digər balalarımızın qəhrəmanlıqlarını yazaq, xalqa göstərək. Mənə hamı deyir ki, “sən niyə kövrəlmirsən, ağlamırsan?”. Oğlumun şəhid xəbəri veriləndə bilirsiniz, nə soruşdum? "Bəs bölüyü indi kim idarə edir? Komandir şəhid olub". Biz Vətən müharibəsində uduzsaydıq, onda mən ağlayardım. İndi isə nəticə var axı. Ona görə şəhid verdik ki, torpaqlarımızı azad edək.
Nofəl Qasımov şəhid oğlunun həyatını və Vətən uğrunda göstərdiyi qəhrəmanlığı bir cümlə ilə ifadə edib: “Vətənlə bərabər bayraq uğrunda şəhid oldu”.
Şəhid atası bildirib ki, Səid Rəşidzadənin Milli Qəhrəman adı ilə təltif olunması üçün 26 deputat müdafiə naziri Zakir Həsənova müraciət edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Səid 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində doğulub. 1996-2007-cı illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbi bitirib. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Səid Aprel döyüşlərində Polad Həşimovla çiyin-çiyinə vuruşub. O, bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, Vətən müharibəsində könüllü döyüşlərə qatılıb. Hadrutun azadlığı uğrunda savaşan qəhrəmanımız oktyabrın 11-də Şişqaya yüksəkliyinə bayrağımızı sancarkən düşmənin snayper gülləsinə tuş gələrək, şəhid olub.