Sosial şəbəkədə biz:
Samirə Qasımlının işi Yasamal Rayon Məhkəməsinə göndərildi
Xəbər Şəkli

Samirə Qasımlının işi Yasamal Rayon Məhkəməsinə göndərildi

02 May 2026, 09:33
Cəmiyyət

Həbsdə olan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə qaldırılmış iddia Yasamal Rayon Məhkəməsinə göndərilib. Mayın 1-də Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırov bu barədə qərar çıxarıb.

S.Qasımlının vəkili Aqil Layıc işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə ötən iclasda şifahi şəkildə qaldırdığı vəsatəti bu dəfə yazılı şəkildə təqdim edib. Vəsatətini əsaslandıran vəkil vurğulayıb ki, S.Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiada onun Facebook hesabındakı paylaşımlarından bəhs olunur. Həmin yazıları da o, Yasamal rayonunda yerləşən evində yazıb və paylaşıb. Ona görə də şikayətə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır.

S.Qasımlının Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən onun həyat yoldaşı A.Qasımlının işində zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdur.

Q.Yusibov məhkəməyə ərizəsində iddia edir ki, S.Qasımlı “Facebook” hesabındakı paylaşımlarında onu hədələyib, böhtan atıb, həyatına təhlükə yaradıb.

Mayın 1-də məhkəmənin hazırlıq iclasında Q.Yusifov özü olmasa da, nümayəndəsi iştirak edib. O, işin Yasamal Rayon Məhkəməsinə göndərilməsilə bağlı məsələyə etiraz etməyib.

Müşavirədən sonra hakim vəsatətin təmin olunmasına qərar verib.

S.Qasımlıya qarşı şikayət verilmiş CM-in 147.1 və 148.-ci maddələrində alternativ cəzalarla (cərimə, ictimai işlər və s.) yanaşı, 6 ayadək azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

S.Qasımlı özünü təqsirli bilmir, bunun siyasi sifariş olduğunu düşünür..