Sosial şəbəkədə biz:

Deputat “çılğın dondurmaçı”dan danışdı: “Heç kim insanları məcbur etmir ki, onun şousuna qoşulsun, rəqs etsin”

Deputat “çılğın dondurmaçı”dan danışdı: “Heç kim insanları məcbur etmir ki, onun şousuna qoşulsun, rəqs etsin”
Xəbər Şəkli
29 July 2026, 08:54
Cəmiyyət

Bakıda “Çılğın dondurmaçı” kimi tanınan Mehmet Dinç sosial şəbəkələrin ən çox müzakirə olunan simalarından birinə çevrilib. Türkiyədə illərdir, dondurma satışı zamanı nümayiş etdirdiyi rəqslər və şoularla tanınan həmin şəxsin Bakının Fəvvarələr Meydanı yaxınlığında fəaliyyət göstərən məkandan yayılan videoları birmənalı qarşılanmır. Xüsusilə qadınlarla rəqsi və hətta uşaqların da şoulara qoşulması çoxsaylı tənqid doğuraraq onların tərbiyəsinin pozulması kimi düşünülür.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Bakıda fəaliyyət göstərən həmin sahibkarın etdiklərinə biznes və marketinq prizmasından baxsaq, deyə bilərik ki, həmin şəxs illərdir Türkiyədə tətbiq etdiyi satış və şou konseptini burada da davam etdirir.

E.Akimova qeyd edib ki, onun məqsədi də məhsulunu daha çox satmaq və diqqət çəkməkdir: “Bu baxımdan o, öz biznes strategiyasını həyata keçirir və görünür ki, bununla da müəyyən nəticə əldə edib. Amma burada əsas məsələ təkcə dondurmaçının davranışı deyil. Heç kim insanları məcbur etmir ki, onun şousuna qoşulsun, rəqs etsin və ya uşaqlarını həmin prosesin iştirakçısına çevirsin. Bu, hər bir insanın öz seçimidir. Ona görə də bütün məsuliyyəti yalnız bir sahibkarın üzərinə qoymaq doğru olmaz. Cəmiyyət hesab edirsə ki, belə davranışlar bizim milli-mənəvi dəyərlərimizə və ya ailə tərbiyəsi prinsiplərinə uyğun deyil, bunun ən sivil yolu etirazı istehlakçı davranışı ilə göstərməkdir. İnsanlar həmin məkana getməyib məhsul almaya da bilər. Bazarda ən güclü mesaj məhz istehlakçının seçimidir”.

Deputatın sözlərinə görə, uşaqların hansı mühitdə böyüməsi, hansı davranışları nümunə götürməsi ilk növbədə valideynlərin məsuliyyətidir: “Bu məsuliyyəti kənar şəxslərin üzərinə yükləmək düzgün yanaşma deyil. Cəmiyyət olaraq bəzən problemi kənarda axtarırıq, halbuki ilk növbədə öz davranışımıza və seçimlərimizə baxmalıyıq. Azad sahibkarlıqla cəmiyyətin dəyərləri arasındakı balans da məhz bu şəkildə formalaşır”.