İran savaşı: Azərbaycan bu müharibədən necə iqtisadi və siyasi qazanc əldə etdı?
Yaxın Şərqdə son baş verənlər təkcə regionun təhlükəsizlik məsələsini deyil, dünya iqtisadiyyatını da silkələyib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, Tehranın buna cavab olaraq regional hərbi və enerji infrastrukturunu hədəfə alması neft bazarlarında dərhal hiss olundu. Dünyanın əsas etalon markası olan Brent neftinin qiyməti mayın əvvəlində 114 dolları keçərək son dörd ilin ən yüksək səviyyələrindən birinə qalxdı.
Bunun əsas səbəbi fiziki neft qıtlığı yox, onun yaranacağı ehtimalıdır.
Çünki dünyanın gündəlik neft ticarətinin təxminən beşdə biri Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən Hörmüz boğazından keçir. Bu marşrutda hərbi risk artdıqca bazar da riskləri qiymətə əlavə edir. Tramp administrasiyasının İrana qarşı sərt kursu və İsrailin Tehranı birbaşa hədəfə alması bu riski daha da böyütdü.
Region üçün bu, yeni humanitar və siyasi böhran deməkdir. Amma enerji ixracatçısı və tranzit ölkə kimi Azərbaycan üçün bu böhran eyni zamanda iqtisadi imkan pəncərəsi də açıb.
Tarix göstərir ki, Yaxın Şərqdə böhranlar çox vaxt Bakı üçün neft gəlirlərinin artması, dövlətin imkanlarının genişlənməsi və geosiyasi əhəmiyyətinin yüksəlməsi ilə nəticələnib.
Bu dəfə də eyni ssenari təkrarlanırmı?
Müharibə necə başladı?
İsrail və İran arasındakı qarşıdurma yeni deyil.
1979-cu il İran inqilabından sonra Tehran İsraili regionda əsas rəqiblərindən biri kimi görməyə başladı. Sonrakı onilliklərdə bu qarşıdurma əsasən dolayı yollarla — proksi qüvvələr, kəşfiyyat əməliyyatları və kiberhücumlar üzərindən aparıldı.
İranın dəstəklədiyi HƏMAS və Hizbullah kimi silahlı qruplar İsrail üçün əsas təhlükə mənbələrindən biri sayılır. İsrail isə uzun illərdir İranın nüvə proqramını öz milli təhlükəsizliyi üçün risk olaraq təqdim edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin son illərdə yayımladığı hesabatlar göstərirdi ki, İran uranın zənginləşdirilməsi səviyyəsini artırır və bu, Qərb paytaxtlarında narahatlığı dərinləşdirirdi.
Vaşinqton və Təl-Əviv üçün problem təkcə İranın nüvə potensialı deyil. Məsələ həm də Yaxın Şərqdə qüvvələr balansıdır. İran İraq, Suriya, Livan və Yəməndə təsir imkanlarını genişləndirdikcə İsrail bunu özünün strateji mühasirəsi kimi görürdü. ABŞ isə regionda öz müttəfiqlərinin təhlükəsizlik sistemini qorumağa çalışırdı. Bu səbəbdən son müharibə yalnız dövlətlər arasında hərbi qarşıdurma deyil. Bu, həm də enerji yolları, regional hegemonluq və qlobal iqtisadi sabitlik uğrunda mübarizədir.
Dünya iqtisadiyyatı müharibəyə necə reaksiya verdi?
Yaxın Şərqdə hərbi qarşıdurma ilk növbədə enerji bazarlarında hiss olunur.
Səbəb sadədir: İran dünyanın ən böyük neft və qaz istehsalçılarından biridir, amma daha vacibi onun coğrafi mövqeyidir. Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin ən həssas nöqtələrindən biridir. Buradan hər gün təxminən 20 milyon barelə yaxın neft və neft məhsulları daşınır. Bu, qlobal dəniz neft ticarətinin təxminən beşdə birinə bərabərdir.Bu marşrutda risk artdıqca bazar bunu dərhal qiymətə çevirir.
Bu dəfə də belə oldu.
İsrailin İran ərazisində hərbi hədəfləri vurması və Tehranın cavab ehtimalı neft qiymətlərini dərhal bahalaşdırdı. Neftin qiyməti bir neçə gün içində sürətlə yüksəldi. Təkcə fiziki təchizat yox, logistika xərcləri də artmağa başladı. Enerji qiymətləri qalxdıqca daşınma, istehsal və istehlak xərcləri də artır. Bu isə dünya üzrə inflyasiya təzyiqini gücləndirir.
Başqa sözlə, Yaxın Şərqdə müharibə təkcə hərbi böhran deyil, qlobal iqtisadi hadisədir.
Belə böhranların ən birbaşa benefisiarları isə adətən enerji ixracatçıları olur. Azərbaycan da onların arasındadır.
Azərbaycanın əsas qazancı: bahalaşan neft
İqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli Meydan TV-yə deyir ki, Yaxın Şərqdə geosiyasi gərginlik enerji bazarına birbaşa təsir edir və Azərbaycan kimi ixracatçı ölkələr üçün əlavə gəlir yaradır:
Azərbaycanın 2026-cı il dövlət büdcəsi neftin bir bareli üçün 65 dollar baza qiyməti ilə hazırlanıb. Bu o deməkdir ki, bazarda qiymət bunun üzərinə çıxdıqca hökumətin əlavə gəlir imkanları yaranır.
Dünya bazarında Brent markalı neftin qiyməti 110 dollar civarında formalaşıb. Azərbaycanın ixrac etdiyi əsas neft markası olan Azeri Light beynəlxalq bazarda Brent markasına yaxın qiymətlə satılır.
Bu, büdcədə nəzərdə tutulmuş qiymətdən təxminən 45 dollar yüksəkdir. Azərbaycan gündəlik orta hesabla təxminən 450 min barel xam neft ixrac edir. Sadə hesabla, hər bareldə əlavə 45 dollar fərq yaranarsa, bu, 450 min bareldə 20,25 milyon dollar edir. Bu isə gündəlik əlavə gəlir deməkdir. Bir aylıq perspektivdə isə bu rəqəm 600 milyon dollardan çox edir.
Əlbəttə, bu hesablamaya logistika, müqavilə fərqləri və bazar dəyişkənliyi daxil deyil. Amma ümumi tendensiyanı göstərmək üçün kifayət qədər aydındır: müharibə fonunda bahalaşan neft Azərbaycan üçün əlavə fiskal rahatlıq yaradır. Bu gəlirin əsas hissəsi birbaşa və dolayı yolla dövlət maliyyəsinə gedir. Natiq Cəfərli hesab edir ki, qiymət artımının fiskal effekti birbaşa Dövlət Neft Fondunda hiss olunacaq:
“Azərbaycanın gündəlik neft hasilatı və ixrac potensialını nəzərə alsaq, nəzərdə tutulandan əlavə bu il ərzində Dövlət Neft Fonduna təxminən 1,5–2 milyard dollar artıq vəsait daxil ola bilər. Çünki valyuta əvvəlcə Neft Fonduna daxil olur, daha sonra büdcəyə transfert edilir”.
Ekspertin də dediyi kimi Dövlət Neft Fondu vasitəsilə büdcəyə əlavə transfert imkanları yaranır, valyuta ehtiyatları artır, fiskal dayanıqlıq güclənir. Bu, xüsusilə neft gəlirlərindən yüksək asılılıq şəraitində hökumət üçün ciddi üstünlükdür. Ancaq Azərbaycanın qazancı təkcə neftin qiyməti ilə məhdudlaşmır.
Hörmüz bağlandıqda, Azərbaycanın tranzit əhəmiyyəti necə arta bilər?
Yaxın Şərqdə enerji marşrutlarının risk altına düşəcəyi təqdirdə Azərbaycanın yerləşdiyi coğrafiya daha qiymətli olur.
Əgər neft qiymətləri birinci iqtisadi dividendirsə, tranzit marşrutları ikinci qazancdır.
Natiq Cəfərli də deyir ki, böhran təkcə enerji bazarını yox, logistika xəritəsini də dəyişir:
“Dəniz logistikasının problemə çevrilməsi Azərbaycanın logistika mərkəzi kimi əhəmiyyətini artırır. Orta Dəhlizin əsas həlqələrindən biri kimi Azərbaycan üzərindən keçən yüklərin həcmi artır. Bu da ölkəyə əlavə tranzit gəlirləri gətirir və geosiyasi önəmini artırır”.
İran təkcə enerji istehsalçısı deyil, həm də Asiya ilə Avropa arasında mühüm logistika keçididir. Hörmüz boğazında təhlükəsizlik riskinin artması və İran marşrutlarının qeyri-sabitləşməsi alternativ yolların əhəmiyyətini artırır. Bu nöqtədə Azərbaycanın mövqeyi diqqətə gəlir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər neftini Aralıq dənizinə çıxaran əsas alternativ marşrutlardan biridir. Bu xəttin strateji üstünlüyü ondadır ki, Fars körfəzi risklərindən kənardadır. Eyni vəziyyət Orta Dəhliz üçün də keçərlidir. Çindən başlayıb Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut son illərdə Rusiyadan yan keçən əsas alternativə çevrilib.
Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirməsinə görə, Orta Dəhlizdə yük həcmləri sürətlə artır və bu marşrut Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır. Təkcə 2024-cü ildə daşımalar 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə isə bu rəqəmin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır.
Bu rəqəmlər göstərir ki, geosiyasi risklər artdıqca alternativ tranzit xətləri daha qiymətli olur.
Əgər Yaxın Şərqdə hərbi risk dərinləşərsə, Mərkəzi Asiya ölkələrinin və Avropanın Azərbaycan üzərindən keçən marşrutlara marağı daha da arta bilər. Bu isə Azərbaycanın rolunu enerji ixracatçısından daha geniş — regional logistika mərkəzinə çevirir.
Ancaq Natiq Cəfərli eyni zamanda bildirir ki, enerji gəlirlərində artım avtomatik olaraq əhalinin rifahının yaxşılaşması demək deyil. Onun sözlərinə görə, Azərbaycanın idxaldan yüksək asılılığı bu tip geosiyasi böhranların mənfi təsirlərini də qaçılmaz edir:
“Azərbaycan iqtisadiyyatı struktur baxımından kifayət qədər primitivdir və idxaldan yüksək dərəcədə asılıdır. Ölkədə ərzaq məhsullarının təxminən 73–74 faizi xaricdən asılıdır. Dərman preparatlarında bu göstərici 94 faizdir, elektrotexnika və məişət avadanlıqlarında, avtomobil və ehtiyat hissələrində isə demək olar 100 faizə yaxındır. Bu qədər yüksək xarici asılılıq fonunda logistik problemlərin yaranması və enerji daşıyıcılarının qiymətinin artması xaricdə inflyasiyanı yüksəldir və nəticədə Azərbaycana idxal olunan məhsulların qiymətləri də artır. Bu isə Azərbaycanda yeni inflyasiya dalğasına səbəb olur. Dövlət büdcəsinə və Neft Fonduna əlavə gəlirlər daxil olsa da, bunun əhalinin rifahına müsbət təsiri olmur. Əksinə, qiymətlər artır, real gəlirlər azalır”.
Cəfərli əlavə edir ki, iqtisadi göstəricilər də vəziyyətin göründüyü qədər sabit olmadığını göstərir:
“Azərbaycanda ümumdaxili məhsul ilk rübdə 0,3 faiz azalıb. Bu isə iqtisadi artımın demək olar ki, dayanma həddinə yaxın olduğunu göstərir. Az qala resessiya astanasındayıq”.
Ancaq tarix göstərir ki, xarici böhranlardan gələn iqtisadi gəlirlər Azərbaycanda təkcə iqtisadi nəticələr doğurmur. Onların siyasi nəticələri də olur.
Tarixi paralel: neft bahalaşanda Azərbaycanda nə baş verir?
Son 15 ildə regional böhranların yaratdığı neft bahalaşması Bakıya bir neçə dəfə əlavə gəlir gətirib.
İlk böyük nümunə 2011-ci il idi. Ərəb baharı Yaxın Şərqdə siyasi sistemi silkələyərkən neft bazarları da sarsıldı. Liviyada istehsal dayandı, region üzrə qeyri-müəyyənlik artdı və Brent neftinin qiyməti 120 dollara yaxınlaşdı. Azərbaycan üçün bu, rekord gəlirlər dövrünün davamı idi. Yüksək neft gəlirləri hakimiyyətə daha geniş fiskal imkan verirdi. Sosial xərclər artırılır, valyuta ehtiyatları qorunur, eyni zamanda siyasi təzyiqlərin iqtisadi yükü daha rahat daşınırdı. Bənzər dinamika 2022-ci ildə də müşahidə olundu. Rusiyanın Ukraynaya hücumundan sonra enerji qiymətləri yenidən yüksəldi, Avropa alternativ qaz axtarışında Azərbaycana üz tutdu. Azərbaycanın geosiyasi çəkisi artdı və siyasi həbslər artmağa başladı. Bu gün İsrail-İran müharibəsi fonunda yaranan yeni enerji şoku da oxşar model yarada bilər.