Ana səhifə / Müsahibə / “Yüksək nəticə göstərmək istəyən şagird telefondan uzaq olmalıdır” – 700 bal yığan Vaqif Əsədov

“Yüksək nəticə göstərmək istəyən şagird telefondan uzaq olmalıdır” – 700 bal yığan Vaqif Əsədov

İsmayıllı rayonunda yüksək bal yığan şagirdlərlə bir gün; “Bizi inkişaf etdirən həm də sağlam rəqabətdir”…

Dövlət İmtahan Mərkəzi 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. Belə ki,  1-ci ixtisas qrupu üzrə cəmi 2 abituriyent, 4-cü ixtisas qrupu üzrə isə 1 abituriyent bütün suallara düzgün cavab verərək 700 bal toplayıb. Maksimum nəticəni göstərənlərdən biri  İsmayıllı şəhər, 6 saylı tam orta məktəbin məzunu Vasif Əsədovdur.

“Yeni Müsavat”ın əməkdaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsmayıllıya yollanıb, Vasif Əsədovla görüşərək, uğuru barədə söhbət edib. Onu da qeyd edək 1-ci və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində 32 491 nəfər iştirak edib.

İsmayıllıda olduğumuz zaman öyrəndik ki, rayonun təkcə iki məktəbində 10-dan çox abituriyent 600 baldan yuxarı nəticə göstərib. Elə Vasif Əsədovun sinif yoldaşlarından 5 nəfəri 600 baldan yüksək nəticə göstərərək, imtahanların ikinci mərhələsində 700 bal toplamaq üçün ciddi səylə hazırlaşırlar. 6 saylı tam orta məktəbin şagirdləri ilə görüşməzdən öncə Vasif Əsədovun sinif rəhbəri Qumru Hacıyeva ilə söhbət etdik. Qumru müəllimə bildirdi ki, sinifdə yüksək bal toplayan abituriyentlərin hamısı birinci sinifdən 6 saylı tam orta məktəbdə təhsil alıb, məktəbin müəllimlərindən dərs alıblar: “5-ci sinifdən bu uşaqların sinif rəhbəriyəm. Vasif hər zaman dərslərini yaxşı oxuyub. Ümumilikdə yüksək bal toplayanların hamısı əla oxuyub, sınaqlarda da yüksək nəticələr göstəriblər. Əslində Vasiflə bərabər biz Ramin Ağayevdən də yüksək nəticə gözləyirdik. Çünki sınaqlarda hər zaman 680 baldan yuxarı nəticə göstərib.  Görünür, həyəcanlı olub ki, imtahanda 655 bal toplayıb. Ancaq ikinci imtahanda ondan 700 bal gözləyirik. Özü də bu istiqamət üzrə ciddi səylə çalışır”.

Daha sonra isə Vasif Əsədovla söhbət edib, onun imtahanlara necə hazırlaşması ilə maraqlandıq. Vasif bildirdi ki, istirahətinə, əyləncəsinə də vaxt ayırıb, dərsini də vaxtı-vaxtında oxuyub:

“5-ci sinifdən etibarən dərslərimi yaxşı oxuyurdum. Bu, hesab edirəm ki, yüksək nəticə göstərmək üçün çox vacibdir. 10-ci sinifdən isə müəllim yanına gedib, 1-ci qrup üzrə hazırlaşmışam. Məktəbin digər müəllimlərinin də üzərimdə əziyyəti çox olub. Belə ki, dərslərimdə çətinliyim olardısa, müəllimlərim mənə kömək edirdilər. Bayram günlərində az da olsa əyləncəyə vaxt ayırıb, istirahətimi edirdim. Ancaq hazırlaşdığım müddətdə mobil telefonum olmayıb. Eyni zamanda sosial şəbəkələrin də istifadəçisi deyiləm.  Düşünürəm ki, yüksək nəticə göstərmək istəyən şagird telefondan uzaq olmalıdır. Bu, əsas şərtlərdən biridir. Eyni zamanda televizordan da aralı durmaq vacibdir. Dostlarla isə ara-sıra görüşmək olar”.

Vasif ailənin ilk övladıdır.  Məktəbdə təhsilini davam etdirən özündən kiçik qardaşının da məqsədi 700 bal toplamaqdır:

“Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Qohumlarımda 700 bal yığan olmasa da, əmim oğlu 600 baldan yuxarı nəticə göstərib. Mənim isə hədəfim yalnız 700 bal olub. Əvvəlcədən də elə bunun üçün çalışmışam. İmtahandan çıxandan sonra düşünmürdüm ki, hamısını düz yazmışam. Cavabları yoxladıqdan sonra isə nəticəni görüb, çox sevindim.  Niyyətim Bakı Ali Neft Məktəbində ”Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil almaqdır. Oradan sonra xaricə getməyi düşünürəm. Həmin universitetin elə xariclə əməkdaşlığı var ki, xaricdə də oxuya bilərəm. Sınaqlarda 700 bal topladığım vaxt olmayıb. Bizim sinifdən sınaqda ən çox balı 690 olmaqla Ramin yığmışdı”.

Daha sonra Ramin Ağayevlə də söhbət etdik. Ramin bildirdi ki, məqsədi ikinci imtahandan 700 bal yığmaqdır:

“Bu uğura sahiblənməkdə 1-ci sinifdən böyük əziyyət çəkmişdim. Sözsüz ki, son 2 ildə çəkdiyim zəhmətin çox böyük rolu var. Həm məktəbdə dərslərimi oxuyurdum, həm də repetitor yanına gedirdim. Növbəti imtahanda 700 bal toplamaq üçün daha çox çalışıram. Sonuncu sınaq imtahanında 690 bal yığmışdım. İmtahanda isə bir qədər həyəcanlı oldum və 655 bal topladım”.

Ramin də Vasif  kimi hesab edir ki, yüksək nəticə göstərmək istəyən şagird telefon işlətməli deyil: “Yüksək bal yığmaq üçün məncə, gərgin işləmək lazımdır. Mən şəxsən telefon işlətməyib, sosial şəbəkələrdən istifadə etməmişəm. Bizi inkişaf etdirən həm də sağlam rəqabətdir. Sinif yoldaşlarımla yaxşı mənada apardığımız rəqabət bizi bu həddə gətirib çıxardı. Azərbaycan İqtisadiyyat Universitetinin ”Beynəlxalq iqtisadi münasibətlər” ixtisasını seçməyi düşünürəm. Hələ ki xaricdə təhsil almaq fikrim olmasa da, gələcəkdə bu barədə düşünə bilərəm”.

Sinifdə Ramindən 1 bal yüksək toplayan Sabrina Yolcuyeva da növbəti imtahanda 700 bal yığmağı hədəfləyib:

“3-cü ixtisas qrupu üzrə Prezident Yanında İdarəçilik Akademiyasının hüquq fakültəsinə hazırlaşıram. Gələcəkdə yaxşı hüquqşünas olmaq istəyirəm. İnanıram ki, qarşımdakı məqsədə nail olacağam. Uşaqlıqdan elə arzum hüquq üzrə təhsil almaq idi. 2 il ərzində hazırlığa getmişəm. Elə məni bu məktəbin müəllimləri hazırlayıblar. Düşünürdüm ki, gələcəyim üçün mənə vacib olan təhsilimdir. Ona görə ümumiyyətlə, indiyə qədər telefondan, sosial şəbəkədən uzaq olmuşam. Yüksək bal toplamaq üçün istirahəti azaltmaq lazımdır”.

Məktəbin direktoru Qalib Bəşirov bildirdi ki, hər il şagirdlərindən 600 baldan yuxarı nəticə göstərən olur:

“Bundan başqa, inşa-yazı müsabiqələrində də şagirdlərimiz iştirak edib, birinci yeri tutublar. Bir şagirdimiz isə beynəlxalq müsabiqədə yer tutdu və onun mükafatlandırılması Meksikada keçirildi. Bu, bizim ən böyük uğurlarımızdan biridir. Ötən il bir şagirdimiz 695 bal toplamışdı. Bu il isə 700 balı gördük. Düşünürəm ki, şagirdlərimizin yüksək nəticə göstərməsində müəllimlərimizin fədakarlığı da böyük rol oynayır. 11A sinfimizdən 6 nəfərin yüksək nəticə göstərməsində sinif rəhbərinin də rolu böyükdür. Ümumilikdə, bizim məktəbdə zəif müəllim yoxdur. Çox şadam ki, bu cür nəticə göstərdik. Bu il ali məktəbə sənəd verən 23 nəfərdən artıq 20 nəfəri yuxarı nəticə göstərib. Ümidimiz var ki, növbəti imtahanda 600 balı keçən abituriyentlərimizin sayı artacaq”.

Onu da qeyd edək ki, 6 saylı tam orta məktəb təmirsiz vəziyyətdədir. Bildirildi ki, məktəbin təmir olunması gündəlikdədir və bu istiqamət üzrə işlər aparılacaq. Təmirsiz olsa da məktəbdə sadaladığımız şagirdlərdən başqa Murad Hacıyev 1-ci qrup üzrə 600 bal, Rəşad Musayev 1-ci qrup üzrə 616 bal, Səbinə Kərimli 4-cü qrup üzrə 637 bal toplayıb.

Daha sonra isə İsmayıllı rayonunun 5 saylı tam orta məktəbinə yollandıq. Bu məktəbdə isə 8 şagird 600 baldan yuxarı nəticə göstərib. 3-cü qrup üzrə 668 bal yığan Ceyran Aydınova bildirdi ki, məqsədi ingilis dili müəlliməsi olmaqdır. Bunun üçün də səylə çalışır. Yüksək bal yığsa da digər ixtisasları seçmək barəsində düşünmür. Bildirdi ki, uşaqlıqdan arzusu ingilis dili müəlliməsi olmaqdır və bu istəyinin də arxasınca gedəcək. 3-cü ixtisas qrupu üzrə məktəbdə ikinci ən yüksək nəticəni toplayan (665 bal) Gülər Abbasova da sinif yoldaşı ilə eyni arzudadır. O da ingilis dili müəlliməsi olmaq istəyir. Bildirdi ki, babası və nənəsi müəllim olublar. Onların davamçısı olmaq niyyətindədir.

Sonda İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri  Rasim Orucovun fikirlərini aldıq. R. Orucov “Yeni Müsavat”a bildirdi ki, ötən tədris ilində rayonun  təhsil müəssisələrini 700-dən artıq şagird bitirib:

“Onlardan 40 nəfəri fərqlənmə attestatı, 3 nəfəri qızıl medal, 1 nəfər isə gümüş medalla təltif olunub. Ötən tədris ilində ali məktəblərə sənəd verən abituriyentlərimizdən 354 nəfəri qəbul olub. Onlardan isə 26 nəfəri 600 baldan yuxarı nəticə göstərib. 1 nəfəri isə 700 bal toplayıb. Bu il də ilkin nəticələrə görə uğurlarımız çoxdur. Eyni zamanda bu il də bir abituriyentimiz 700 bal toplayıb. Ümumilikdə rayonun nəticələri ötən illə müqayisədə daha yaxşıdır. Ötən ilin nəticələrinə görə İsmayıllı rayonu  respublikada 2-ci, rayonlar arasında isə 1-ci yerdədir. Ali məktəbə qəbul olan bütün şagirdlərimizi, onların valideynlərini təbrik edirəm”.

 

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …