Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / “Vasitəçilərlə “rəqs etməyə” başlayaq…”

“Vasitəçilərlə “rəqs etməyə” başlayaq…”

Politoloq Zərdüşt Əlizadə sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Zərdüşt bəy, Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina edib. Rusiyanın bu təşkilatla bağlı mövqeyi bəllidir. Fransa da Minsk Qrupunun fəaliyyətinə loyal yanaşır. Belə olan halda ABŞ-ın Minsk Qrupunu ölü zonadan çıxarmaq üçün israrını necə baş düşmək olar?

– ATƏT-in Minsk Qrupunun nədən ibarət olduğunu biz özümüz üçün aydın etməliyik. Bundan sonra biləcəyik ki, nə üçün bəzi qüvvələr ondan əl çəkmək istəmir. Məsələ ondadır ki, Qarabağ münaqişəsi başlayandan sonra Rusiyanın hərbi-siyasi dəstəyi və Qərbin mənəvi-siyasi himayəsi altında bu təşkilat prosesə qoşuldu. Onlar Ermənistan və Azərbaycanda olan hərc-mərclikdən, hakimiyyətsizlikdən, başıpozuqluqdan, təxribatçı, dağıdıcı qüvvələrin olmasından sui-istifadə edərək Azərbaycanın Qarabağ bölgəsini ələ keçirdilər. Bu, qanunsuz hərəkət idi. Amma Qərb dövlətləri və Rusiya buna dəstək verirdi. Çünki siyasətşünaslıqda bir həqiqət var ki, hər hansı bir bölgəni tənzimlənən etnik-ərazi münaqişəsi vasitəsi ilə idarə etmək çox asandır.

Məhz bu minvalla da Qarabağ münaqişəsi donduruldu. Bu, vasitəçilərin köməyi ilə tənzimlənən münaqişəyə çevrildi. Bununla da Rusiya və Qərb bölgəni nəzarətdə saxlamağa başladı. Beləliklə, iş 44 günlük müharibəyə qədər gəlib çatdı. Müharibə isə Qarabağın ermənilər yaşayan hissəsinə rus sülhməramlılarının yerləşdirilməsi ilə yekunlaşdı. Əməli olaraq Rusiya bölgədə yeganə tənzimləyici qüvvəyə çevrildi. Lakin digər imperialist dövlətlər – Fransa və Amerika bu vəziyyətlə razılaşmadılar. Onlar çalışdılar ki, həmin bölgəni yenidən nəzarətə götürsünlər. Bunu də tənzimlənən münaqişə vasitəsi ilə etməyə başladılar. Ona görə də, Minsk Qrupunun “qaldığını”, Ermənistanla status hüququndan və sair danışırlar. Sözsüz ki, bunların hamısı qondarma iddialardır.

– Bu hallara cavab vermək üçün Azərbaycanın hansı hüquqi və taktiki imkanları mövcuddur?

– Azərbaycanın buna cavab verməsi üçün bir neçə imkanı var. Onlardan biri erməni tərəfi ilə qısa zamanda sülhə nail olmaqdan ibarətdir. Bununla da prosesi yekunlaşdırmaq olar. Bundan sonra isə Azərbaycanla Ermənistan birgə mövqe ortaya qoya bilər ki, bizim aramızda vasitəçilərə ehtiyac yoxdur. Eyni zamanda diplomatik yolla da buna nail olmaq mümkündür. Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə məktub ünvanlayıb onlara nəcib səylərinə görə təşəkkür edə bilər. Həmin məktubda qeyd olunar ki, bundan sonra Azərbaycan keçmiş münaqişə tərəfi kimi hər hansı bir vasitəçinin, təşkilatın, qrupun xidmətinə ehtiyac duymur. Bununla da rəsmi olaraq Minsk Qrupundan imtina edilmiş olar. Eyni zamanda üç ölkənin Rusiya, Fransa və ABŞ-ın xarici işlər nazirlərinə də məktub ünvanlanaraq qeyd edilər ki, Azərbaycan artıq münaqişəni bitmiş hesab edir, vasitəçiyə də ehtiyac duymur. Bu, sözsüz ki, diplomatik bir yanaşmadır.

– Azərbaycanın bu mövqeyinə qarşı əks-hücum ehtimalını necə gözdən keçirmək olar?

– Sözsüz ki, bunun fəsadları da ola bilər. Azərbaycan belə bir addım atacaqsa, ondan incik düşmüş Fransa, Rusiya və ABŞ birlikdə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatda bu məsələni qaldıra bilərlər. Bununla da Azərbaycana qarşı hansısa bir addım atmaq üçün qərər əldə edilər. Amma bunun qarşısnı ala biləcək iki güc mövcuddur. Bu da Böyük Britaniya və Çindir. Azərbaycanın da bu məsələdə zəmanəti olmalıdır ki, heç olmasa onlardan biri bu üç dövlətin birləşib bizə qarşı düşmənçilik layihəsinə veto qoysun. Azərbaycanın buna əminliyi var ya yox, bunu demək olmaz.

– Başqa hansı yollarla vasitəçilərin bu təsirindən qorunmaq mümkündür?

– Azərbaycanın bu məsələdə atacağı növbəti addım o ola bilər ki, biz də bu oyuna qoşulaq və vasitəçilərlə “rəqs etməyə” başlayaq. Beləliklə də, bir 30 il onlarla “oyun” oynayaq. Minsk Qrupunu da yenidən “tanıyaq”, danışıqlar oyununu davam etdirək. Təbii ki, növbəti 30 il ərzində heç bir hərbi əməliyyat olmayacaq. Amma bu 30 il ərzində Qarabağda elə bir demoqrafik vəziyyət yaratmalıyıq ki, artıq bu məsələ tam həllini tapsın. Orada olan ermənilər tədricən Azərbaycanın ictimai-siyasi həyatına qoşulsunlar. Gərginlik aradan qalxsın, Ermənistanla münasibətlər tənzimlənsin. Paralalel olaraq da ATƏT-də formal “danışıqlar” getsin. Amma elə bir bir reallıq yaransın ki, daha hansısa bir “statusdan” söhbət etmək mənasız görünsün.

– ABŞ sanki Qafqazda daimi olaraq gərginliyin, çaxnaşmanın, qarışıqlığın olmasını arzu edir. Məqsəd nədir?

– ABŞ klassik imperialist dövlətdir. İmperialist dövlətlərin əbədi marağı ondandır ki, bütün dünyada çaxnaşma olsun. Bununla da hamı gəlib Amerikanın qarşısında diz çöküb, kömək istəsin. Yəni bütün böyük dövlətlərin – ABŞ, Fransa, İngiltərə, Rusiya imperialist mahiyyəti var. Onların özlərinin dövlət və siyasi maraqları mövcuddur. İmperialist dövlətləri digər zəif xalq və dövlətlərin maraqları qətiyyən maraqlandırmır.

Teleqraf.com

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …