Ana səhifə / Müsahibə / Türkiyənin bələdiyyə məclis üzvləri Tovuzda ön cəbhədə olub – FOTOLAR

Türkiyənin bələdiyyə məclis üzvləri Tovuzda ön cəbhədə olub – FOTOLAR

Türkiyənin bələdiyyə məclis üzvləri Tovuzda ön cəbhədə olub,şəhid ailələrini ziyarət edib və Azərbaycan həqiqətlərinin yayılmasında fəal olacaqlarını deyiblər.

Qardaş Türkiyənin Kırşehir vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Kırşehir bələdiyyə başqanı müavini Emre Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət olan nümayəndə heyəti “Kırşehirden Qarabağa könül körpüsü” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Azərbaycana ilk dəfə səfər edən qonaqlar ölkəmizin müxtəlif bölgələri ilə yaxından tanış olmağa başlayıblar və bu çərçivədə Tovuz rayonuna da səfər ediblər və Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Millət vəkili Qənirə Paşayeva qonaqlara Tovuz rayonunun ən çox şəhid verən rayonlardan olduğunu deyib: “ Torpaqlarımızın müdafiəsi uğrunda Tovuz rayonundan yüzlərlə qəhrəman oğlumuz şəhid olub və biz hər zaman onların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!” Kırşehir bəblədiyyə başqanı müavini Emre Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət olan nümayəndə heyəti Tovuz şəhərində Heydər Əliyev abidəsini də ziyarət etmişdir. Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva qonaqlara Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun tarixi, bu günü ilə bağlı ətraflı məlumatlar veriblər və suallar cavablandırıblar.

Qonaqlara Ermənistan Silahlı Qüvvələrinin mütəmadi şəkildə atəşkəsi pozaraq sivil insanları xüsusilə qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində işləyən insanları snayperlərlə hədəfə alması kimi vandalizm aktları barədə də məlumat verilib. Sonra qonaqlar Tovuz qalasını ziyarət ediblər, burada onlara Tovuz rayonunun tarixi barədə geniş məlumat verilib, Azərbaycanın son 200 ildə tarixini özündə əks etdirən xəritələrlə tanış olublar. Qonaqlar habelə Qafqazın ən qədim şəhər yaşayış məskəni hesab olunan, 8 minillik tarixə malik Göytəpə abidəsi ilə də bağlı geniş məlumat verilib. Sonra qonarlar Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəlmişlər. Burada Türkiyə nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olmuşlar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat vermişlər. Türkiyəli qonaqlar eyni zamanda Tovuzun Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valideynləri ilə görüşdülər. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün təşəkkür etdi. Millət vəkili Qənirə Paşayeva bildirdi ki, Naiq Yusifovun, eləcə də digər şəhid qardaşlarımızın vətənə sevgisi, onun uğrunda şəhid olması gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Türkiyə nümayəndə heyətinin üzvləri bildirdi ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır.

O, “Torpaq uğrunda ölən varsa, vətəndir”—deyərək şəhidin ailəsinə belə igid övlad yetişdirdiyi üçün minnətdarlıq etdilər. Qonaqlar kəndin gündəlik həyat tərzi, qayğı və problemləri ilə maraqlandılar. Millət vəkili Qənirə Paşayeva Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını, törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətn və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğuladı. Mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi bir daha işğalçı Ermənistanın əsl mahiyyətini üzə çıxarır.

Onun sözlərinə görə, Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan həqiqətlərini, azərbaycanlıların necə yaşadıqlarını eşitməyin başqa, gözlə görməyin tamam başqa olduğunu söyləmişdir. Milli Məclisin deputatı Qənirə Paşayeva isə qardaş ölkə nümayəndələrinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirmişdir. Qonaqlar Tovuz rayonu ilə geniş tanış olmaqla bərabər qədim Gəncənin tarixi-mədəni abidələrini də ziyarət ediblər.

 

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın