Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Teleaparıcı Günel: “100 min versələr də, kolbasa reklam etmərəm” – FOTOLAR

Teleaparıcı Günel: “100 min versələr də, kolbasa reklam etmərəm” – FOTOLAR

Uzun müddətdir ki, televiziyadan uzaq qalan teleaparıcı Günel Hümbətova musavat.com-un suallarına cavab verib.

Video-blogger olaraq fəaliyyətə başlayan aparıcı ilə yeni işlərindən, gələcək planlarından və ailə həyatından danışdıq:

– Video çəkmək, blogger olmaq ideyası necə yarandı?

– Video-blogger olmaq ideyasını mənə 3 il əvvəl həyat yoldaşım verdi. O zaman Amerikada yaşayırdım. Razılaşdım, amma həyata keçirməyə vaxt tapmadım. İstəyimi reallaşdırmaq ötən ilin son ayına qismət oldu. Mənim hansısa işi görməyim üçün mütləq bir işarət olmalıdır. Mən də komanda topladım, ilk videonu çəkdik. İlkindən tam razı qalmadım, səhvlərimi gördüm, çatışmazlığı bildim. Növbətilərdə onları aradan qaldıracağam. Mən rahatlığıma düşkün adamam. Bloqla bağlı xüsusi hədəfim yoxdur. Həvəsim olana kimi çəkəcəyəm. Uzun müddətli olmasını arzulayıram. Özümü motivasiya etsəm, gözəl işlər görə bilərəm.

– Videoları çəkməkdə məqsədiniz nədir?

– Məqsədim bildiklərimi bölüşməkdir. Elədiyim gündəlik işləri paylaşıram. Izləyicilərimə mənim arıqlamağım çox maraqlıdır. Bu barədə tez-tez suallar ünvanlayırlar. Gələcəkdə qonaqlarım olacaq. Istəyirəm ki, maarifləndirici rol oynayım.

“100 min versələr də, kolbasa reklam etmərəm”

– Bəzi firmaların, mağazaların adını açıqlayırsınız. Bunlar reklam xarakterlidir, yoxsa…?

– Hələ ki, reklam yoxdur. Mən özümdə olanları göstərirəm. Bəlkə, nə zamansa əməkdaşlıq etdim. Reklamla bağlı qaydalarım var. Bəyənmədiyim məhsulu reklam etmərəm. 223 minlik “İnstagram” səhifəm var. Istifadə edib, razı qalmadığım məhsulu reklam etmirəm. Keçən dəfə bir vitamini reklam etməyimi istədilər. Dedim ki, bağışlayın, edə bilmərəm. Çünki internetdə araşdırdım, dolğun məlumat tapmadım. Videolarımda da bəyənmədiklərimi dilə gətirirəm. Vicdanlı olmaq lazımdır. Kolbasanı, enerji və spirtli içkiləri, zərərli qidaları reklam etmərəm. 100 min də versələr, razı olmaram. “Channel” dünyanın tanınmış markasıdır. Amma mən tuşlarını bəyənməmişdim. Onu da dilə gətirdim videomda.

– Videoda geyimlərinizin qiymətlərini də deyirsiniz. Bahalı geyimləri paylaşaraq insanlarda qıcıq yaratmaqdan çəkinmirsiniz?

– Mənim 10 manatlıq geyimim də var. Onu da göstərəcəyəm. Neçə minlik, brend geyimlərimi nümayiş etməmişəm. Ucuz geyimlərim çoxdur. Almaqda da davam edirəm. Hər zaman bahalı paltar almıram. Inanmıram ki, insanlar mənə buna görə qıcıq olsun.

– Bu yaxınlarda Türkiyədə dizayn edib, hazırlatdığınız geyimlər barədə məlumat vermişdiniz. Hazırda dizaynerliyi davam etdirirsiniz?

– Kolleksiyanı hazırladım. Hər zaman işimə ciddi yanaşmışam, istəmişəm gördüyüm iş peşəkar olsun. Ona görə də geyimləri Türkiyədə hazırlatdım, Bakıda ürəyimcə dizayner, dərzi tapa bilmədim. Mən heç vaxt dizayner, dərzi, modelyer olmamışam. Onagörə bu işi peşəkarlara həvalə etmək istəmişəm Amma bu sahəyə marağım var. Hər dəfə iş üçün Türkiyə getmək məndə alınmır. Çünki uşaqlı anayam. Həm də üzü astarından baha başa gəldi. Dəyəri 100 manat olan geyimi 500-ə satmalıyam ki, maya dəyəri çıxsın. Uyğunsuzluq yarandığı üçün işi yarımçıq qoydum. Amma gələcəkdə butik açıb davam edə bilərəm.

– Geyimlərdə qırmızı rəng üstünlük təşkil edirdi. Adətən deyirlər ki, insanların geyimləri, sevdiyi rəng ruh halından məlumat verir. Razısınız?

– Razıyam. Əhval yaxşı, stressdən uzaq olanda insan rəngli geyinir. Qırmızıya olan sevgi xarakterimdən irəli gəlir. Bəzən isə qara və boz rəngə üstünlük verirəm. Bunlar qeyri-ixtiyarı baş verir.

“Ordan-burdan insanları tutub, teleaparıcı edirlər”

– Televiziyaya qayıtmaq fikriniz var?

– Efirə qayıtmağı düşünmürəm. Çünki maraq azalıb, inkişaf yoxdur. Çox pisləmək də istəmirəm. Deyəcəklər ki, efirdə yoxdur, ona görə tənqid edir. Televiziyanı izləmirəm, maraq dairəmə, zövqümə uyğun veriliş yoxdur. Heç izləməyə zamanım da yoxdur. 6-7 il öncə təqdim etdiyim verilişi indi keyfiyyətsiz formada aparırlar. Haradan gəldi insanları gətirib, aparıcı edirlər. Bundan əlavə, bir ayağım Bakıda, biri Amerikadadır. Heç kimin işini yarımçıq qoymaq fikrim yoxdur. Televiziyaya da, radioya da dəvət edirlər, getmirəm. Həm də rahatıma düşkünəm, sərbəst olmalıyam. Özümə “Youtube” kanalı açıb, aparıcılıq edirəm. Belə daha rahatdır.

– Yeni simalar efirə gəlsə də, onların tanınmamasının səbəbi nədir?

– Yəqin, səbəb özlərini inkişaf etdirməmələridir. Ya da maraqlı persona deyillər.

– İstər məişət, istər sosial, istərsə də başqa mövzular olsun, proqrama sahəyə uyğun ekspert deyil, müğənnilər, artistlər dəvət olunur. Bəlkə də, verilişlərin uğursuz olmasının səbəbi budur?

– Aparıcının da, komandanın da istəyi reytinqdir. Şirkətlər reytinqli proqrama sponsor olur. Reytinqi də məşhurlar verir. Onların məişət, ailə problemləri daha maraqlıdır. Bu addım düzgün olmasa da , heç kimi qınamıram. Faydalı olsa da, adi ekspertin fikirləri insanlara maraqlı deyil. Təəssüf ki, televiziya kütləni arxası ilə aparmır, özləri kütlənin arxası ilə gedir.

– Aparıcılar da bir növ şou-biznes adamı sayılır. Siz isə bu sahədən uzaqlaşmısınız. Kənardan şou-biznes necə görünür?

– Heç vaxt özümü şou adamı saymamışam. Amma istər-istəməz bu sahədə olmuşam. Qalmaqalları isə jurnalist dostlarım sosial şəbəkədə paylaşanda görürəm. Bəzən rəfiqələrimlə görüşəndə deyirlər ki, gördün, filan kəs filan kəsə nə dedi? Deyirəm ki, izləmirəm, siz məndən çox bilirsiz. Çünki mənə maraqlı deyillər.

– Tamaşaçılar sizi “Yeni ulduz” mahnı müsabiqəsindən tanıyıb. Yenidən müğənni kimi fəaliyyət göstərmək fikriniz var?

– Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Estrada müğənnisi” şöbəsini bitirmişəm. O zaman uşaq idim, müğənniliyə həvəsim vardı. Artıq ancaq özüm üçün oxuyuram. Tamaşaçılar məni heç vaxt müğənni kimi görməyəcək yəqin ki. Arada oxumağa həvəs gəlir. Amma oxumaq istəmirəm.

– Günelin bir günü necə keçir?

– Bir ana, qadın kimi 24 saat mənə çatmır. Qızım Josi ilə məşğulam. Səhər dururuq, Josini kursa aparıb-gətirirəm, onunla məşğul oluram. Sonra idmana, çəkilişə gedirəm. Dayəmiz də var, amma uşağımla bağlı mütləq hər şeyə özüm nəzarət etməliyəm.

“Boşanmadığıma onları inandırmağa məcbur deyiləm”

– Həyat yoldaşınız tez-tez Amerikaya gedib gəlir. Bu cür ailə həyatı çətin deyil?

– Deyirəm ki, Bakıya bir dəfəlik köç. Təəssüf ki,işləri ilə bağlı alınmır. Amerikada işləyir, təhsil alır. Gələcək üçün mən bir dəfəlik köçəcəyəm. Hələ ki, bu həyat tempinə öyrəşmişik.

– Uzun müddətdir ki, Bakıdasınız. Burada olmağınız da boşanmağınızla bağlı xəbərlərin yayılmasına səbəb olub.

– Ailəliyəm. İnsanları inandırmaq məcburiyyətində deyiləm.

– 2018-ci illə bağlı planlarınız nədir?

– Magistr təhsili almaq istəyirəm. 2014-cü ildə təhsil almaq istəsəm də, ailə qurdum, ana oldum, təhsillə bağlı planlar yarımçıq qaldı. Əsas mənim üçün ailədir, övladdır. Bir də ki, oxumaq üçün heç vaxt gec deyil, məncə.

– Son zamanlar qadınlar bir övladla kifayətlənməyin tərəfdardır. Siz necə yenidən ana olmaq haqda düşünürsünüz?

– Hərdən mən də düşünürəm ki, bir övlad bəsdir. Planetə artmaqda olan insanlar ağırlıq edir artıq. Balans pozulur. Sonra fikrimdən daşınıram. Böyük ailə gözəldir. Gələcəyin işini bilmək olmur.

– Bəs Günel necə gəlindir? Qayınananızla yola gedirsiniz?

– Tez-tez danışırıq. Yoldaşımın valideynləri Özbəkistanda yaşayır. Hələ ki, orada olmamışam. Yeni ildə getmək istəyirdik. Qayınanam dedi ki, soyuqdur, yazda gələrsiniz. Qayınanam mənə məsləhətlər verir, mən də qulaq asıram.

– Çox zaman gəlinə qayınananın sözü xoş getmir.

– Onlarla bizim dünyamız fərqlidir. O dindar insandır. Biz fərqli insanlar olsaq da, qızıma, mənə məsləhətlər verir. Çox mütaliə etdiyi üçün verdiyi məsləhətlər faydalı olur.

– Günelin kompleksləri varmı?

– Kompleksiz insanam, saçlarım dağınıq, makiyajsız çıxıram evdən hər gün. Nadir hallarda makiyaj edirəm. Mənə necə rahatdırsa, elə davranıram. Elə olub ki, toya dəvət ediblər, bir dodaq boyası çəkib, saçımı darayıb getmişəm.

– Əsəbi, tez özündən çıxan birinsiniz?

– Tez əsəbləşirəm, tez də sakitləşirəm. Amma xırda şeylər məni əsəbləşdirmir. Axır vaxtlar ancaq uşaqlarla bağlı haqsızlıqlara əsəbləşə bilərəm. Müdrik olmağın tərəfdarıyam. Hər xırda şeylərə görə küsüb, dalaşıb münasibətlərin üstündən xətt çəkən insanlardan deyiləm.

– Günel sərbəst böyüyüb və ya kənardan elə görünüb. . Qızınızı necə sərbəst böyüdürsünüz?

– Çox sərbəst olmamışam. Anamın nəzarəti üstümdə olub. Indi də anama deyirəm ki, məni sıxırdın. Kənardan sərbəst görünə bilərdim, amma çərçivələrim vardı. Heç vaxt gecə çıxıb harasa getməmişəm. Qızımla dost olmağa çalışıram. Qızım fərqli mühitdə və fərqli dövrdə böyüyür. Amerika vətəndaşı olduğu üçün gələcəkdə orada yaşayacaq . Və yəqin ki, o da onun sərbəstliyinə, tərbiyəsinə təsirsiz ötüşməyəcək.

 

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …