Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Teatr direktorundan ilginc açıqlamalar: “Bu fakt doğru olsa…”

Teatr direktorundan ilginc açıqlamalar: “Bu fakt doğru olsa…”

İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev: “Burada qalıb çalışanlar sənəti sevənlərdir…”

İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu günlərdə izdihamlı mövsüm açılışı etsə də, ətrafında gedən qalmaqallar səngimir. “Yeni Müsavat” qəzetinin əməkdaşı olaraq teatrın direktoru İftixar Piriyevlə görüşüb bir çox məsələlərə aydınlıq gətirməyə çalışdıq.

– 1988-89-cu illərdən deportasiya olunmuş teatrın vəziyyəti bu gün nə yerdədir?

– Əgər 1988-ci illərlə müqayisə etsək, bu gün teatr ölçüyə gəlməz dərəcədə yüksək nailiyyətlərlə inkişaf etmiş bir sənət ocağına çevrilib. İrəvan teatrı indi öndə gedən teatrlarla bir sırada dayana bilir. Xatırladım ki, həmin illərdə ölkədə böyük xaos hökm sürürdü. Mən onda Akademik Milli Dram Teatrında aktyor işləyirdim. Teatrların hamısı öz fəaliyyətini dayandırmışdı. Meydanlarda insanlar azadlıq uğrunda mübarizəyə qalxmışdı. İrəvan Teatrı da Ermənistan tərəfindən deportasiya edilmişdi. Buna görə də Bakıda teatr-studiya kimi fəaliyyət göstərmək məcburiyyətində qalmışdı. Lakin 1995-ci ildə teatra dövlət statusu verildi. 2000-ci illərə qədər teatr öz köhnə tamaşalarını bərpa edirdi və yeni tamaşalar hazırlamaq, özünü axtarmaqla məşğul idi. 2000-ci ildə mən bu teatra direktor təyin olundum. Həmin vaxt teatrda çaxnaşmalar, rəhbərliklə baş rejissor arasında qalmaqallar, qarşıdurma var idi.  Teatrın kollektivi ilə tanış olduqdan sonra az müddət içərisində teatrın strateji xəttini müəyyənləşdirdik və bu günə qədər həmin xətt üzrə öz fəaliyyətimizi davam etdiririk. 2007-ci ildə teatrımızın 125 illiyi keçirildi. Tədbir həm Bakıda, həm də Türkiyədə qeyd olundu. Daha sonra isə teatr ölkə xaricində təmsil olunmağa başladı. Teatrımız Gürcüstan, Dağıstanda da geniş miqyaslı qastrol səfərləri keçirdi.

– Ötən gün teatrın mövsüm açılışında, “Min möhtəşəm günəş” tamaşasında izdihamın şahidi olduq. Mövsüm açılışları həmişə bu cür izdihamlı olur, ya məhz həmin tamaşaya böyük maraq var?

– 2000-ci ildən bu günə qədər İrəvan Teatrının bütün mövsüm açılışları həmişə bu cür izdihamlı olub, ən azı anşlaqla keçib. Bilirsiz ki, hazırda binamızın təmirə ehtiyacı var. Biz binamızda tamaşa oynamırıq, yalnız məşqlərimizi aparırıq. Açılışlarımızı başqa teatrlarda həyata keçiririk.

– Bəs, bilet məsələsində çətinlik yaratmır?

– Yox. Məsələn, “Min möhtəşəm günəş” tamaşasını iki dəfə Rus Dram Teatrında açıq kassa ilə oynamışdıq və biletlər yüksək məbləğdə, 10-20 manat dəyərində satılmışdı. Heç bir teatrda biletlər bu məbləğdə satılmır.

– İddialar var ki, “Min möhtəşəm günəş”ə maraq məhz tamaşanın rejissoru Elvin Mirzəyevin adı ilə bağlıdır. Buna qədər İrəvan Teatrının tamaşaları bu cür maraqla qarşılanmayıb…

– O fikirdə olan dostlar İrəvan Teatrının digər tamaşalarını izləyib, daha sonra bu cür fikir səsləndirsinlər. Amma bir həqiqət var ki, Elvin Mirzəyevin hazırladığı tamaşa dünyada çox oxunan bir əsər olduğu üçün və onun özünün də bu günə qədər səhnələşdirdiyi tamaşaların nüfuzuna görə tamaşa böyük maraqla qarşılanır. Oxucunun görmək istədiyi, sevdiyi əsərlər, müəlliflər, həmin müəlliflərin personajları mütləq maraqla qarşılanır, baxılır. Və burda piar çox böyük rol oynayır. “Oğru” tamaşasını xatırlatmaq istəyirəm. Bu əsər mən direktor təyin olunmazdan əvvəl bir neçə dəfə hazırlanıb, sonra isə dayandırılmışdı. Mən həmin tamaşanın yenidən bərpasına çalışdım. Beləliklə, populyar aktrisa Dilarə Əliyeva və Azər Axşamın sayəsində tamaşanın bərpasına nail olduq. Həmin vaxt “SOY” şirkəti tamaşanın piarı üçün çox gözəl kompaniya apardı. Tamaşaya maraq o qədər çox olduq ki, əvvəlcə Mahnı Teatrında, daha sonra isə Gənc Tamaşaçılar teatrında oynadıq. Həmin vaxt biletlər artıq əldə satılmağa başladı. Yəni, əvvəlcədən bilirdilər ki, tamaşaya maraq çox olacaq, biletləri alıb əldə satırdılar. “Oğru” tamaşasını biz 20 anşlaqla oynamışıq. Teatrın rəhbərliyi həm teatr siyasətini, həm daxili yaradıcı potensialı, həm də tamaşaların təbliğat mexanizmini düzgün qura bilirsə, o teatr yaşayır. Çox təəssüf hissi ilə qeyd edirəm ki, biz indi başqa teatrlarda oynadığımıza görə vaxtımız çox az olur, biletlərin tez bir zamanda satışa çıxarılması çətindir. Buna baxmayaraq çalışırıq ki, tamaşalarımız anşlaqla keçsin. Bina olmadığına görə başqa teatr səhnələrinə çıxdığımız üçün, tamaşaçılar gəlib məkanı tapsın deyə təbliğat işləri aparırıq. Sizi əmin edirəm ki, əgər İrəvan teatrının binası təmir olunsa, çox böyük layihələr həyata keçiriləcək.

“Seriallara çəkilmək o demək deyil ki, sən sənətkarsan”

– Bəs teatrın təmiri nə zaman nəzərdə tutulub?

– Bu, bizim bilmədiyimiz məsələdir, konkret fikir söyləyə bilmirik. Çünki bu işlə digər dövlət müəssisələri məşğul olur.

– Hazırda kollektivdə neçə aktyor işləyir?

– 25 nəfərlik aktyor heyətimiz var.

– Aralarında Xalq artisti, Əməkdar artist varmı?

– Bəli, 3 nəfər Əməkdar artist var: Rəşid Səməndər, Vaqif Kərimov, Esmiralda Şahbazova.

– Məlum məsələdir ki, binanız hazır deyil, aktyorlar çox çətinliklə məşqlərini aparırlar. Maraqlıdır, aktyorların işə həvəsi necədir, aldıqları maaş onları qane edirmi?

– Bu teatra direktor təyin olunan zaman qarşımda belə bir məqsəd olub ki, gənclərə geniş meydan verim. Çünki gələcək gənclərin çiyni üzərindədir. Mədəniyyət və İncəsənət Universitetini bitirmiş aktyorlardan kim gəlibsə, onu işə götürmüşəm. Lakin sonra onların arasında kimlərsə ələnib. Yəni kimisi özünü bu teatrda tapıb, kimisi başqa teatrlara gedib. Burada qalıb çalışanlar sənəti sevənlərdir. Sənəti sevənlər isə heç bir çətinlikdən qorxmur. Deyim ki, qışda binamız çox soyuq olur, burda oturmaq mümkün olmur. Lakin buna rəğmən aktyorlarımız məşqlərə gəlir. Maaşlara gəldikdə isə, deyim ki, qənaətbəxşdir, yəni 170-180 manatdır. Ən çox maaş alan aktyor 220 manat alandır. Bu vəziyyət təkcə bizim teatrda deyil, bütün teatrlarda mövcuddur. İşə gələn adam bilir ki, maaş nə qədərdir. Mənim də maaşım çox azdır. Məsələn, teatrın rəhbəriyəm, ayda 300 manat alıram, 60 manat isə Əməkdar artist adıma görə əlavədir. Bu cür az maaşda işləmək insanın sənətə bağlılığı və fədakarlığıdır.

– Bəs deportasiya vaxtından bu günə qədər teatrda çalışan aktyor və aktrisa varmı?

– Bəli, Səmayə İsmayılova. O vaxtilə teatrın İrəvan dövründə çalışıb və bu gün də fəaliyyətini davam etdirir.

– Teatr mövsümünün açılışının səhəri günü məlumat yayıldı ki, 30 nəfər barənizdə prezidentə şikayət məktubu ünvanlayıb. Hətta məlumata görə, məktuba imza atanlar arasında xalq artistləri, ziyalılar, jurnalistlər də var. Nə baş verir?

– Birincisi, məlumat səhəri gün deyil, elə teatr mövsümünün açılışı günü artıq yayılmışdı. Bu işin tərəfdarı Əjdər Zeynalovdur. Daha sonra isə, həmin imzalar arasında xalq artisti yoxdur. Lakin kim olsa belə, ora imza atanların hər birinə sayğı ilə yanaşıram.

– Ümumyyətlə, həmin şəxslərin kim olduğundan xəbəriniz varmı?

– Bəzilərini bilirəm. Siyahıda olan tanınmışların adlarını mənə dedilər. Qeyd edim ki, 2-3 nəfər tanınmış var, digərləri isə bilinmir kimdir. Lakin buna baxmayaraq mən onlara hörmətlə yanaşıram ki, bir aktyora dəstək olurlar. Mən də Əjdər Zeynalova dəstəyəm. Onu müdafiə etmək ilk növbədə teatr rəhbərliyi kimi mənim borcumdur. Mən ona burada işlədiyi dövrdə nə qədər qayğı göstərdiyimi  teatrın kollektivi də, Əjdər Zeynalov da bilir. Hətta məcbur olub bunu da deyirəm ki, Əjdərin ən çətin anında, ölüm yatağında olarkən, hansı ki, ömrünə cəmi 3 gün qalmışdı, ona dəstək olduq, Moskvaya müalicəyə göndərdik. İndi müalicəsini alıb, gəlib, maşallah, yaşayır. İkinci bir tərəfdən isə onun əsassız, heç bir fakta söykənməyən, yalan, uydurma, böhtan, iftira xarakterli yazılarına susmuşam. Ona görə ki, cəmiyyət məni tanıyır. Buna arxayın olduğum üçün susmağı üstün hesab etdim. Özünü isə dəfələrlə söhbətə dəvət etdim, düz yola gəlməsini xahiş etdim. O isə başladı teatrın kollektivini aqressiv şəkildə aşağılamağa. Çünki kollektiv onun haqsız işinə görə qalxıb, onu tənbeh etməyə başlamışdı. Beləliklə, Əjdər Zeynalov başladı sosial şəbəkələrdən kollektivin ünvanına nalayiq sözlər işlətməyə. Gah “yaltaq”, “qorxaq” dedi, gah da “dərnək səviyyəli kollektiv” adlandırdı. Kollektiv isə bunu ona bağışlamadı. Və kollektivin 30 nəfərdən ibarət üzvü müraciət ünvanladı ki, “Ya yoluna qayıt, ya da ki, bu kollektivdə sənin yerin yoxdur”.

– Aktyoru qane etməyən nə idi? Problem nədən qaynaqlanmışdı?

– Əjdər Zeynalov deyir ki, guya onun 30 illik aktyorluq fəaliyyəti var. Yalan danışır! Onun bu cür yalanları çoxdur. Əgər dediyi yalanlardan biri doğrudursa, mən həmin faktın qarşısında barmaqlarımı əyməyə hazıram. Heç bir faktı doğru deyil. Nazirliyin nümayəndələri də gəlib araşdırma apardı və məlum oldu ki, deyilənlərin heç biri doğru deyil. O, vaxtilə İrəvan teatrından imtiyazlı olaraq Mədəniyyət və İncəsənət Universitetinə göndərilib, lakin universiteti bitirə bilməyib. Onu qovublar, diplomunu ala bilməyib. Daha sonra isə “Meydan” adlı özəl teatrda işə düzəlib. İrəvan teatrı deportasiya olunduğu vaxt, hansı ki, studiya şəklində fəaliyyət göstərirdi, həmin vaxt teatra gəlib. Lakin teatrın çox ağır dövründə teatrı buraxıb Moskva şəhərinə qaçıb. Buna görə dostları onu “sənət və vətən fərarisi” adlandırmışdılar. Moskva şəhərində isə küçə alveri ilə məşğul olmuşdu. 2008-ci ildə isə ölkəyə qayıtmışdı. Həmin vaxt diplomunun olmamasına belə baxmayaraq vaxtilə İrəvan teatrından imtiyazlı Bakıya göndərilməsinə görə onu işə götürdüm. Beləliklə biz ona burda şərait yaratdıq və bizim qayğımızla teatrda işləməyə başladı. Onun dediyi kimi 30 il deyil, cəmi 17 il teatr fəaliyyəti var. Bu 17 ildə cəmi 22 obraz oynayıb. Onlardan da 2-si 2-ci dərəcəli, qalanı isə 3-cü və epizodik rollardır. Bir dənə də yadda qalan obraz yaratmayıb. Yəni,  onun elə bir fəaliyyəti yoxdur. O, orta səviyyədən aşağı olan bir aktyordur. Bəli, seriallarda çəkilir. Amma bu gün küçədən də adam gətirib seriallara çəkirlər. Seriallara çəkilmək o demək deyil ki, sən sənətkarsan. İndi isə İrəvan Teatrına direktor olmaq iddiasındadır. O hesab edir ki, artıq o qədər yetişib, formalaşıb ki, direktor kimi fəaliyyət göstərə bilər. Bu iddialar onu əyri yola salıb.

– Mövsümün açılışında əməkdar artist Ayşad Məmmədovu da gördük. Məlum olaya görə aktyor bu günlərdə Akademik Milli Dram Teatrından uzaqlaşdırılıb. Onu sizin tamaşada tamaşaçı kimi əyləşdiyini gördükdə içimizdə bir sual yarandı – aktyor İrəvan Teatrına dəvət oluna bilərmi?

– Ayşad Məmmədov teatrdan uzaqlaşdırılsa da heç bir yerdə özü üçün imza toplatdırıb, dayaq axtarmadı. Çünki o, istedadlı aktyor və gözəl insandır. Teatr mühitinə yenidən qayıtmaq üçün sağlam düşünmək, sağlam hərəkət etmək lazımdır. Mən Ayşadı çox istedadlı aktyor kimi tanıyır və ona böyük hörmətim var. Əgər istəyərsə, məmnuniyyətlə dəvət edərik, niyə olmasın. O da Azərbaycanın istedadlı sənətkarıdır.

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …