Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Müsahibə / “Tərtərdə erməni kəşfiyyatına işləyən qrupun zəzərsizləşdirilməsində Hikmət Həsənovun…” – DEPUTAT

“Tərtərdə erməni kəşfiyyatına işləyən qrupun zəzərsizləşdirilməsində Hikmət Həsənovun…” – DEPUTAT

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Vüqar müəllim, oktyabrın 4-də erməni təxribatçıları Horadizi, o cümlədən sizin deputat ofisinizi atəşə tutdu. Hazırda rayonda vəziyyət necədir?

– Mütəmadi olaraq mülki vətəndaşlarımız, eyni zamanda onların əmlaklarının atəşə tutulması halları davam edir. Çox təəssüf ki, mülki vətəndaşlarımız, eləcə də ev təsərrüfatları hədəfə alınır. Əslində son günlər erməni silahlı qüvvələri yalnız cəbhə xəttində deyil, həm də digər rayon və şəhərlərimizdə də mülki vətəndaşlarımızı hədəfə alırlar. Bu isə ondan xəbər verir ki, sanki erməni silahlı qüvvələrinin son cəhdləridir, bir növ çırpıntı ilə hara gəldi Azərbaycan ərazisində mülki vətəndaşları və əmlakı hədəfə alırlar. Məqsəd də ondan ibarətdir ki, müharibənin coğrafiyasını genişləndirməyə çalışırlar.

Digər tərəfdən də vətəndaşlarımız arasında panika yaratmağa çalışırlar. Hətta Horadiz şəhərində deputat ofisinin vurulması belə əməliyyatların coğrafiyasının genişlənməsi və müharibənin Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçməsinə gətirib çıxarmayacaq. Bununla bağlı Azərbaycan ali rəhbərliyinin siyasi qərarı və mövqeyi var. Dünən Azərbaycan Prezidenti xüsusi qeyd etdi ki, biz Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad edirik və digər ölkələrin torpaqlarında gözümüz yoxdur. Xüsusən deputat ofisi və digər obyektləri vurmaqla çalışırlar ki, biz də analoji addımlar ataraq Ermənistan ərazisindəki obyektlərin vurulmasını həyata keçirək. Nəticədə Ermənistan bundan istifadə edərək qlobal hay-küy yaratmaq istəyir. Amma təbii ki, Azərbaycan Ordusunda vahid komandanlıq var, ordumuz işğal altında olan torpaqlarımızı azad etmək istiqamətində irəliləyir.

– Yeri gəlmişkən, düşmənin mülki əhaliyə hücumla panika yaratmaq cəhdi də uğursuzluqla nəticələndi…

– Ermənilərin hər hansı bir panikanın yaradılması cəhdi yetərsizdir. Çünki bu gün həm Füzuli rayonunda, həm digər cəbhə xəttində, eləcə də müxtəlif rayon və şəhərlərimizdə əhalinin əhval-ruhiyyəsi daha yüksəkdir. Məlumdur ki, 25 nəfər mülki vətəndaşımız dünyasını dəyişib, 100-dən artıq vətəndaşımız yaralanıb, amma buna baxmayaraq, Azərbaycan vətəndaşları arasında ab-hava ikiqat yüksəkdir və bu əhval-ruhiyyə davam edir.

Çox təəssüf ki, Füzuli rayonunda mülki vətəndaşların və əmlakın hədəfə alınması davam edir. Deputat ofisinin vurulması da ondan xəbər verir ki, erməni silahlı qüvvələri daha çox sosial obyektləri, o cümlədən mülki vətəndaşlarımızın əmlakını hədəf almağa çalışır. Amma yenə də vətəndaşlarımız əllərində Azərbaycan bayrağı ilə yollarda Ali baş komandanımıza və eləcə də ordumuza dəstək nümayiş etdirirlər. Bu dəstək davam edir və getdikcə daha da yüksəlir. Biz Füzuli rayonunun timsalında möhkəm milli birlik müşahidə edirik. Bu da Azərbaycan xalqının Ali baş komandanın ətrafında tam olaraq səfərbər olması anlamına gəlir.

Təbii ki, döyüşlər davam edir. Azərbaycan Ordusunun irəliləməsi ilə bağlı məlumatlar var. Nəzərə alaq ki, Cəbrayıl istiqamətindəki uğurlu irəliləyişlər məhz Füzuli rayonundan başladı. Çünki Füzulinin 1994-cü ildə işğaldan azad olunmuş ərazilərindən əks-hücum həyata keçirildi və nəticədə Füzuli şəhəri istiqamətindən Cəbrayıl istiqamətinə irəliləyişlər əldə etdik. Artıq Cəbrayıl şəhəri işğaldan azad olunub və Füzuli şəhəri istiqamətində də Azərbaycan Ordusu irəliləyir.

Füzuli rayonunda olan əhval-ruhiyyə, o cümlədən vətəndaşlarımız arasında bu gün gedən müzakirələr ondan xəbər verir ki, çox yaxın zamanlarda yeni xoş xəbərlər eşidəcəyik. Füzuli sakinləri hamı bir nəfər kimi rayon ərazisindədir, Ali baş komandana, ordumuza dəstəyini davam etdirir. Bu ondan xəbər verir ki, biz çox yaxın zamanlarda Füzuli rayonu istiqamətində aparılan döyüşlərdə yeni xoş xəbərlərin ictimaiyyətə təqdim olunmasını eşidə biləcəyik.

– Vüqar müəllim, 1-ci Ordu Korpusunun komandiri, general Hikmət Həsənovun adı Suqovuşanı (Madagiz) azad edən şəxs kimi tarixə düşdü. Onunla dostluq münasibətləriniz var, bu günlərdə 45 yaşı olacaq generalı necə xarakterizə edərdiniz?

– General Hikmət Həsənov Füzuli rayonun Pirəhmədli kəndində doğulub. Hikmət Həsənovla uzun müddətdir tanışıq. Hər zaman vətənpərvərliyi, milli qüruru və hərbi intizamı ilə seçilən hərbçilərdəndir. O, çox gənc yaşlarında həm Ali baş komandanımızın, həm də bütövlükdə ali rəhbərliyin etimadını qazanmış şəxsdir. O, Azərbaycanın ən gənc generallarından biridir. Hikmət Həsənov öz zəhməti ilə orduda uğur qazanan generallarımızdan biridir. Onun orduya gəlişi 90-cı illərdəki müharibəyə təsadüf edib. 1992-ci ildən etibarən orduya qoşulub və elə hərbidə də qalıb.

Bir neçə il əvvəl Tərtərdə erməni kəşfiyyatına işləyən bir qrup zərərsizləşdirildi. Həmin qrupun zəzərsizləşdirilməsində Hikmət Həsənovun rəhbərlik etdiyi polkun xüsusi xidməti olmuşdu. Aprel döyüşlərində də həmin polk fərqlənən polklardan biri idi.

Azərbaycan generalının iki gündən sonra 45 yaşı tamam olacaq. Hikmətin gənc yaşda general rütbəsini alması ondan xəbər verir ki, o, kifayət təcrübəli və peşəkar hərbçidir. Əminliklə deyə bilərəm ki, Hikmət Həsənov Vətənin işğaldan azad olması uğrunda heç nəyi düşünmədən öz canından keçə biləcək hərbçidir. Bəlkə də pafoslu çıxacaq, doğrudan da bu gün bütün hərbiçilərimiz Vətən uğrunda öz canlarından keçməyə hazırdır. Məncə, Azərbaycan çox nadir ölkələrdəndir ki, bu gün onun hərbisində vətənpərvərlik hissi yüksəkdir, kifayət qədər nizamlı və məsuliyyətlidir.

Bildiyimiz kimi, Hikmət Cəbrayıl istiqamətində gedən döyüşlərdə də iştirak edib. Ölkə başçısı bu istiqamətdə gedən döyüşlərdə iştirak etmiş hər iki generalı təbrik etdi. Ali baş komandan tərəfindən Hikmət Həsənova yeni tapşırıqlar verilib. Bu isə ondan xəbər verir ki, bu tapşırıqların icrası nəticəsində davamlı olaraq yeni xoş xəbərlər alacağıq.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …