Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Təhsil Nazirliyi: Tələbələr eyni vaxtda 2 ali məktəbin diplomunu alacaqlar

Təhsil Nazirliyi: Tələbələr eyni vaxtda 2 ali məktəbin diplomunu alacaqlar

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli AYNA-ya müsahibəsində, cəmiyyətdə dolaşan bəzi suallara aydınlıq gətirib. Müsahibəni təqdim edirik.

– Nicat müəllim, nədənsə 2007-2015-ci illər üçün nəzərdə tutulmuş xaricdə təhsil ilə bağlı Dövlət Proqamı çərçivəsində təhsil almış şəxslər indi meydanda görünmür. Tez-tez belə fikirlər səsləndirilir ki, həmin proqramdan ancaq dostluq-qohumluq çərçivəsində yararlananlar oldu və onların da heç 20 faizi ölkəyə qayıtmadı…

– 2007-2015-ci il proqramının mahiyyəti yeni eraya daxil olmuş Azərbaycana ciddi insan kapitalı qazandırmaqdan ibarət idi. Çünki yaxşı təhsil almış, xaricdə təhsil görmüş, dünyanın müasir trendlərindən anlayan və bu trendləri Azərbaycanda tətbiq edə bilən insan potensialına ehtiyac duyulurdu. Proqram çərçivəsində 3500-dən çox Azərbaycan vətəndaşına xaricdə təhsil almaq imkanı yaradıldı. Həmin kadrların 20 nəfərdən çoxu hazırda Təhsil Nazirliyinin Aparatında çalışır. Həmçinin bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iki köməkçisi – Emin Hüseynov və Xaliq Əhədov həmin dövlət proqramının məzunlarıdır. Ola bilsin ki, həmin şəxslər tanınsalar da, dövlət proqramının məzunları olduqlarını çox adam bilmir.

Onların ölkəyə 20%-nin qayıtması ilə bağlı deyilənlər kökündən yanlışdır. Düzdür, biz deyə bilmərik ki, həmin məzunların 100%-i ölkəyə qayıdıb, çünki onların bir hissəsi xaricdə qalıb, bir hissəsi hələ də təhsilini davam etdirir. Həmçinin Azərbaycana qayıdaraq burada 5 il işləmək öhdəliyini bitirəndən sonra geri qayıdanlar da var. Bəziləri isə heç ümumiyyətlə qayıtmayıblar, öhdəliklərini də yerinə yetirməyiblər. Ancaq bunların sayı kütləvi deyil, deyə bilmərik ki, məzunların böyük əksəriyyəti xaricdə qalıb.

Sössüz ki, bizim məqsədimiz Azərbaycan üçün insan potensialı yetişdirmək idi və biz buna görə dövlət pullarını xərcləmişik və s. Məsələ burasındadır ki, xaricdə qalan məzunlarımız belə, Azərbaycana töhfə verməkdə davam edirlər. Məsələn, xarici elmi tədqiqat  institutlarında, universitetlərdə işləyən insanlar var ki, bu gün də Azərbaycanın adına çalışırlar. Onların uğurları Azərbaycanın uğurlarıdır, Azərbaycanın xaricdə yaxşı lobbisini təşkil edirlər, keyfiyyətli, güclü təhsilli lobbi də ölkəmizin xeyrinə işləyən məsələdir.

– 2007-2015-ci il dövlət proqramını, ümumilikdə necə qiymətləndirmək olar?

– Proqramı kifayət qədər uğurlu olub və proqramın nəticəsindən Azərbaycan yaxşı insan kapitalı əldə edib. Bu gün həmin insanlar çox yüksək vəzifələrdə, dövlət sektorunda, özəl sektorda, Azərbaycanın ali təhsil müəssiələrində çalışırlar, çox ciddi töhfələr verirlər. Proqram Azərbaycan üçün, tamamilə, yeni tipli insan potensialının yaranmasında çox yaxşı baza rolunu oynayıb. Sözsüz ki, bunun nəticəsi olaraq dəyərləndirmələr aparılıb. Bundan sonra bu tipli proqramların hansı istiqamətdə davam etdirilməsi ilə bağlı qərar ortalığa çıxanda, tamamilə yeni tipli proqramın təklif olunması üçün baza yaranıb.

– 2019-2023-cü illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı necə, əvvəlkinin davamı olacaq, yoxsa məqsəd fərqlidir?

– 2018-ci ilin noyabr ayında imzalananmış yeni dövlət proqramı 2019-2023-cü illərdə Azərbaycan təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramıdır. Bu proqram əvvəlkindən birinci növbədə mahiyyət etibarilə fərqlənir. Əvvəl biz insan potensialına ehtiyac duyurduq, çünki bu, bizə təcili surətdə lazım idi. Amma biz eyni zamanda öz ali təhsil sistemimizi elə formalaşdırmalıyıq ki, bu, artıq bizim üçün davamlı insan potensialı, insan kapitalı verə bilsin. Məhz buna görə də yeni dövlət proqramı Azərbaycan ali təhsil sisteminin inkişafına yönəlib.

Proqramın iki istiqaməti mövcuddur. Birinci istiqamət Azərbaycan universitetlərinin dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramının təsis olunmasıdır. Bunu sıfırdan və ya havadan götürmədik. İkili diplom proqramının təsis olunması ilə bağlı dünyanın müasir trendləri mövcuddur, 90-cı illərdən başlayaraq Avropada başlayan və sonradan düyanın müxtəlif ölkələrinə sirayət edən, bu gün ali təhsil sistemində çox ciddi, qlobal trendə çevrilən məsələdir. Eyni zamanda da bizim özümüzdə bunun çox yaxşı təcrübəsi var idi. 2015-ci ildə Fransa-Azərbaycan Universiteti (UFAZ) fəaliyyət göstərməyə başladı və bu il artıq proqramın bakalavr pilləsindən ilk məzunları olacaq. Bu ildən magistratura proqramı da gerçəkləşdiriləcək. Bu, artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburq Universiteti arasında bağlanmış ikili diplom proqramıdır.

Bu proqram, bir növ bizimçün pilot rolunu oynadı və müvəffəqiyyətini, uğurunu gördükdən sonra düşündük ki, bu istiqamətdə davam etmək olar. Azərbaycan iqtisadiyyatı, əmək bazarı üçün prioritet olan istiqamətlər üzrə daha yaxşı fayda verə bilər. Buna görə nəzərdə tutulub ki, 5 ikili dövlət proqramı təsis olunsun. Artıq bu istiqamətdə ilk müqavilə imzalanıb. Amerikanın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitet arasında təhsil menecmenti sahəsi üzrə magistr proqramına bu ildən qəbul başlayacaq. Həmçinin Azərbaycan Diplomatiya Akademiyası da Corc Vaşinqton Universiteti ilə kompüter elmləri sahəsi üzrə magistr proqramını imzalayıb. Kənd təsərrüfatı, mühəndislik sahələri üzrə də danışıqlar davam edir. Əminik ki, ən azı, bu il üçün bu proqramı bütövlükdə əhatə edə biləcəyik.

– İkili diplom layihəsi təhsilin hansı pilləsini əhatə edəcək?

– İki diplom layihəsi həm bakalavr, həm də magistratura səviyyəsində nəzərdə tutulub. Burada da iki ildən sonra ilk məzunlarımız olacaq. İkili diplom layihəsinin ən yaxşı cəhəti ondan ibarətdir ki, xarici universitetin tədris proqramı Azərbaycana gətirilir və burada eyniylə orada olduğu kimi tədris aparılır. Oradan gələn professorlar burada dərs deyirlər. Üstün cəhəti ondadır ki, azərbaycanlı tələbələr Azərbaycandan uzaqlaşmadan yüksək təhsil ala biləcəklər və ali məktəbi bitirdikdə iki universitetin (həm xarici, həm də yerli) diplomunu ala biləcəklər. Xarici ölkədə oxuyaraq hansı səviyyədə mütəxəssis olacaqdılarsa, burada da həmin səviyyəli mütəxəssis kimi formalaşacaqlar.  

Bu layihə, həmçinin universitetlərin təkmilləşməsinə səbəb olacaq. Azərbaycanlı müəllimlər xarici mütəxəssislərlə birlikdə bu proqramı həyata keçirəcəklər. Xaricdən gələn mütəxəssisin yanında bir yerli asissent dərsə girəcək və o, artıq xarici sistemdə dərsin necə keçirilməsini öyrənəcək. O cümlədən azərbaycanlı müəllimlərin xarici treninqlərə göndərilməsi, peşəkar hazırlanması nəzərdə tutulub. Bütün bunlar o deməkdir ki, hətta proqram bitdikdən sonra belə, artıq həmin xarici universitetin tədris proqramını görmüş, onlarla bərabər işləyən, tədqiqat aparan kadr potensialı formalaşacaq. Bu da Azərbaycana həmin sistemin sonradan davam etdirilməsi kimi töhfə verəcək.

– Dövlət proqramının ikinci istiqaməti nədən ibarətdir?

– Proqramın ikinci istiqaməti xaricdə doktorantura təhsilinin maliyyənləşdirilməsidir. Əvvəlki dövlət proqramında həm bakalavr, həm magistr, həm də doktorantura təhsili maliyyələşdirildisə, indi ancaq doktorantura nəzərdə tutulub. Proqramın şərtinə görə, həmin şəxslər xaricdə oxuyandan sonra Azərbaycana qayıtmalı və burada universitetlərdə çalışmalıdırlar. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi, ali təhsil müəssisəsi və doktoranturaya gedən şəxs arasında üçtərəfli müqavilə imzalanır. Ali təhsil müəssisəsi həmin şəxsi qayıtdıqdan sonra işlə təmin edəcək, həmçinin təhsil müddətində onun uğurlarını izləyəcək, çünki potensial olaraq həmin təhsil müəssisəsinin kadrı hesab olunur.

Bununla da məqsəd kadr potensialının davamlı surətdə Azərbaycanda yaradılmasıdır. Hesab edirik ki, hər iki istiqamətdə məqsəd xarici trendləri Azərbaycanda tətbiq etməklə ali təhsil sistemini yüksək səviyyəyə qaldırmaqdır. Çünki biz artıq Azərbaycanda elə bir ali təhsil sistemi formalaşdırmalıyıq ki, dünya trendlərinə cavab versin, dünya universitetləri səviyyəsində keyfiyyətli təhsil verə bilsin.

– Bu proqram çərçivəsində doktoranturaya sənəd verənlərlə bağlı statistika necə oldu?

– Bu il doktoranturayla bağlı sənəd qəbulu elan etdik, yanvarın 25-də artıq sənəd qəbulu bitdi. Bunun analizi tam olaraq yekunlaşmayıb, ona görə nəticələr barədə dəqiq məlumat verməyim mümkünsüzdür. Amma hesab edirik ki, birinci dəfə üçün pis deyil. Bunu ildə iki dəfə və ya il boyu açıq saxlamaqla tətbiq edəcəyik ki, kim nə vaxt istəsə, müraciət edə bilsin. Təbii ki, tələbləri ödəmək şərti ilə. Hesab edirik ki, il ərzində 100-ə yaxın tələbənin xaricdə doktorantura təhsilini maliyyələşdirmək imkanımız olacaq.

Doktorantura təhsili kütləvi təhsil deyil, həmçinin dünyanın top universitetlərinin doktorantura pilləsinə qəbul almaq elə də asan deyil. Doktorantura təhsili xarici universitetlərdə çox ağır və çox ciddi səy tələb edən prosesdir, 3-4 il davam edə bilir. Bizim ilk məzunlarımız 4 ildən sonra Azərbaycana qayıtmağa başlayacaqlar. Növbəti 4 il ərzində hər il 100 tələbə göndərə bilsək, təxminən, on ildən sonra 400-500 yaxşı kadırımız olar. Bu da Azərbaycan təhsil sistemi üçün çox ciddi rəqəmdir. Nəzərə alaq ki, təhsil sistemində aparılan hər hansı islahat, qoyulan investisiya özünü, ən azı, 10 il sonra göstərə bilir.

– Belə anlaşıldı ki, yeni proqram ancaq yerli təhsilin inkişafına hesablanıb. Ancaq etiraf etməliyik ki, dövlət xətti ilə olmasa belə, hər il kifayət sayda azərbaycanlı ali təhsilin müxtəlif pillələri üçün xarici ölkələrə üz tutur…

– Bəli, hazırda tələbə mobilliyi kifayət qədər böyüyüb, xaricdə təhsil alan çox sayda tələbəmiz var. Məsələn, Macarıstana hər il 200,  Çinə 100 tələbə göndəririk. Həmçinin Rumıniyada, Latviyada, Rusiyada kvotalarımız var, müxtəlif sayda dövlət proqramlarından, təqaüd verən layihələrdən bəhrələnən kifayət sayda tələbələrimiz var. Hətta Təhsil Nazirliyinin əməkdaşlarından d, məsələn, Koreya proqramından yararlananlar var ki, gedib master təhsili alırlar. Yəni bu gün xaricdə təhsil almaq üçün kifayət qədər şanslar var, bundan ötrü dövlət vəsaitinə ciddi şəkildə ehtiyac yoxdur.  

Ancaq onu da nəzərdə almalıyıq ki, xarici tələbələri də qarşılıqlı olaraq Azərbaycana gətiririk. Məsələn, çinli tələbələr burada təhsil alırlar. Macarıstanla bağlı müqaviləmiz başa çatdı və yenidən uzadılması nəzərdə tutulur. Bu, artıq ikitərəfli qaydada razılaşdırılıb, qarşı tərəf bizdən 10-a yaxın macar tələbənin Azərbaycana gətirilməsini istəyir.

– Ölkədə ciddi kadr çatışmazlığı problemi var, xüsusilə də tibb sahəsində. Təhsil və Səhiyyə Nazirlikləri birləşərək bu problemin aradan qaldırılması məqsədilə hər hansı bir iş görə bilərmi? Məsələn, xaricdə çalışan azərbaycanlı mütəxəssisləri hər hansı bir proqramla, layihəylə ölkəyə cəlb etmək olarmı?

– Qeyd edim ki, ikili diplom layihəsi çərçivəsində Türkiyənin bir sıra tibb universitetləri ilə danışıqlar aparırıq. Ümid edirik ki, danışıqlar nəticə verəcək və biz Tibb Universiteti ilə Türkiyənin hansısa bir tibb universiteti arasında ikili diplom proqramının həyata keçirilməsinə başlayacağıq. Bu, artıq tam yeni sistem olacaq. O ki qaldı, Təhsil və Səhiyyə Nazirliyinin hansısa birgə işinə, Təhsil Nazirliyi ancaq təhsilin təşkili ilə məşğul olur. Bizim məqsədimiz ancaq keyfiyyətli təhsil verməkdir, ondan sonrakı mərhələ Təhsil Nazirliyinin işi deyil.

– Sizin işiniz olmadığını bilirik, sadəcə soruşuruq ki, ümumi işin mənafe naminə birləşərək hər hansı bir addım atmaq olmazmı?

– Biz bu istiqamətdə də müəyyən işlər görürük. Məsələn, dövlət proqramı çərçivəsində xaricdə, xüsusilə tibb təhsili almış mütəxəssislərimiz Azərbaycana qayıtdıqdan sonra onların barəsində məlumatı həm dövlət, həm də özəl qurumlara göndəririk. Bildiririk ki, bunların potensialından istifadə etmək lazımdır, sizə lazımdırsa, işə götürün. Bir çox hallarda dövlət qurumları həmin mütəxəssisləri sevə-sevə işə götürürlər. Amma tibb sahəsi fərqlidir, bir sıra parametrlərdən asılıdır ki, onların təfərrüatına varmaq istəmirəm. Bizim hazırda elə peşəkar mütəxəssislərimiz var ki, Türkiyədə tibb təhsili alıblar və bu gün də orada qalıb işləyirlər. Həmin mütəxəssislərin Azərbayacana gətirilməsi üçün isə xüsusilə Səhiyyə Nazirliyi bir sıra işlər görməlidir, onları Azərbaycanda işləməyə həvəsləndirməlidir.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …