Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Şuşa verilən ərəfədə IV ordunun bütün silah-sursatı bizim orduya təhvil verilmişdi”

“Şuşa verilən ərəfədə IV ordunun bütün silah-sursatı bizim orduya təhvil verilmişdi”

Qarşıdan Şuşa və Laçının işğalının növbəti ildönümləri gəlir. Hansı ki, istər sözügedən rayonların, istərsə də itirilən digər ərazilərimizin işğal səbəbi, müdafiədə yol verilən nöqsan və səhvlərin tam olaraq araşdırılıb-araşdırılmadığı ilə bağlı bu gün də birmənalı fikir mövcud deyil. Odur ki, Moderator.az olaraq sabiq müdafiə naziri Tacəddin Mehdiyevlə söhbətimizdə bu məqamlara aydınlıq gətirməyə çalışdıq.

Tacəddin bəy, bu ay həm Şuşanın, həm də Laçının işğalının növbəti ildönümüdür. Sizcə bu rayonların müdafiəsi ilə bağlı 1992-ci ildə bütün lazımi işlər görülmüşdümü? Bu rayonların itirilməsində hansısa yanlış hərbi-siyasi qərarların təsiri olubmu?

-Bu, çox geniş bir mövzudur. Bunun üçün bu hadisələrin  baş vermə səbəblərinə toxunmaq, onları izah etmək lazımdır. Çünki bunlar bir-biri ilə bağlı olan məsələlərdir və onları konteksdən çıxartmaq olmur.

Məsələn, Şuşanın işğalına nəzər salaq. Bilirdim ki, ermənilər koridoru açmaq üçün mütləq gəlib Şuşadan keçməlidirlər. Çünki əgər onlar digər tərəfdən koridoru açsaydılar, bu, bir dövlətin başqa dövlətə qarşı müharibəsi olardı. Hər şey ermənilərin Şuşanı götürmək niyyətindən xəbər verirdi. Çünki Şuşanın ətrafındakı kəndlər tədricən işğal olunurdu. Kərkicahanın alınması, Kosalar ətrafında düşmənin qüvvə cəmləməsi və s. bunu göstərirdi.

Ermənilərin əsas hədəfinin Şuşa olduğunu qabaqcadan bildiyinizi qeyd edirsiniz. Madam ki, düşmənin niyyətindən xəbəriniz var idi, o zaman bu niyyəti önləmək üçün hansı addımlar atdınız?

– Mən orada olanda, heç bir qüvvəm omaya-olmaya çalışırdım ki, Daşaltını götürək. Oranı götürəndən sonra mütləq qayıdıb Şuşukəndi də götürtməyə çalışacaqdım. Bunu etməliydim ki, gələcəkdə yol Malıbəyliyə açılsın. Şuşanın ətrafı təmizlənməli idi. Bu addımları atmağaı daha zəruri hesab edirdim və imkan daxilində buna səy göstərdim.

Şuşanın strateji mövqeyi, onun yerləşdiyi coğrafiyanın özünəməxsusluğu bu şəhərin alınmazlığı ilə bağlı təəssürat yaratsa da, sanki belə göründü, ermənilər bu şəhəri asanlıqla aldılar. Ən azından Şuşa düşmən hücumuna göstərməli olduğu müqaviməti göstərə bilmədi. Bu barədə nə deyə bilərsiniz?

-Şuşa elə bir coğrafiyada yerləşirdi ki, o, yaxşı müdafiə edilsəydi, bir batalyonla bir diviziyanın da qarşısını almaq olardı. Çünki ora cəmi iki yerdən yol var idi. Biri Laçın tərəfdən idi. Həmin vaxt Laçın bizdə idi və o tərəfdən Şuşa üçün qorxu yox idi. İkinci yol isə Xankəndəndi yolu idi. Bir də aşağıdan – erməni kəndi tərəfdən düşmənın çıxmaq ehtimalı var idi. Hansı ki, xırda bir qüvvəni Daşaltı tərəfdə yerləşdirməklə onları neytrallaşdırmaq olardı. Əsas diqqəti Xankəndi tərəfdən gələn yola yönəltmək lazım idi. Bütün qüvvələr bu yol istiqamətində cəmləşdirilməli idi. Yollar da öz növbəsində minalanmalı idi. Sonralar dedilər ki, o minaları çıxarıblar. Bu məsələdə də müqəssirlərin kimliyi bilinmədi. Məlum olmadı ki, minaların çıxarılması əmrini kim verib.

-Sizcə Şuşanı qorumaq üçün gərəkli hərbi texnika var idimi?

-Şuşa verilən  ərəfədə IV ordunun bütün silah-sursatı bizim orduya təhvil verilmişdi. Şuşada bir briqada yerləşirdi. Briqadanın komandiri isə Elburus Orucov idi. Orada tank da, BMP də, top da, “QRAD” da var idi. Bu cür qüvvələr olan yerdə bir diviziyanın da hücumunun qarşısını almaq olardı. Bu qüvvələri təhlükə gələn istiqamətdə elə yerləşdirir, hədəfləri elə dəqiqliklə vurusan ki, oradan heç nə keçə bilmir. Əgər yol da minalanıbsa, oradan bu halda hansısa qüvvənin keçməsi mümkünsüzdür.

Daşaltı tərəfdən o cür dağı qalxmaq qeyri-mümkün idi. Orada da xırda bir qüvvə yerləşdirilsəydi, o zaman təhlükədən tam oalraq sığortalanmaq mümkün idi.

Şuşanın yerli özünümüdafiə batalyonu var idi. Orada 380 nəfərdən çox adam var idi. Əgər orada ciddi müqavimət təşkil edilsəydi, onlar aylarla oranı saxlaya bilərdi. Düşmən heç vaxt oranı ala bilməzdi. Çünki bizdə hərbi texnika, silah-sursat da var idi. Bir sözlə, döyüşmək lazım idi.

Araşdırın, baxın görün Şuşa verilən gün  neçə nəfər həlak olub? Şuşanın özünmüdafiə batalyonundan və oradakı briqadadan neçə nəfər əsgər və zabit həlak olub? Bunu araşdırsanız, o zaman sizə hər şey aydın oalr. O zaman siz dəqiq biləcəksiniz ki, orada döyüş gedib, yoxsa yox.

Şuşanın itirilməsindən dərhal sonra çoxsaylı hərbi qüvvələrimizin Turşsu istiqmaətində cəmləşdiyi ilə bağlı məlumatlar yayıldı. Sizcə Turşsudakı bu qüvvələrin Şuşaya hücum edib düşmənin hələ möhkəmlənmədiyi şəhəri yenidən geri almaq imkanı var idimi?

-Qeyd etdiyiniz kimi, deyirlər ki, hərbi qüvvələr Şuşadan çıxıb Turşsuda yerləşib. Bildirirlər ki, ora bəzi yetkililər böyük qüvvə ilə gəlsələr də, onlar Şuşaya keçmədilər. Deyirlər ki, onlar Şuşaya ona görə girə bilmədilər ki, orada ermənilər var idi. Əgər bu cür qüvvələr var idisə, o zaman hərbdən başı çıxan şəxs Şuşa istiqamətinə həmin situasiyada iki kəşfiyyat qrupu göndərir. Onlara düşmənin olub-olmaması, varsa nə qədər canlı qüvvə və texnikaya malik olması ilə bağlı informasiya əldə olunur. Madam ki, Turşsuda böyük qüvvələr cəmləşmişdi, o zaman həmlə edib Şuşanı yenidən almaq olardı.

Şuşa bizm ən strateji nöqtəmiz idi. Şuşanın verilməsi ilə hər şey başladı. Bundan sonra aydın idi ki, ermənilər Laçına gedəcək, oradan da koridoru açıb Ermənistanla birləşməyə çalışacaqlar. Bizim ən ağrılı itikimiz Şuşa, ondan sonra isə Laçın olub.

-Sizcə Laçının müdafiəsi necə təşkil olunmuşdu? Bu müdafiəyə cəlb edilən hərbçilərimizdə döyüş əhval-ruhiyyəsi nə dərəcədə yüksək idi?

-Laçın alayında çox döyüşkən uşaqlar var idi. Onlara Arif Paşayev rəhbərlik edirdi. Onlar mərd uşaqlar idi. Maraqlı məqamlardan biri də budur ki, bu alayın ləğv edilməsi, onun briqada ilə birləşdirilməsinə kim əmr vermişdi? Buna həmin vaxt ehtiyac var idimi? Bu, döyüşkən bir alay idi, qoyardılar yenə də döyüşərdi də.

Laçınlılar çox döyüşən insanlardır. Mən onların batalyonunda olmuşam, orada əsgərlərlə görüşmüşəm. O batalyon bütün heyətlə “Azərbaycan əsgəri” mahnısını oxuyanda mənim gözlərim yaşarmışdı.

Bütün deyilənləri ümumiləşdirsək, sizcə bizim Qarabağ müharibəsindəki məğlubiyyətimizin ən ümumi səbəbləri hansılardır?

 

-Hesab edirəm ki, bu proseslər zamanı səhlənkarlığa, bacarıqsızlığa, bəlkə də bilərəkdən yanlışlıqlara yol verilib. Məğlubiyyəimizin səbəbi də budur. Əgər hər bir küçə uğrunda, ev uğrunda döyüş getsəydi, bu əraziləri almaq olardımı? İnsanları Şuşadan çıxardan, bununla bağlı əmr və göstəriş verənlər ağır cəza almalı idilər. Hərbi nizamnamədə belə bir müddəa var. Müdafiə olunan tərəflərə öz mövqeyini tərk etmək əmri verilmirsə, onlar sonuncu güllələrinə qədər öz mövqelərində qalmalıdırlar. Müdafiədəki qüvvələrin döyüşdən çıxmaq əmrini ancaq müdafiə naziri və ya baş qərargah rəisi verə bilər. Müdafiədəki qüvvələrin göyüşdən çıxması ilə bağlı əmr olub, yoxsa yox? Bunu araşdırmaq lazımdır. Əgər əmr olmayıbsa, oranı nə ixtiyarla tərk ediblər? Onlar son nəfəsinə qədər döyüşməli idi. Bax bütün bu məqamların hamısının dəqiqləşdirilməsinə, bunlara aydınlıq gətirilməsinə ehtiyac var.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …