Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Sülhəddin Əkbər: “Vəziyyət gərgindir, tərəflər qırmızı xəttə yaxınlaşırlar”

Sülhəddin Əkbər: “Vəziyyət gərgindir, tərəflər qırmızı xəttə yaxınlaşırlar”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:


– Romada Ərdoğan-Putin görüşü nəhayətdə baş tutdu. Bu görüş ABŞ və Türkiyə arasında gərgin və anlaşılmaz münasibətlər üzərindən yeni səhifə aça biləcək, yoxsa münasibətlərdəki gərginlik artan xətlə davam edəcək?

– Məncə, Bayden-Ərdoğan görüşündə diplomatik siyasi nəticə münasibətlərin qırılmasına yol verməməkdir. Bunun üçün də ortaq mexanizm lazımdır. Bu məqsədlə başda Xarici İşlər Nazirlikləri olmaqla əlaqələrin şəraitə uyğun qurulması üçün razılığa gəliblər. Başqa sözlə, Xarici İşlər və Maliyyə nazirlikləri arasında işçi mexanizm qurulacaq. Burada da başlıca məqsəd əvvəla münasibətlərin qırılma nöqtəsinə imkan verməmək və hansı sahələrdə mümkündürsə, münasibətləri inkişaf etdirməkdir. Məncə, bu daha çox hərbi sənaye və ticarət iqtisadi sahədə mümkündür.

İkincisi, Prezident Ərdoğanın açıqlamasında da belə aydın olur ki, PKK/YPG məsələsində də əsaslı olmasa da, müəyyən anlaşmalar əldə edilib. Bu da böyük ehtimalla yaxın zamanda bəlli olacaq. Amma digər məsələlər -F-16 qırıcılarının alınması məsələsində durum bir qədər fərqlidir. ABŞ prezidenti bu məsələyə müsbət yanaşıb, eyni zamanda işarə edib ki, ABŞ-da belə məsələlərə adətən Konqres razılıq verməlidir. Başqa sözlə, bu proses olacaq.

Amma digər sahədə mövcud olan problemlər məncə, qalmaqda davam edəcək.

– Bu hansısa formada Rsiya-Türkiyə münasibətlərinə təsir edə bilərmi?

– Xüsusi təsir edəcəyini düşünmürəm. Amma Tel-Rifatla bağlı, hansıki orada PKK/YPG terrorçuları rusların nəzarətindədir, ABŞ Türkiyənin əməliyyat keçirməsinə yaşıl işıq yandırıbsa və heç olmasa Türkiyəyə kəşfiyyat, hava, radio-elektronik dəstək verəcəksə, bu şübhəsiz ki, Rusiya-Türkiyə münasibətlərinə təsir edəcək. Amma köklü dəyişikliklərin olacağını zənn etmirəm. Hətta burada əməliyyat olarsa, ABŞ Ankaraya dəstək verməsə belə bu istər-istəməz Ankara-Moskva münasibətlərinə təsir göstərəcək. Çünki bu qarşıdurma yalnız Suriyada deyil. Liviyada, Ukraynada və Qarabağda da var. Gələcəkdə də Orta Asiyada olacaq. Üstəlik hazırda Bosniyada yeni gərginlik ocağı yaranıb. Balkanlarda yaranan bu gərginliyin arxasında da Rusiya dayanıb. Bosniya və Hersoqovina üçlü qurum kimidir və burada serblər Rusiyadan dəstək alaraq öz ordusunu qurmaq haqqında qərar veriblər. Bu da sözsüz ki, gərginliyə səbəb olacaq. Göründüyü kimi bir sıra regionlarda Rusiya-Türkiyə maraqları toqquşur. Odur ki, bunu birbaşa Amerika-Türkiyə münasibətlərinə bağlamaq da doğru olmazdı. Yəni gərginlik üçün onsuz da kifayət qədər əsaslar var.

– İki gün əvvəl məlumat yayılmışdı ki, ruslar tədricən Tel-Refatdan çıxır, terror başçıları isə ailə üzvlərini Qamışlıya köçürür. Bu dezinformasiya xaraktetrli məlumat nəyə xidmət edirdi?

– Hələlik təsdiq edilən məlumat yoxdur, amma informasiya sızıntıları var. Bunun dezinfromasiya və ya şişirdilmiş informasiya olmasını müəyyən etmək də çətindir. Mümkündür ki, Türkiyə bu məlumatı sızdırmaqla Rusiyaya mesaj verir ki, buradan çıxmaq lazımdır.

– İndi Türkiyə əməliyyat keçirmək və Suriya ilə 950 kilometrlik sərhədin üçdə ikisini qapatmaqda qərarlı görünür, bunun üçün hazırlıqlar həyata keçirir. Əməliyyatın baş vermə ehtimalı nə dərəcədə realdır?

– Əməliyyatın keçirilməsi üçün kifayət qədər hərbi birlik cəmləşdirilib. Sızan məlumata görə, orada 35 minlik canlı qüvvə, texnika toparlanıb. Yəni Türkiyə hərbi əməliyyat keçirməyə hazırdır, bu ehtimal da yüksəkdir. Amma nəzərə alınmalıdır ki, intensiv diplomatik danışıqlarda gedir və hər an bu əməliyyat dayandırıla bilər. Məsələn, ruslar Tel-Refatdan həm özünün, həm də terrorçuların çıxmasına razılıq verəcəksə, bu zaman niyə əməliyyat keçirilsin? Amma ümumilikdə Ankara əvvəl-axır Tel Refatda əməliyyat keçirməlidir, çünki, bu Türkiyə üçün milli təhlükəsizlik təhdidinə çevrilib. Buradan qaynaqlanan təhdid yalnız Türkiyənin Suriyanın şimalında azad etdiyi bölgələrlə bağlı deyil, eyni zamanda birbaşa Türkiyə sərhədləri üçün də təhdit yaradır. Odur ki, Tel-refetdan başlamaqla Türk Silahlı Qüvvələri Suriyanın şimalında bir neçə əməliyyat keçirməyi planlaşdırır. Amma bunun nə zaman, hansı məqamda keçiriləcəyi, haradan başlayacağını proseslərin gedişləri göstərəcək. O cümlədən Ankara-Moskva və Vaşinqton-Ankara arasında aparılan diplomatik danışıqların nəticələri ortaya qoyacaq.

– Son günlər Krım və Donbas xəttində də gərginlik müşahidə edilir, münaqişə ocağı sanki qızışır. Bu böyük masştablı aktiv əməliyyatlar mərhələsinə keçə bilərmi?

-Bəli, Donbasda da vəziyyət qızışır. Rusiyanın açıqlamasına görə, artıq orada on məntəqədə ABŞ hərbi kontingenti yerləşib, üstəlik iki liman yenidən qurulur. Azov və Qara dəniz sahillərində. Bu limanlar ABŞ və Böyük Britaniyanın dəstəyi ilə qurulur. Sözsüz ki, bu limanların yaradılması, Ukrayna ordusuna yeni silah və təlimlərin verilməsi, ABŞ-ın müttəfiqlərinə Ukraynaya lokal müdafiə silahları verilməsinə dair çağırış etməsi istər-istəməz münasibətləri qızışdırır. Buna diplomatik sahədə atılacaq addımları da əlavə etsək, hansıki ABŞ 55 rus diplomatını ölkdən çıxaracağını elan edib, habelə Rusiya NATO-dakı missiyasını dayandırır. Bir sözlə, Rusiyanın həm ABŞ, həm İngiltərə, həm də Bayraqdar TB2 səbəbindən Türkiyə ilə münasibətləri gərginləşir. Bu ölkələrin hər üçün NATO üzvüdür. Qara dənizdə də gərginlik artır və ruslar daima şikayət edirlər ki, ABŞ burada həm hərbi iştirakını, həm də aktivliyini artırır, Rusiyanın “sərhədlərini” pozur. Əlbəttə burada da Krımı nəzərdə tutur. Yəni gərginlik artır mövcuddur. Amma vacibi bu gərginliyin nə ilə nəticələnməsidir. Böhranlı vəziyyətləmi, yoxsa münaqişə, lokal müharibə iləmi? Məncə, bunu zaman özü göstərəcək. Tərəflər özləri də ehtuiyatla hərəkət edirlər. Çünki qırmızı xəttə yaxınlaşdıqlarını bilirlər.
Teleqraf.com

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …