Bəlkə də kobud səslənəcək, amma son günlərdə tanınmış simalar
arasında səmimi müsahib tapmaqda əməlli-başlı əziyyət çəkirəm. Bizim
cəmiyyətdə səmimiyyətə hərə bir don biçir. Amma mənim üçün səmimi insan
“səmimiyəm” deyib, aləmə car çəkən yox, söhbət zamanı səmimiyyətini
qarşısındakı insana ötürəndir. Müsahibənin yaxşı və uğurlu alınması üçün
müsahibin səmimi olması vacib amillərdən birincisidir. Həmsöhbətim
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq, şair Elçin
Mirzəbəylidir:
– Sizi bu qədər gülərüz və səmimi təsəvvür etmirdim. Özümü daha çox standart məmur obrazına kökləmişdim…
– Uzaqdan belə görünürəm (gülür). Bu da sadəcə mənim obrazımdır. Amma
qondarma formada yaratmamışam bu obrazı. Səmimiyəm, təbii ki, bəlli bir
mərhələyə qədər. İfrat səmimiyyət sadəlövhlükdür. İnsanlar arasında
hansı peşənin sahibidir, kimdir deyə, xüsusi fərq qoymuram… Xadimədən
tutmuş, daha yüksək vəzifədə olan insana qədər hamıya qarşı eyni
münasibətdəyəm. Mənim qarşımda peşə sahibi deyil, şəxsiyyət dayanır.
– Telefon danışığımız zamanı “siyasətdən danışmayaq, mən zorən siyasətçiyəm” demişdiniz. Bunu necə izah edə bilərsiniz?..
– Əslində, bu açar söz idi. Zorən siyasətçi dedikdə həyatın diktə
etdiyi formada siyasətçi olmuşam. Mən 1984-cü ildə ali məktəbə daxil
oldum. Bitirdikdən sonra əsgərliyə getdim. Əsgərlikdən qayıdandan sonra
artıq Azərbaycanda Milli Azadlıq hərəkatı başladı. 1988-ci ildə
ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını istəyirdilər.
Bunun üçün artıq hərəkətə keçmişdilər. Azərbaycanda bunun etiraz
dalğasını təşkil etmək lazım idi. O prosesin içərisində mən də yer
aldım. Mənim həmin dövrdə siyasətçi olmaq fikrim yox idi. Ümumiyyətlə,
Sovet dövründə siyasət anlayışı yox idi. Çünki çoxpartiyalı bir sistemin
olmadığı yerdə siyasət ola bilməzdi. Orda hər şey mərkəzdən
müəyyənləşirdi. Diskusiyaya, müzakirəyə ehtiyac yox idi. Yuxarıdan nə
deyilirdi, o da icra olunurdu. Biz bəlli bir məktəb keçmişdik ki, o
məktəb bizi zorla gətirib siyasi proseslərin içərisinə atdı. Əslində isə
heç kim bunu arzu etmirdi. Çünki mənim tanıdığım siyasətçilər vardı ki,
yaxşı hüquqşünas olmaq istəyirdi, bir başqaları yaxşı incəsənət
xadimləri olmaq istəyirdilər. Amma həyat, həmin dövrün şərtləri məcbur
elədi ki, kimlərsə önə çıxısınlar. Bu gün əksər siyasətlə məşğul olan
insanlar kimi məni də tarix, zaman proseslər, hadisələrin gedişatı
gətirib siyasətə çıxartdı.
– Siyasətçi kimi maraqsız müsahibəm deyirsiniz…
–
30 il insan siyasətlə məşğul olursa, onun bir formalaşmış yapısı
meydana gəlir. Tutumunu bilir, artıq ifadələr işlətmir. Siyasətə girsək,
siz məndən ancaq standart, analatik təhlillər alacaqsınız. Mən sizə
ictimai rəyin diqqətini cəlb edəcək fikirlər söyləməyəcəm. Çünki mən
siyasətdə şoumen deyiləm. Sizə xüsusi proqnozlar verməyəcəm ki, maraq
doğursun. Proqnozun arxasında təhlil dayanmalıdır. Təhlil yoxdursa, bu
artıq falçılıqdır. Ona görə də mən real situasiyanı şərh edəcəm. Bizim
cəmiyyət də real situasiyanı sevmir, obyektiv dəyərləndirməni xoşlamır.
İstəyirlər ki, yalan danışasan. Şou xarakterli informasiyalar verəsən
ki, diqqəti cəlb edəsən… – Hadı Rəcəbli kimi?
–
Hadı Rəcəbli əslində, düzgün danışır. Sadəcə olaraq onun fikirlərini
kontekstdən çıxarıb təqdim edirlər. Adam deyir ki, 65 yaşına çatan
adamları işdən çıxarmasınlar. Həm işləsin maaş alsın, həm də pensiya
alsın. Fikrini izah da edir, amma o izahatı vermirlər. Çünki mətbuata
izahat lazım deyil.
– Son günlərdə uşaq pulu ətrafında mübahisələr yaşanır. Siz nə düşünürsünüz bu barədə?
– Bu məsələlərlə bağlı korrupsiya faktları var. Bu tərəfləri də var ki,
maksimal dərəcədə imkanı olan şəxsə də ciddi sosial problemi olan şəxsə
də uşaq pulu veriləcək. Mənə elə gəlir ki, bu məsələ ətrafında
mübahisənin səbəbi bu problemdir.
“Biz cəmiyyət olaraq çox naqisik”
– O meyarları necə müəyyənləşdirəmək olar?
– O meyarları müəyyənləşdirmək mümkün deyil. Xüsusilə də Azərbaycanda.
Mən bu cəmiyyətin hər üzünü görən insanam. Vaxtilə kinoteatr direktoru
olmuşam. Bizim yanımızda məcburi köçkünlərə sosial yardım paylanılırdı.
Onlar hər biri bizim bacımız –qardaşımızdı. Bu, öz yerində. Amma mən ora
sosial yardım almaq üçün gələn insanlar gördüm ki, bahalı maşınlardan
düşürdülər. O qədər naqis cəhətləri olan bir cəmiyyətik ki… Bu
naqislik haradan qaynaqlanır, özüm də bilmirəm. İdeal cəhətlərimiz də
çoxdur, amma naqis tərəflərimiz ifrat dərəcədədir.
– Ölkədə ciddi sosial bərabərsizlik var… Bunu hiss edirsinizmi?
– Biz sosial dövlətdən çıxmışıq. Ona görə də sosial bərabərsizlik hər
zaman olacaq. Bazar iqtisadiyyatının tənzimlədiyi münasibətlər necə ola
bilər ki? Bir şeyin ki, adı bazardır. Amma insanlar üçün öz bacarıq və
istedadlarını büruzə verməsi üçün imkanlar yaradılmalıdır. Hər kəsə şans
verilməlidir ki, o öz işini qura bilsin. Hətta Sovet dövrünün özündə
belə partiya komitəsində çalışan bəzi insanlar adi insanlardan daha
yaxşı yaşayırdı. Halbuki heç bir işlə məşğul deyildilər. Bütün günü
kabinetdə oturub siçovul qovurdular.
– Çap mediasının vəziyyəti məlumdur. Belə bir durğunluq dövründə hələ də həvəslə qəzet çıxarırsınız. Oxunurmu qəzetiniz?
– Oxunur deyəndə ki, bizim öz kontingentimiz var. Əlbəttə oxunur.
Oxunmasa biz bunu çıxartmarıq. Təbii ki, əvvəlki səviyyədə deyil, bunu
hamı bilir. Amma internetə salnamə kimi yanaşmaq olmaz. İnternet çökə
bilər. Biz poliqrafiya ilə bağlı problemlərimizi həll edə bilməmişik.
Dünyanın bu saat heç bir ölkəsində ağ-qara qəzet çıxmır.
– Online media ilə, televiziyalarla bağlı nə düşünürsünüz? – Mətbuatla bağlı ideal gözləntim yoxdur, nə varsa cəmiyyətin aynasıdır.
– Bayağılığı aradan qaldırmaq üçün nə isə etmək lazım deyil?
– Cəmiyyət də o səviyyəyə gəlib çatmalıdır. Siyasi bir verilişə
əhalinin 4 -5 faizi baxır. Amma bayağı deyilən verilişlərə əhalinin
70-80 faizi baxır. Reklamçılar da ora pul verir. Çünki bu şirkətlər də
yaşamalıdır. Media necə yaşasın bəs? Bu gün cəmiyyətdə hər kəs
Azərbaycan mətbuatından nə isə gözləyir. Gözləyir ki, jurnalist
fədakarlıq eləsin. Bəs sən nə zaman fədakarlıq edəcəksən? Sən cibindən
50 qəpik çıxarıb qəzet aldınmı ki, mətbuatdan fədakarlıq gözləyirsən.
Bəs sən nə zaman cəmiyyətin inkişafı üçün çalışacaqsan? Hər kəs əlini
cibinə qoyub oturub gözləyir ki, media nə isə yaradacaq, telekanallar
nələrsə edəcək. Dəyişməliyik yüksək peşəkarlıq olmalıdır, bunlarla
razıyam. Amma peşəkarlıq təhsildən başlayır, telekanalada formalaşmır.
Formalaşa- formalaşa gəlib yaxşı rejissor olur, yaxşı operator olur. Bu
gün özümüz Avropa ölkələrinin telekanaları ilə müqayisə edə bilmərik.
Media industriyadır. Bizdə media indisturiyaya çevrilməyib hələ.
Cəmiyyət həm maairfləndirmə işinin aparılmasını tələb edir, həm də yaşa
pul qazan deyir. Məgər maarifləndirici nə isə yazanda oxuyurlar?
Oxumurlar axı. Gedib hansısa xanım müğənnini ətəyi barədə düşünürlər.
Qəbul edək ki, 90 faizimiz belədir. Heç kim özünü təmizə çıxartmasın.
Biz hansı xəbər başlıqlarının, nələrin oxunduğunu çox gözəl bilirik.
Bunun içində nəfəs alırıq. O xəbərləri oxuyub sonra da mətbuatdan
maarifləndirici yazı, veriliş tələb edirlər. Hər kəs birinci özünü,
düşüncələrini dəyişməlidir.
“Bir çox müğənnilərdən yaxşı oxuyuram”
– Müsahibələrinizin birində “heç kimə bəlli olmayan sahədə bacarığım var” demişiniz. Bilmək olarmı o hansı sahələrdir?
– O barədə danışmayaq. Çünki cəmiyyətin önündə o tərəflərimin
açıqlanmasını istəmirəm. Amma birini deyə bilərəm: gənclik və tələbəlik
illərimdə xüsusilə də Sankt-Peterburqda təhsil aldığım dövrlərdə kiçik
heykəlciklər düzəltməyi çox sevərdim. Taxtadan fiqurlar yonmağı
xoşlayırdım.
– Səsiniz necə, var?
–
Musiqi duyumum var. Nə isə oxuyanda doğru oxuyuram. Çünki vokal
dərsləri keçmişəm. Vokalı bilirəm. Adi insanlardan, hətta bəzi
müğənnilərdən daha yaxşı oxuyuram. Amma bu o demək deyil ki, mahnı ifa
etmək istəyim olub.
– Şair kimi şeirləriniz çox bəyənilir, sevilir. Amma siyasətçi kimi sevilmirsiniz. Bunun səbəbi nədir?
– Səbəbi əslində, çox sadədir. Siyasi proseslərdə konkret olaraq bizim
düşüncəmizə görə iki tərəf var. Azərbaycanda siyasi institutların
formalaşması prosesi tam başa çatmayıb. Çoxpartiyalı sistem tam
formalaşmayıb ki, o adamlar ideyalar üzərində qurulan partiyaları,
fərqli düşüncə sahiblərini görsünlər. Bu gün hakimiyyət var, mövcud
iqtidar və müxalifət var. Bir də radikal mövqedə dayanıb, hakimiyyətin
bütün addımlarını kəskin şəkildə pisləyən, eyni zamanda təkcə
hakimiyyəti deyil, bütöv dövləti hədəfə alan qruplar var. Mən xaraktercə
mərkəzçiyəm. Mərkəzçiləri adətən sevmirlər. Çünki mərkəzçilərin
funksiyası adətən cəmiyyətdə həmrəyliyi qoruyub saxlamaqdan ibarətdir.
Mərkəzçilər cəmiyyətdə olan problemləri onların çıxış yollarını
göstərməklə dilə gətirirlər. Əlimizi yuxarı qaldırıb hay-küy salmırıq,
söyüş söymürük ki, bizi aqressiv insanlar daha çox sevsinlər. Mən
onların sevməsi üçün siyasətlə məşğul olmuram – heç sevməsinlər. Mən
hakimiyyətin xoşuna gəlmək üçün susmuram. Siyasətçi kimi təbii ki, bir
qrup məni sevməyəcək. Onların məni sevməməsi normaldır. Çünki mənim kimi
insanların yaratdığı mədəni azərbaycanlı siyasətçi obrazı onların
cəmiyyətə təqdim etdiyi radikal aqressiv, gözündən kin püskürən
siyasətçi obrazını üstələyir və cəmiyyətdə təşəkkül tapmasına imkan
vermir. Baxın, biz Aralıq dənizi hövzəsində dini müstəvidə baş verən
proseslərə nəzər salaq. Dini radikalizmdən İŞİD törədi. Siyasi
radikalimzdən də əslində, İŞİD-dən fərqlənməyən qruplar törəyəcək.
Silahlara əl atacaqlar, insanların gələcəyini şübhə altına alacaqlar.
Çünki onlar hadisələri emosional şəkildə dəyərləndirməkdən başqa planlı
şəkildə həll etməyi, cəmiyyətin gələcəyini görməyi bacarmırlar.
Azərbaycanda ziyalı siyasətçi obrazı sevilmir.
– Son illərdir, məmur vətəndaş münasibətlərində bir uçurum yaranıb. Məmur xalqın sevimlisinə çevrilmək üçün nə etməlidir?
– Məmur xalqın sevimlisinə çevrilmək üçün heç nə etməli deyil. Bu gün
Azərbaycanda xalqını, dövlətini sevən təmənnasız xidmət göstərən
insanlar var. Azərbaycanda məmura yüksək əmək haqqı verilməlidir ki,
gözü onun-bunun cibində qalmasın. Yenə də o fikirlə razı deyiləm ki,
hamı məmura qarşı aqressiya ilə yanaşır. Aqressiya ilə yanaşanlar var.
Bunların arasında haqlı olanlar da var, haqsız olanlar da. Ümumi bir
problemdir bu. İnsanlar nə axtarırlar? Yaxşı həyat tərzi və ədalət.
Bəzən kiçik bir məmurun ədalətsizliyi nəticə etibarı ilə bir insanın
onun ailəsinin dövlətin ədalətinə olan münasibətinə kölgə sala bilir.
Məmur olmaq, həm də bir mənəvi məsuliyyətdir. Hər kəsdən dövlətçilik
təfəkkürü tələb etmək olmaz. Kimsə gözləyirsə ki, qısa müddət ərzində
Azərbaycan məmurlarının hamısının obrazı ideal olacaq. Bu olmayacaq.
Birinci növbədə özümüzdən başlamalıyıq. O məmurdan şikayət edən adam
övladının böyüyüb məmur olub, rüşvət almasını təbliğ etməməlidir. O
ideya ilə yaşamalı deyil. Cəmiyyət özü idealist olmalıdır ki, məmurdan
idealistlik gözləsin. Azərbaycanda ailələrin təfəkkürü dəyişməlidir. Bu
gün əslində, hər kəsin məmur olması üçün imkan yaratmaq lazımdır, özəl
sektorlar gücləndirilməlidir. Cəmiyyətin özünün də bu məsələlərə qarşı
bir marağı olmaldır. Oturub Sovet dövründən qalma fikirlərlə –ayın axırı
gəlsin maaşımı alım ailəmi saxlayım –yaşamaq da düzgün deyil. O dövr
bitdi… Sən anlamalısan ki, bazar iqtisadiyyatı dövründə yaşayırsan.
Şərtlər ağırdır, sərtdir.
– Axı imkan vermirlər… Balaca bir dükan açırsan başına on idarədən məmur toplanır.
– Bu məsələlərə hüquqi yol ilə müqavimət göstərmək lazımdır. Biz, demək
olar ki, ağır günləri, bəlli mərhələləri keçmişik. Bu gün bizi başqa
dövlət quruluşları ilə müqayisə etmək doğru olmaz. Ölkənin ərazisinin 20
faizi işğal olunub. Dörd tərəfdən basqı var, hər tərədən əlində olanı
almaq üçün gözünü çıxartmağa hazır olan qüvvələr var. Bununla belə sən
ayaq üstdə qalırsan və bu yerlərə gəlib çıxırsan. Mən nəticəni yaxşı
qiymətləndirirəm. Bundan daha yaxşı ola bilərdikmi? Əlbəttə ola
bilərdik. Edə bilməmişiksə, bu millətimizin potensialından irəli gələn
məsələdir. Kənarda düşmən axtarmağa gərək yoxdu. Bunu bacarmışıq bunu da
etmişik. Amma daha yaxşısını bacaracaq gəncliyimiz formalaşır Avropada
təhsil alan gənclər dəyişəcəklər bu ölkəni. Mən buna ümid edirəm.
“Yazıçılarımızın çoxunda meşşan həyatı yaşayır, əsərlərindən spirt qoxusu gəlir”
– Sözünüzdən belə başa düşdüm ki, xalq olaraq tənbəlik…
– Zəhmətkeş insanlarımız da az deyil. Amma ümumi götürəndə tənbəlik, bəli.
– Bu tənbəllik ədəbiyyat adamlarında da özünü göstərir sanki. Son günlərdə yazıçılar, şairlər yaman giley-güzarlı çıxışlar edir.
– Ağlım kəsəndən bəri giley- güzarı başa düşməmişəm. İndiyə qədər
kimsənin qapısını döyüb, kimsədən kitablarımı çap etməsi üçün yardım
gözləməmişəm. Oturub gözləməmişəm ki, Azərbaycan Yazıçılar Birliyində nə
vaxtsa kiminsə insafa gələcəyi təqdirdə istedadımı dəyərləndirərək məni
təqaüdə salacaq. Bu fəlsəfədən əl çəkmək lazımdır. Dünyanın əksər
ölkələrində ədəbiyyat gəlir mənbəyi deyil. Ədəbiyyata iş yeri kimi
baxmaq olmaz. Şairlik, yazıçılıq peşə deyil.
Peşə
səviyyəsinə gəlib çatmaq üçün bir mərhələ var. O mərhələni keçməlisən.
10 milyonluq bir ölkədə, 1000 tirajla kitab satıb sən həyatını təmin edə
bilməzsən. Dünya miqyasına çıxarsansa, hardasa sənin kitabların tərcümə
olunub yüksək tirajlarla satılarsa o zaman bu iş peşəyə çeviriləcək.
Şair, yazıçı yaradıcılığa müəyyən bir dövrə qədər hobbi kimi yanaşıb, öz
işi ilə məşğul olmalıdır. Ədəbiyyat adamı ailəsini özü dolandırmağı
bacarmalıdı. İşləməlidir, çalışmalıdır – hamı necə o da elə. Şeir yazmaq
insana xüsusi imtiyaz vermir. Sadəcə səni sevirlər. Bu gün mənim üçün
bundan böyük dəyər yoxdur. Bizim keçdiyimiz dövrlər daha bərbad idi.
Onda gərək, mən bütün günü oturub ağlayardım. Yaradıcılığımızın bir
hissəsini gözümüzün qabağında oğurlayıblar. Susmuşuq, amma mübarizəmizi
dayandırmamışıq. Biz indikilərə baxanda gələcəyə daha nikbin yanaşmışıq.
İndi şairlərin bir hissəsi əyyaşlığı, meşşan həyatı özünə şüar seçir,
müasirlik kimi qələmə verir. Amma o şeirlərin çoxundan elə meşşanlığın
qoxusu gəlir. Əsərləri spirt qoxusu verir. Sevgi yoxdur şeirlərdə.
Aqressiya var.
– Müasir Azərbaycan ədəbiyyatının gələcəyinə ümid bəsləmək olarmı?
–
Gənclərimizin arasında kifayət qədər istedadlı ədiblər var. Onlar heç
də daha əvvəlki ədəbiyyat adamlarımızdan aşağı səviyyədə deyil, hətta
üstündür deyə bilərəm. Azərbaycan dili mükəmməlləşib cilallanıb. Artıq
bir bənddə ifadə olunan fikirləri əvvəlki şairlərimiz bir poemada ifadə
edirdilər və indikindən daha bəsit formada. Ədəbiyyatda kamilləşmə
gedir. Qadın poeziyası inkişaf etməkdədir. Bu baxımdan mən
ədəbiyyatımızın gələcəyinə nikbin yanaşıram.
– Ürək və yazmaq arasındakı körpü nədir sizə görə?
– Şüur. Ürək və yazmaq arasına üçüncünü əlavə etməsək, ortaya bir şey
çıxmayacaq. İntellekt yoxdursa, ürək nə qədər emosiya ilə dolu olur
olsun, onu şeirə çevirə bilməyəcəksən. Bəsit bir şey çıxacaq ortalığa.
Qoşmlar, dördlüklər kimi. Azərbaycanda ştatlı ədəbiyyat adamları var
hansı tədbirə gedirsən, ancaq onları görürsən. Hamısı da bir-birinə
bənzəyən şeirlər yazırlar. Bax elə bir şey çıxır ortalığa.
– Yazdıqlarınızı yaşamışınız, yoxsa yazdıqlarınız yaşantıya çevrilib?
–
İnsan bir kompleks varlıqdır. Kompleks varlığın da xatirələri, yaşadığı
dərin təəssüratları, keçdiyi yollar var. Onlar formalaşıb sənin
şeirlərinə çevrilə bilir. Adi bir şeydən tamamilə fərqli gözləmədiyimiz
bir şeir yarana bilər. Bu, bir ağac budağı da ola bilər, bir qələm də
ola bilər, xəzan yarpağı da… Mənim bir şeirim var “Sən hardan bilirsən
tənhalıq nədir”. Mən o şeiri balaca bir qızcığazın obrazından götürüb
yazmışam. O obraz mənə qığılcım verib ürəyimdə o qızla söhbət etməyə
başlamışam.
– Sizin düşüncənizdəki tənhalığın təsviri necədir?
– Kimsəsizliyin son nöqtəsinə çəkilmək. Amma bu, faciə deyil. Bəzən
insan özü yalnız qalmaq istəyir. Yükləndiyim anlarda, ətrafımda neqativ
hadisələr baş verəndə tənha qalmaq istəyirəm mən də.
– Elçin Mirzəbəylinin səbri nə zaman daşır?
– Səbirliyəm. Səbrimin daşan vaxtlarında çalışıram bunu insanlar
arasında büruzə verməyim. Amma haqsızlığa qarşı çox sərt şəkildə rəftar
edirəm. Haqqımı tapdalayan olsa, onun cavabı çox sərt ola bilər.
– Əlinizin duzu var?
– Həm var, həm yoxdur. Amma bu barədə düşünmək lazım deyil. İnsan
kiməsə yaxşılıq edirsə qarşılıq gözləməməlidir. Mən heç vaxt nə isə
elədiyim insanlardan qarşılıq almamışam. Amma heç nə etmədiyim
insanlardan çox böyük dəstək görmüşəm.
– Azərbaycan ədəbiyyatında ideal qadın obrazı varmı?
– Vaxtilə Anar “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə stereotipləri
özünəməxsus formada dağıtdı. Mən razıyam, razı deyiləm bu başqa
məsələdir. Mən də o stereotiplərin əleyhinəyəm. Obraz necə varsa elə
olmalıdır. Ümumiyyətlə, qadına yanaşmada bir zəriflik hiss etdirmək
lazımdır. Amma söhbət Azərbaycan qadının nümunəvi obrazından gedirsə,
mənim arzu etdiyim ideal qadın obrazı yoxdur ədəbiyyatda. Amma həyatda
arzuladığım ideal qadın obrazı mənim evimdədir (gülür).
– Qadını şeirlərdə öldürücü qüvvə kimi təqdim edirlər. Bu yanaşma poeziyada nə zaman bitəcək?
–
Ümumiyyətlə, qürursuz olan heç nəyi xoşlamıram Sevgi üçün ağlayan
kişiləri də qadınları da sevmirəm. “Öldüm bitdim” dövrü geçdi artıq.
Düzdü hansısa mərhələlərdə məndə də belə şeirlər olub. Bu da poeziyanın
axarının təsirindən meydana gələn şeirlərdir.
– Mən sənin hər gecə yuxularındaTapıb itirdiyin adamam, qadın
– Bu da var…
Hər gün baxışınla açılsın səhər
Ensin gözlərimə şüa yerinə
Mən sənə Tanrının əmanətiyəm
Al oxu hər gecə dua yerinə
Mənim aləmimdə sevgi duadır və hər kəs sevdiyi qadını dua kimi qəbul etməlidir.
– Elçin Mirzəbəyli ən çox nədən qorxur?
–
Əslində, hər kəsin qorxduğu çox şey var. Özüm üçün heç nədən qorxmuram,
doğmalarımla bağlı qorxularım var. Bir dəfə ədəbiyyatdan uzaq bir
dostum mənə dedi ki: “Elçin, bilirsən əsl həqiqət hardadı: Əsl həqiqət
şalvarı cırılan uşağın ayaqlarındadır”. Mən cırıq ayaqqabıdan çıxan
barmağın üşüməsindən qorxuram.
Günel Musa
BakuPost