Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Sabir Rüstəmxanlı: “Ramil Səfərov haqda bu sözü dilə gətirmək milli şüursuzluqdur, korluqdur”

Sabir Rüstəmxanlı: “Ramil Səfərov haqda bu sözü dilə gətirmək milli şüursuzluqdur, korluqdur”

“O, savadlı, dünyagörüşü olan insan idi, Avropa şərtlərini bilirdi, belə adam gərəksiz ermənini öldürməzdi”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi, Qarabağ Komitəsinin üzvü Sabir Rüstəmxanlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
VHP sədri ilə ermənilərin cinayətləri, münaqişə barədə yazılan kitablar, erməni diasporasının fəaliyyəti, polkovnik – leytenant Ramil Səfərovun Macarıstanda erməni zabiti Qurqen Marqaryanı öldürməsi barədə söhbətləşmişik. Onun müsahibəsini təqdim edirik:
– Sabir bəy, Qarabağ müharibəsi, onun acıları barədə niyə son illərdə “dişə dəyən” əsərlər yoxdur?
– Qarabağ müharibəsi barədə bir xeyli kitablar, hekayələr, romanlar çap olunub. Sadəcə, burada bir psixoloji məqama diqqət yetirmək lazımdır: bizim millət öz məğlubiyyətini yazmağı sevmir.
Bizim dastanlara fikir verin, hamısının sonu qalibiyyətdir. Hətta o dastan zəif olanda, yaddaşa çevriləndə orada güclü tərəflərini tapıb yazmışıq.
Digər tərəfdən, Azərbaycan dövləti, xalqı və yazıçısı üçün Qarabağ müharibəsi bitməyib, biz millət olaraq hələ son sözü deməmişik.
Məsələn, II Dünya müharibəsindən SSRİ qalib çıxdı, o zaman insanlar sovetə vətən kimi baxırdılar, yazıçılar çoxlu əsərlər yazmışdılar. Qarabağ müharibəsi isə bitməyib və millət gözləyir.
– Ümumiyyətlə, yazıçı öz xalqının qanı tökülən müharibədən millətçi, yoxsa neytral mövqedə dayanaraq yazmalıdır?
– Normal yazıçı nə millətçi, nə də kosmopolit, insanlıq mövqeyində dayanır. Yəni həm savaşdan qalib çıxan tərəfə, həm məğluba eyni gözlə baxmalıdır.
Burada söhbət insan itkisindən, insan qanı tökülməsindən gedir. Yazıçı məsələyə insanlığın öz nəfsini yenə bilməməsi kimi baxır.
Lakin bu günə qədər müharibədə uduzmuş xalqların məğlubiyyətindən də uğurlu əsərlər yazan müəlliflər olub. Yazıçı insan faciəsini yazır.
Amma bu gün Qarabağla bağlı gedən proseslər, dünyanın işğal faktına ikili standartlarla yanaşması yazıçılara mane olur.
BMT qərar qəbul edir, Avropa Parlamenti qərar çıxarır, ATƏT mövqe qoyur, amma bütün bunlar kağız üzərində qalır, heç bir təsir mexanizmləri yoxdur. Amerika, Rusiya və Fransa hər şeyi taleyin öhdəsinə buraxıblar. Bu, çox gülünc mövqedir.
Azərbaycana qarşı haqsızlıq olub, yurdundan didərgin düşən 1 milyon insanın hüquqları dilə gətirilmir. Amma Azərbaycandan qovulan ermənilərdən danışılır.
Bu da yazıçıda qəzəb yaradır. Yazıçı müharibənin acılarını, insan humanizmini yaddan çıxarır, millətçilik mövqeyinə itələnir.
Eyni zamanda qarşı tərəfin riyakarlığı, erməninin özünü işğalçı kimi aparmaması təsir edir, erməniyə insan kimi baxmağa mane olur. Beləcə sən onu düşmən sayırsan.
– Siz qeyd elədiniz ki, 1 milyon köçkündən danışılmır, Azərbaycandan qovulan ermənilərdən danışılır. Bəlkə bizim diasporanın fəaliyyətində günah axtarmalıyıq?
– Bu gün Azərbaycan diasporundan erməni diasporu ilə eyni gücdə yarışmağı tələb etmək olmaz. Çünki onların çoxu xaricdə doğulan ermənilərdir. Amerikada yaşayan erməniyə Amerika vətəndir, Avropada yaşayana Avropa.
Ona görə erməni diasporları  çoxdan köklü şəkildə qol – qanad açıblar, tez təşkilatlanmaq imkanları var. Bizdən gedənlər isə boşluğa düşüblər, hələ indi-indi toparlanırlar. Avropaya gedənlərin dil bilgisi yox, yerli təşkilatlarla əlaqələri yox.
Rusiyaya gedənlərin isə çoxu çörək dalınca gediblər. Halbuki Tahir Salahov, Rüstəm İbrahiməyov, Fikrət Əmirov, Polad Bülbüloğlu, Qara Qarayev, Müslüm Maqomayev, Kərim Kərimov hər biri Moskvada öz sahəsinin qabaqcılı idilər. Amma 1 milyon insan qaçqın düşəndə hara getməlidir? Digər faktor ermənilərin xristian olmasıdır. Bunlar guya xristianlığı ilk dövlət səviyyəsində qəbul ediblər, guya məzlum xalqdırlar, Türkiyədən köç ediblər.
Türkiyədən köçürülməsinə səbəb isə onların Türkiyə vətəndaşı ola-ola ruslara casusluq etmələridir. Ancaq bu faktdır ki, günümüzdə informasiya savaşında onlardan geri qalırıq.
– Siz beynəlxalq aləmin ikili münasibətinin, işğalla bağlı sənədlərin kağız üzərində qalmasının yazıçıya təsir etdiyini bildirirsiniz. Amma Azərbaycanda da erməni işğalından, cinayətindən çox, Ramil Səfərovun erməni öldürməsini danışanlar var, bunu “cinayət” adlandırırlar…
– Ramil Səfərov haqda bu sözü dilə gətirmək, adını belə hallandırmaq milli şüursuzluqdur, korluqdur. Ermənilər bizim uşaqları borulara doldurub iki tərəfdən qaynaqlayanda, vəzifə sahiblərimizin olduğu vertolyotu vuranda, Xocalı soyqırımını törədəndə, 1918-ci ildə qadınları, uşaqları divara mıxlayanda bu cinayət olmur?
Məgər ermənilərin törətdikləri bu cinayətlər humanist ölüm idi? Ramil Səfərova qarşı bu nə təfəkkürdür, bu nə düşüncədir?
Ramil Səfərov yüksək intellektə malik bir insandır. Mən Macarıstanda onunla görüşmüşdüm, həbsxananın kitabxanasında oturduq, xeyli söhbət elədik. Məlum oldu ki, Ramildə 3-4 kitabım var imiş.
Dedi ki, macar dilini öyrənirəm. Bir adam həbsdə dil öyrənib bədii tərcümələr edirsə, ağıllı adamdır. Ramil savadlı, dünyagörüşü olan insan idi, Avropa şərtlərini bilirdi. Belə adam gərəksiz yerə kimisə öldürməzdi.
Düşmən özünü ləyaqətsiz aparanda ona layiqli cavab verilir. Sadəcə, guya humanizm tərəfdarı olan, özünü liberal sayan, Avropa təfəkkürü ilə düşünən adamlar onu belə qələmə verirlər. Onlar kimlərəsə özlərini göstərirlər. 
Ancaq bu şəxslərin tutduğu mövqenin Avropa dəyərlərinə, beynəlxalq insan hüquqlarına, liberal düşüncəyə aidiyyəti yoxdur. Ramilin torpağı, bayrağı, milləti təhqir olunub.
Ona görə məsələyə humanizm nöqteyi-nəzərindən baxmaq lazım deyil. Ermənilər hər gün kürəyimizdən vurur, bizi terror edir, bu cinayətləri demək lazımdır. 
Ermənilər deyirlər ki, Ramil Marqaryanı yatmış yerdə öldürüb, azərbaycanlılar vəhşidir, onlarla birgə necə yaşamaq olar? Onda Ermənistanda 250 min azərbaycanlı vardı, onları kim çıxardı?
Sən mənimlə bir yerdə yaşamaq istəyirsənsə, əvvəlcə gərək ərazi bütövlüyümü qəbul edəsən.
Niyə görə “Daşnaksütyun”un, digər erməni terror təşkilatlarının terroru yada düşmür, amma cavan oğlanın təhqirlərdən bezərək ermənini öldürməsi bu gün müzakirə edilir. Bu, milli şüursuzluqdur.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …