Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “Rusiyanın Azərbaycana müdaxilə və nəzarət imkanları artacaq”

“Rusiyanın Azərbaycana müdaxilə və nəzarət imkanları artacaq”

Azərbaycan Demokratik və Rifah Hərakatının rəhbəri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu Strateq.az-a müsahibəsində 2018 -ci ilin iqtisadi, siyasi yekunlarını dəyərləndirib, növbəti ildən gözləntilərini açıqlayıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

 – Qubad bəy, 2018-ci ilin yekunlarını necə dəyərləndirirsiniz? Xüsusən, iqtisadiyyatda hansı önəmli hadisələri qeyd edərdiniz?

– 2018-ci ilin iqtisadi yekunlarını dəyərləndirmək üçün ilk növbədə iqtisadi artım tempini xarakterizə etmək lazımdır. Bu ilin 11 ayının yekunlarına görə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı cəmi 1 faiz təşkil edir. Əvvəlki proqnozlarda 1.8 – 2 faizlik artım gözlənilirdi. Bu rəqəm onu göstərir ki, biz 2018-ci ildə gözlədiyimiz artıma nail ola bilmədik. Azərbaycan iqtisadiyyatı çox aşağı templə artmını davam etdirdi. Əvvəlki ilə baxanda artım nəzərə çarpsa da, bütövlükdə MDB ölkələri və inkişaf etməkdə olan dövlətlərin orta-statistik göstəriciləri ilə müqayisədə Azərbaycanın iqtisadi tempinin zəif artmı ciddi narahatlıq doğurur. Bu vəziyyət artıq iki ildir müşahidə olunur, ondan əvvəlki illərdə isə məlumdur, – iqtisadi tənəzzül qeydə alınıb. Bu müddətdə itirdiklərimizi bərpa etmək üçün hələ iki il də iqtisadiyyat belə templə artmalıdır.

2018-ci ilin iqtisadi yekunlarına nəzər saldıqda təbii ki, əsas göstəricilərdən biri infilyasiyadır. Doğrudur, göstəricilər əvvəlki ilə nisbətən aşağı qeydə alındı. Xatırladım ki, bundan əvvəlki illərdə infilyasiya göstəriciləri ikirəqəmli olmuşdu. 2018-ci ildə iqtisadi proseslər göstərdi ki, infilyasiya idarəolunan səviyyədədir. İlin önəmli hadislərinə gəldikdə, mən fiskal qaydalaırn qəbul olunması və dövlət büdcəsinin həmin qaydalarla hazırlanmasını qeyd etmək istəyirəm. İl ərzində diqqət çəkən məqamlardan biri də manatın məzənnəsinin sabit qalması olub. Bunun müəyyən fəsadlarını yaşasaq da, bütövlükdə 2018-ci illə müqayisədə tərəddüdlərə və gözləntilərə son qoyuldu. Yəni əvvəldən bəlli idi ki, 2018-ci ildə manatın məzənnəsində dəyişiklik olmayacaq.

– Mənfi fəsadlar deyərkən, nəyi nəzərdə tutursunuz?

– Manatın məzənnəsinin sabit saxlanılması bütövlükdə qeyri – neft sektorunun inkişafının aşağı düşməsinə gətirib çıxarıb. Bu da iqtisadi artımın kiçik templə irəliləməsini şərtləndirib. Manatın sabit qalması həm də Azərbaycanın ixracatında qeyri – neft sektorunun payının zəif göstəricilərlə təmsil olunmasını şərtləndirib. Dünyada neftin bahalaşaması ilə ixracatımız ümumilikdə artsa da, qeyri – neft sektorunun payı ciddi şəkildə artmayıb. Bu da narahatlıq doğurur və təbii ki, qeyri – neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatında ən əhəmiyyətli məsələlərdən biri kimi qalır.

2018-ci ildə biz problemli kreditlər məsələsini həll edə bilmədik. Bu il ərzində problemli kreditlərini artması və onun həcminin ümumi kredit portfelində 14 faizə çatması təəssüf doğurur. Başa çatmaqda olan ildə bu kreditlərin idarə olunması ilə bağlı müəyyən gözləntilər olsa da, çox təəssüf ki, bu gözləntilər özünü doğrultmadı.

İqtisadiyyatda nominal əmək haqqı artımı cüzi oldu – cəmi 2.8 faiz təşkil etdi. Bu, bütövlükdə orta istehlak qiymətləri indeksini cəmi 0.5 faiz qarşılayır. Göstərilən rəqəmlər qəbul olunan səviyydə deyil.

Qeyd etdiyim kimi ixracatda qeyri – neft sektoru cəmi 10 faiz artımla qeydə alındı. Bu, müqayisəli qiymətlərlə cəmi 1.7 faiz təşkil edir. Bu tempi 2017, 2016-ci illərin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisə etsək, faktiki qiymətlərlə qeyri-neft ixracatı 22.8 faiz, müqayisəli qiymətlərlər isə 2.8 faiz artıb. Amma bu il faktiki qiymətlərlə 10.9 faiz, müqayisəli qiymətlərlə isə 1.7 faiz artıma nail olunub. Bu baxımdan, hesab edirəm ki, qeyri – neft sektorunun artımı da qənaətbəxş olmayıb. Bununla bağlı kifayət qədər təşəbbüslər olub. Həm fiskal qaydaların qəbulu, həm bütövlükdə qeyri – neft ixracatının stimullaşdırılması, təşviq olunması, sənaye məhəllələrinin açılması, xüsusi ticarət zonalarının yaradılması bütövlükdə qeyri – neft ixracatının artmını şərtləndirməli idi.

Nəhayət, 2018-ci ilin iqtisadiyyatı ilə bağlı bir məqam da diqqəti cəlb edir: bu, institsional və kadr islahatları, dəyişikliklərlə bağlı idi. Məsələn, rəqabət insititunun müstəqilləşməsi ilə bağlı müəyyən bir addım atılsa da, bu, hüquqi müstəvidə təsbit olunmadı. Rəqabət Məcəlləsi parlamentdə qaldı, qəbul edilmədi.

– Qeyd etdiklərinizi nəzərə aldıqda, başa çatmaqda olan ili “imkanların və fürsətlərin itirildiyi” illərin biri kimi dəyərləndirmək olarmı?

– Bəli, 2018-ci ili həm də imkanların və fürsətlərin itirildiyi il kimi də qiymətləndirə bilərəm. Bunu əsaslandırmaq üçün bir neçə məqama diqqətinizi cəlb etmək istəyirəm: əvvala qeyd edim ki, 2018-ci ildə inhisarçı meyillərin daha da güclənməsi müşahidə olundu. Qeyri – neft sektorunda bir holdinqin daha da hökmran mövqeyə malik olub, digər holdinqlərin üzərində qələbə çalmasını müşahidə elədik. Əslində bu, qeyri – sağlam rəqabət əsasında baş verdi. Bu baxımdan hesab edirdim ki, müstəqilləşməsi istiqamətində müəyyən addımlar atılmış rəqabət institutu qanunvericiliyin təkmilləşdirilməsi ilə daha da gücləndirilməli idi. Amma təəssüflər olsun ki, Rəqabət Məcəlləsinin qəbul olunmaması, qeyr – sağlam rəqabət imkanlarının 2018-ci ildə önə çıxmasına və bunun sayəsində bir holdiqnin başqaları üzərində tam qələbəsinə gətirib çıxardı.

İmkanlar sahəsində 2018-ci il problemli kreditlərin həlli sahəsində itirilmiş bir il oldu. Hesab edirəm ki, problemin həlli üçün bu il daha yaxşı əsaslar yaranmışdı. Təəssüflər olsun ki, nə hakimiyyət, nə də banklar tərəfindən əhəmiyyətli addımlar atılmadı. Bu baxımdan, 2019-cu il də bu problemlər ciddi şəkildə özünü göstərəcək. Problem bank-müştəri münasibətlərinin gərginləşməsinə, etibarlı müştərilərin itirilməsinə gətirib çıxardı. İmkanlar baxımdan gözlənilirdi ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi istiqamətində addımlar atılacaq. Çünki başa çatmaqda olan ildə əsas hadisələrədən biri bu bu bankın ətrafında cərəyan edib. Xüsusi olaraq onu qeyd etmək olar ki, bankla bağlı Nyu-York məhkəməsinin qərarı, bank öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı aparılan müzakirələr ilin əsas hadisələrindən biri idi. Amma bu proseslər ABB-də islahatlarla başa çatmadı və sadəcə bankın rəhbərliyində müəyyən dəyişikliklərlə yadda qaldı. Daha sonra 2018-ci il mən korrupsiya ilə mübarizə sahəsində itirilmiş il kmi qiymətləndirirəm. Təəssüf ki, bu il də Azərbaycandan çıxarılmış pulların yuyulması və ölkənin korrupsiya reytinqinin pisləşməsi  qeydə alındı. Bu baxımdan hesab edirəm ki, hakimiyyətin korrupsiyaya qarşı mübarizə aparacağı ilə bağlı gözləntilər özünü doğrultmadı.

– Müsbət məqamlar kimi hansı hadisələri qeyd etmək olar?

– 2018-ci ildə bizneslə məşğulluq indeksində müsbət dinamika qeydə alındı. Bunu Dünya Bankı qeyd etdi, düzdür, bu da müəyyən suallar doğurdu. Bütövlükdə hesab edirəm ki, 2018-ci ilin sonunda vergilər sahəsində reformalara başlanılmasını hakimiyyətin gördüyü pozitiv işlərdən biri kimi qeyd oluna bilər.

– Real situasiyaya baxsaq, hökumət əlində olan hansı imkanlardan istifadə etmədi və ya edə bilmədi?

 – 2018-ci ildə prezident seçkiləri oldu və hökumətin yeni tərkibi formalaşdı. Yeni hökumətin reformalarla cəmiyyətdən dəstək qazana bilərdi. Amma bu bizim hökumətə nəsib olmadı. Kənd Təsərrüfatı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində dəyişkliklər, yeni kadrların cəlb olunması müsbətdir. Amma bu, bütövlükdə sistem dəyişikliyi ilə müşahidə olunmadığına görə, bütövlükdə müsbət dinamikaya gətirib çıxarmadı. Bu il kənd təsərrüfatı məhsullarının istehsalı daha yüksək oldu, amma yenə də bu sahədə struktur baxımdan problemlər qaldı. Xüsusi ilə fermerlərinin hüquqlarının qorunması, bazar iqtisadiyyatının kənd təsərrüfatı sahəsində tətbiqi sahəsində imkanlardan istifadə edə bilmədik. Bu sahədə inzibatçılıq, mərkəzləşdirilmiş idarəçilik və sifarişlər əsas rol oynadı.

– Yeni ildən əsas gözləntiləriniz nədən ibarətdir? Cəmiyyətdə həm qiymət artımı, həm manatın ucuzlaşması, həm də devalvasiya barədə gözləntilər var. Bunların ayrı-ayrılıqda nə qədər reallaşmaq imkanı var?

 – Yeni ildə qiymətlərin artması barədə gözləntilər əsaslıdır. Çünki dövlət büdcəsində aksiz dərəcələrinin artırılması göstərilib. Büdcədə aksiz vergilərin 210 milyon manata qədər artırılması nəzərdə tutulub. Təbii ki, bunlar əhalinin artan xərcləridir və son nəticədə infilyasiya yaradan dəyişiklik kimi dəyərləndirilməlidir. O cümlədən, sanksiyaların, cərimələrin peniyaların, ödənişlərin artırılması da qiymətlərin bahalaşmasını şərtləndirəcək. Avtomobillərin, enerji içkilərinin, tütün məhsullarının qiymətində artımlar gözlənilir. Mümkündür ki, Tarif Şurasının qərarı ilə tənzimlənən xidmətlərin – suyun, qazın, elektrik enerjisinin qiymətləri artırılsın.

2019-cu ildə qiymət artmını şərtləndirən başqa bir amil də iqtisadiyyatın ümumi vəziyyəti ilə bağlı olacaq. Çünki bütün proqnozlara görə, növbəti ilin infilyasiyası 1.5 faiz çox proqnozlaşdırılıb. Yəqin ki, gələn il infilyasiyanın artması ilə bağlı gözləntilər reallaşacaq.

Manatın məzənnəsinin dəyişməsi də mümkündür, amma bu, neftin dünya bazarındakı qiymətlərindən asılıdır. Çünki neftin ucuzlaşması tədiyyə balansının cari hesablar bölməsində kəsir yaradır. Bu baxımdan, manatın məznnəsinin tənzimlənməsində problemlər artırır. Bütün bunlara görə, gələn il manatın məzənnəsində dəyişikliklər gözlənilə bilər. Mən düşünmürəm ki,   əvvəl olduğu kimi manatın kəskin devalvasiyası ilə bağlı Mərkəzi Bankın qərarları olsun. Bank bu siyasəti tənzimlənən dəhlizdə apara bilər. Bu baxımdan 2019-cu il istisna deyil.

– Azərbaycanın əsas iqtisadi partnyorları ilə münasibətlərində dinamikanın necə olacağını proqnozlaşdırırsınız? Məsələn, Qərblə enerji layihələrin işlənməsi, Rusiya, Türkiyə, İran, Gürcüstanla münasibətlərdə gözlənilən yeniliklər nədən ibarət ola bilər?

– Düşünürəm ki, 2019-cu ildə Azərbaycanın ticari və investisiya tərəfdaşlarında ciddi bir dəyişiklik olmayacaq. Yenə Rusiya, Türkiyə idxalda əhəmiyyətli tərəfdaş olacaq. Bu ilin göstəricilərinə görə, adıçəkilən hər iki ölkənin idxalda payı bütövlükdə Azərbaycanın idxaldakı payının üçdə birinə bərabərdir. Bu, Azərbaycanın ciddi şəkildə iki ölkənin idxal məhsullarından asılı olduğunu göstərir və növbəti ildə tendensiya davam edəcək. Nəzərə alaq ki, Rusiya və Türkiyəinin milli valyutalarının ucuzlaşması da bu ölkələrin Azərbaycana ixrac imkanlarını artırır. Bu tendensiya da yerli məhsulların istehsalını və onların bazar mövqelərini zəiflədir. Digər ölkələrə gəlincə, İran və Gürcüstanla sərhədyanı ticarət davam edəcək.

– Yeri gəlmişkən, İrana qarşı genişlənən sanksiyalar Azərbaycanla bu ölkənin iqtisadi münasibətlərinə necə təsir edə bilər?

– Düşünürəm ki, İrana qarşı sanksiyalar bu ölkənin Azərbaycanla iqtisadi münasibətlərinə ciddi təsir göstərməyəcək.

– Gürcüstan investisiyalarda və ticarətdə Azərbaycanın əsas partnyorlarından biridir…

– Gürcüstan bazarında SOCAR-ın hökmran mövqeyi qalacaq. Bu, həm də Gürcüstanda növbəti ildə gözlənilən seçkilərin nəticələrindən asılıdır. Əgər seçkilərin nəticlərinə görə hakim partiyanın mövqeyi zəifləyərsə, Azərbaycanla iqtisadi, investisiya əməkdaşlığı yenidən müzakirəyə çıxarıla bilər. Amma yenə də Gürcüstan-Azərbaycan əməkdaşlığında əhəmiyyətli dəyişiklik gözləmirəm.

– Qərb ölkələri ilə əlaqələrdən gözləntiləriniz nədən ibarətdir?

– Qərblə münasibətlərə gəlincə, enerji əməkdaşlığı davam edəcək. Azərbaycan özünün neft və qaz resurlarının qərb bazarlarında satılması ilə bağlı əməkdaşlığını genişləndirməyə çalışacaq. Eyni zamanda Qərbdən Azərbaycana gətirilən idxal mallarında da müəyyən dəyişikliklər gözləniləndir.

– Ölkənin siyasi həyatında hansı dəyişiklikləri proqnozlaşdırmaq olar?

 – Ölkənin siyasi həyatında, palitrasında əhəmiyyətli dəyişiklik gözləmirəm. Hakim partiyanın mövqeyi parlamentdə və hökumətdə dominant olacaq. Çünki siyasi həyatda planlaşdırılmış hadisələrin – seçkilərin olmaması da bu dəyişikliklər məsələsindən gözləntiləri minimuma endirir. Doğrudur, gözlənilir ki, erkən parlament seçkiləri keçirilsin, amma bu ehtimal elə də yüksək deyil. İlin sonunda müxalif düşərgədə baş qaldıran birləşmə meyilləri o qədər də müsbət nəticələr verməyəcək. Azərbaycan müxalifətini birləşdirmək SSR-ni birləşdirmək qədər çətin bir işdir. Hesab etmirəm ki, bu yöndə təşəbbüslər müsbət sonluqla başa çatdırılacaq. Çünki proseslərdə birləşdirici qüvvələrin rolu və yeri elə də yüksək deyil.

– Bəs dəyişiklik imkanlarını, bu prosesə təkanverici amili nədə görürsünüz?

– Ölkənin siyasi həyatında dəyişiklikləri müəyyən reformalar şərtləndirə bilər. Bu, seçki sisteminin təkmilləşdirilməsi, eyni zamanda siyasi fəaliyyətin təmin olunmasında məhdudlaşdırıcı vasitələrin aradan qaldırılması halında mümkündür. Bu o zaman mümkün olacaq ki, Azərbaycanda azad mətbuat, müstəqil vətəndaş cəmiyyəti olsun. Eyni zamanda siyasi fəaliyyət üçün əhəmiyyətli və əlverişli bir mühüt olsun.

Növbəti ildə Azərbaycanın daxili siyasətinə əsas təsiredici amil neftin qiymətinin kəskin ucuzlaşması ola bilər. Bu, bütövlükdə həm iqtisadi, həm də siyasi məsələdir. Bu amil həm ölkənin gəlirlərinin azalmasına səbəb olacaq, həm də Azərbaycanın enerji daşıyıclarına diqqətin azalmasını şərtləndirəcək. Proseslər bu istiqamətdə gedərsə, Azərbaycanın daxilində bir sıra problemlərin yaranmasına gətirib çıxaracaq.

– Hakimiyyətdə və müxalifətdə, vətəndaş cəmiyyətində hansı proseslər gedəcək?

 – Hakimiyyətin özünün seçdiyi müxalifətlə əməkdaşlıq çərçivəsi dəyişməyəcək. Bu tendensiya parlamentdə və real həyatda da davam edəcək. Eyni münasibət həm azad mətbuat, həm də vətəndaş cəmiyyəti müstəvisində davam edəcək. Hakimiyyət yenə də özünün seçdiyi QHT-lərlə birgə fəaliyyətini davam etdirəcək. Bu prosesə cəlb olunan vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətində də müəyyən artım olacaq. Çünki alternativlər yoxdur, bu da son nəticədə hakimiyyətin bu sektorda təsir imkanlarını genişləndirəcək.

– Qarabağ ətrafında həssas situasiya yaranıb. Belə bir gözlənti var ki, vasitəçilərdən kənar bir proses gedir, Ermənistanda baş verən hadisələr, seçkilərin nəticələri danışıqları fərqli məcraya yönəldə bilər. Siz nə gözləyirsniz?

– Qarabağ ətrafında situasiya daha həssas olacaq. Mənim də gözləntilərim var ki, Ermənistanda baş verən hadisələr, xüsusən seçkilərin nəticləri danışıqları fərqli bir məcraya yönəldəcək. Bütövlükdə Azərbaycanın öz haqlı mövqeyini sübut etməsi imkanları məhdudlaşacaq. Bu da Qarabağ məsələsinə dair sülh danışıqlarında təşəbbüslərin Ermənistanın xeyrinə artıra bilər. Beləliklə, ermənilərin daha demokratik, mədəni, tərəqqipərvər obrazının yaranması və möhkəmlənməsi tendensiyası ilə davam edə bilər. Ermənistanda baş verən hadisələr fövqəldövlətlərin, beynəlxaq institutların diqqətindədir. Təbii, əks proseslər də ola bilər.

– Əks proseslər özünü nədə ifadə edə bilər?

– Hesab edirəm ki, Rusiya-Ermənistan münasibətləri diqqətdə saxlanılmalıdır. Moskva-Yerevan münasibətlərin həm yaxşılaşması, həm də pisləşməsi Azərbaycanın maraqlarına uyğun olmayacaq. Çünki yaxşılaşma yenə də əvvəlki status-kvonun bərpasına gətirib çıxaracaq. Pisləşmə isə Ermənistanın ikinci Ukraynaya çevrilməsi ilə nəticlənə bilər. Bu da o deməkdir ki, Qərb ölkələri Ermənistana daha çox maddi, hərbi, texniki dəstək göstərə bilər. Dəstəyi Ermənistanın həm izoliyasiyası, Rusiya ilə münasibətlərinin pisləşdirilməsi ilə əsaslandırıla bilər. Qərbin eyni yanaşmasını necə ki Ukraynada müşahidə edirik, Ermənistana da bu münasibət şamil oluna bilər.

– Qayıdaq yeni ildən gözləntilərə, Azərbaycanın Avropa İttifaqı, Qərblə münasibətləri, paralel olaraq Rusiya ilə əlaqələrində keyfiyyətcə hansı dəyişiklilər ola bilər?

– Gələn il Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərində müəyyən dəyişikliklər baş verə bilər. Bilirsiniz ki, Qlobal Maqnitiski Aktı ABŞ-dan sonra Böyük Britaniya və Pribaltika ölkələri tərəfindən qəbul olunub. Gözlənilir ki, Avropa İttifaqı da bu Aktı qəbul etsin. Nəticədə Azərbaycanla Aİ münasibətləri pisləşə bilər. Çünki Qlobal Maqnitiskiy Aktının hədəfində olan ölkələrdən bir də Azərbaycandır. Xüsusən, son zamanlar Brtianiyada Azərbaycanla bağlı baş verən hadisələrə görə. Azərbaycanla əlaqəli şirkətlərin bağlanması, bank hesablarının dondurulması onu göstərir ki, 2019-cu il heç də münasibətlərdə asan il olmayacaq. Paralel olaraq, Rusiya ilə münasibətlərin yaxşılaşacağını proqnozlaşdırmaq mümkündür.

– Keyfiyyətcə yeni münasibətlər yarana bilər?

– Keyfiyyət dəyişikliyini təbii ki, gözləmirəm. Amma Rusiyanın Azərbaycana nəzarət və müdaxilə imkanları arta bilər. Bu, regionda gedən siyasi proseslərlə əlaqələndirilə bilər. Düşünürəm ki, həm Türkiyə-Azərbaycan münasibətləri, həm İrana ABŞ tərəfindən qoyulan sanksiyalar Rusiyanın bölgədə fəallaşmasını şərtləndirir. Rusiya ilə Azərbaycan arasında daha sıx əlaqələr, daha çox səfərlər, müzakirələr müşahidə oluna bilər. Bu da perspektivdə Azərbaycanın prioritetlərinə, inkişaf planlarına ziyan vuracaq bir məsələdir. Daha yaxşı olardı ki Azərbaycan Qərblə əlaqələrini yaxşılaşdırsın. Azərbaycan Avropa İttifaqı ilə Assosasiya Sazişi imzalasın, viza liberallaşdırılmasına getsin. Bununla yanaşı dərinləşdirilmiş və hərtərəfli azad ticarət sazişini də imzalasın. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvülüyü də Qərblə münasibətlərin yaxşılaşdırılmasında rol oynaya bilər. Amma təəssüf ki, bununla bağlı addım atılacağı ilə bağlı gözləntim yoxdur.

– Yekun olaraq, gələn ilin milli və siyasi maraqlar baxımından fürsətlər ili kimi qiymətləndirmək mümkündürmü?

– Təbii ki, hər il yeni müstəqillik qazanmış Azərbaycan üçün fürsət ilidir. Biz həm milli, həm siyasi imkanlardan istifadə etməliyik. Düşünürəm ki, 2019-cu il də bu baxımdan istisna deyil. Xüsusi ilə diqqətdə olan hadislərdən biri Qarabağ məsələsi olacaq. Bu, yalnız iki ölkənin münasibətlərində deyil, beynəlxaq səviyyədə daha çox diqqti cəlb edə bilər. Azərbaycanın problemin həllinə təsir imkanları daha çox ölkənin daxilində gedəcək iqtisadi, siyasi reformalardan asılıdır. Ölkənin regional, beynəlxalq birliyə inteqrasiya sahəsində atacağı addımlardan da çox şey asılı olacaq. Azərbaycan bu yolla gedərsə, müəyyən imkanlar əldə edər, həmin imkanların da nəticələrini görər.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …