Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Rusiya Azərbaycanın ona arxa çevirdiyini görmək istəmir” – Rasim Musabəyov

“Rusiya Azərbaycanın ona arxa çevirdiyini görmək istəmir” – Rasim Musabəyov

Milli Məclisin deputatı, sabiq dövlət müşaviri, politoloq Rasim Musabəyov sualları cavablandırıb.

– Rasim müəllim, bir neçə gün əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıda, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov isə Moskvada danışıqlar apardı. Bu müzakirələrin nəticəsi haqqında konkret nə demək olar?

– Əslində ictimaiyyətə təqdim ediləsi bir nəticə yoxdur. Ancaq aydındır ki, Rusiya bizim böyük dövlətlərdən olan yeganə qonşumuzdur. Biz Rusiya ilə aşağı-yuxarı 200 il ərzində bir dövlət çərçivəsində olmuşuq. İki dövləti çoxlu tellər bağlayır. Rusiya siyasətinin xoşumuza gəlib-gəlməməyindən asılı olmayaraq bu ölkə ilə dialoq aparmağa məhkumuq. Uzağa getmək lazım deyil. Rusiya açıq şəkildə Gürcüstanın ərazilərini işğal edib, oradakı qondarma qurumların müstəqilliyini tanıyaraq bu ərazilərə qoşunlarını yeridib. Gürcüstanın bir tərəfdən Rusiya ilə diplomatik əlaqələri yoxdur, amma biz görürük ki, rəsmi Tiflis addım-addım Moskva ilə əlaqələr qurur.

Bu iki ölkənin İsveçrədə görüşləri, dialoqu olur. Yəni nələrisə müzakirə edirlər. Eləcə də Rusiya Ukrayna ərazisi olan Krımı ilhaq edib. Amma Kiyev bu günə qədər Rusiya ilə diplomatik əlaqələrini kəsməyib. Məcburdur ki, Rusiya ilə danışıqlar aparsın. Halbuki Ukraynaya qarşı Donbasda belə görülən işlərin Rusiya tərəfindən həyata keçirildiyini hamı bilir.

Bu mənada biz Rusiya ilə danışıqlar aparmalıyıq və bu danışıqlar gedir. O ayrı məsələdir ki, bu danışıqların nəticəsi heç də Rusiyanın xoşuna gəlməyə bilər. Rusiyanın mövqeyi tam olaraq Azərbaycanı qane etmədiyi halda biz nümayiş etdiririk ki, Azərbaycan da öz növbəsində Rusiyanın xoşuna gəlməyən addımlar ata bilər. Bu addımlar birinci növbədə Türkiyə ilə hərbi-siyasi müttəfiqliyimizi möhkəmləndirməkdən ibarətdir.

– Bəzi siyasi şərhçilər iddia edirlər ki, Rusiya müdafiə nazirinin Bakı səfəri daha çox Azərbaycan-Türkiyə yaxınlaşmasına görə həyata keçirilib. Bunu səfərin əsas səbəbi kimi qəbul etmək olarmı?

– Xeyr. Hesab edirəm ki, Şoyqunun səfərində bu konteksi axtarmağa ehtiyac yoxdur. Sadəcə olaraq Ermənistan forpostdur. Onu əldə saxlamaqla yanaşı Rusiya Azərbaycanın bölgədə ona arxa çevirdiyini görmək istəmir. Rusiyanın Azərbaycanla əməkdaşlığı özü üçün də olduqca vacibdir. Bu Xəzər, habelə Şimali Qafqazda sabitliyin qorunub saxlanılması ilə bağlıdır. Rusiya Azərbaycana silah satmaq istəyir. Azərbaycan Rusiya üçün uğuru və faydalı bazarıdır. Rusiya hər yerə qaz-neft verir, Azərbaycanla ticarəti isə kənd təsərrüfatı, sənaye malları ilə bağlıdır. Rusiya Azərbaycana daha çox satır, nəinki alır. Hətta hərbi bazarı nəzərə almasaq, bizim bazar Rusiya üçün faydalıdır. Sözsüz ki, itirmək istəmirlər. Ona görə nə isə deyirlər, nümayiş etdirirlər. Erməniləri guya ağla gətirmək üçün səylər göstərəcəklərini söyləyirlər. Amma biz boş sözləri eşitməkdən yorulmuşuq. Düşünürəm ki, bu mövqe həm Xarici İşlər, həm də Müdafiə Nazirliyi xətti ilə Rusiyaya çatdırılıb.

– Sergey Şoyqunun Bakı səfərindən öncə Rusiya Ermənistana 12 ədəd müasir qırıcı satıb, habelə 500 tona yaxın hərbi xarakterli yüklər göndərib. Şoyqunun Bakıda Ermənistana göndərilən yüklərin tikinti-inşaat xarakterli mallar olmasını bəyan etməsi nə dərəcədə səmimi mövqe idi?

– Nə isə deməlidirlər. Bəyəm uşağıq ki, onların sözündə səmimilik axtarıraq? Belə fikir səsləndirməsi o deməkdir ki, əslində bu məsələdə izahat vermək istəmirik. Mən belə anlayıram. Şoyqu ən azı deyə bilərdi ki, təyyarələrlə daşımalar hərbi yüklər idi, lakin bizim öz bazamıza aparılırdı və ermənilərə vermək məsələsi nəzərdə tutulmur. Belə deyə bilərdi, amma heç bunu da demədi. “Biz tikinti materialı aparırıq, heyəti dəyişirik” şəklində danışmaq axı gülməlidir… Amma bu, o demək deyil ki, belə cavab verməsi bizi qane edib. Bizim də elə addımlar atmaq imkanımız var ki, bu addımlar Rusiyanın xoşuna gəlməyəcək. Amma bizdən izahat istəyəndə elə Şoyqunun verdiyi izahata bənzər izahat alacaqlar.

– Türkiyə Qara dənizdən 320 milyard kubmetr həcmdə ehtiyatı olan təbii qaz mənbəsi tapıb. Bu, gələcəkdə rus-türk münasibətlərinə hansı formada təsir göstərəcək?

– Arzu edirəm ki, tapılan yataqda qazın həcmi deyiləndən daha çox olsun. Halbuki Rumıniya 12 il əvvəl 60 milyard kubmetr həcmində qaz yatağı tapdıqlarını elan etmişdi. Ancaq indiyə qədər bu qazı istismar edə bilmirlər. Qara dənizin geologiyası olduqca çətindir. Buradan qaz çıxarmaq elə də asan deyil. Nəzərə alaq ki, Rumıniyada 150 ildir neft sənayesi mövcuddur. Yəni rumunların bu məsələdə təcrübəsi qardaş Türkiyənin təcrübəsindən qat-qat çoxdur. Amma bacarmayıblar. İndi Türkiyə deyir ki, bütün bu işləri təkbaşına həyata keçirəcək. Baxın, bizim 150 illik neft sənayesində təcrübəmiz var, amma “Şahdəniz” yatağını tək istismar etmək qərarı vermədik. Ona görə ki, qaz çox dərindədir, mürəkkəb geoloji quruluşu var. Bu qazı inkişaf edən, böyük təcrübəsi olan şirkətlərin köməkliyi ilə çıxara bilərik. Belə şirkətlərin dünyada sayı isə beşdən çox deyil. Ancaq bizim üçün vacib odur ki, hazırda Türkiyə bazarında bir nömrəyik. Çalışmalıyıq ki, öz yerimizi qoruyub saxlayaq. Bu, olduqca vacibdir. Türkiyə doğrudan da kəşf etdiyi yataqdan qazını çıxaracağı təqdirdə sözsüz ki, rus qazı Türkiyədən tranzit məqsədi kimi istifadə oluna bilər. Buyursun, tranzit kimi istifadə etsin, Türkiyə də bundan qazpaylayıcı mərkəz kimi pul qazansın.

– Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatları uğrunda bir sıra dövlətlərin Türkiyə ilə üz-üzə gəlməsini necə qiymətləndirirsiniz?

– Yunanıstan adalardan istifadə edərək Egey və Aralıq dənizində Türkiyənin maraq və planlarından imtina etməsinə çalışır. Çox böyük səhv edir. Türkiyə açıq elan edib ki, bununla razılaşmayacaq. Üstəlik Ankara Şimali Kipr Respublikasının payından istifadə edərək öz mövcudluğunu möhkəmləndirir və düz də edir. İndi orada Fransa ortaya çıxıb var-gəl edirsə, özü bilər. Ancaq Türkiyə açıq nümayiş etdirib ki, yeri gəlsə, hərbi gücdən istifadə edərək mövqeyini qoruyacaq. İnanmıram ki, Fransa bunun qarşısında nəsə edə bilsin.

– Demək istəyirsiniz ki, müharibə ssenarisi realdır?

– Düşünmürəm. Regionda olan ABŞ regionda deyir ki, zilə çıxmayın. Aralıq dənizində söz sahibi ABŞ donanmasıdır. Biz son zamanlar müşahidə edirik ki, Tramp administrasiyası dövründə Türkiyə Fransadan daha əhəmiyyətli olub.

Əlbəttə, Şərqi Aralıq dənizində gərginliyin tərəfi olan ölkələr həm də NATO müttəfiqləridir. Amma müttəfiq və NATO üzvü olmaq o demək deyil ki, Türkiyə daim hər şeylə razılaşmalıdır. Türkiyənin maraqları var və elan edir ki, bu maraqlarla hesablaşmalı olacaqsınız. Bu, çağırış deyil, tələbdir. Bu tələbin arxasında duran güc və iradə lazım gəldiyi anda ondan istifadə edəcək.Teleqraf

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …