Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / “Rəsmi Tehran son vaxtlar apardığı təxribat xarakterli siyasətdən çəkinməlidir” – Rauf Qurbanov

“Rəsmi Tehran son vaxtlar apardığı təxribat xarakterli siyasətdən çəkinməlidir” – Rauf Qurbanov

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Zəngəzurda jurnalistlərlə söhbətində deyib ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir:

“Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək olub. Bu, Ermənistanla münasibətlərdə aparılan siyasətdir. Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək. Yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı öz təsirini göstərən müxtəlif istiqamətlərdə işlər aparılır”.

Bu və digər məsələlərlə bağlı Azərbaycan Kommunist Partiyası MK-nın sədri Rauf Qurbanova bir sıra suallar ünvanladıq:

– Molla rejiminin İranla bağlı belə yersiz inad göstərməsində məqsəd nədir, kökündə nə dayanır?

– Hər bir dövlət özünün maraqlarına uyğun siyasət aparır, o cümlədən də İran İslam Respublikası. Bu onun müstəsna hüququdur. Lakin mənəvi dəyərləri, dini mənsubiyyəti, adət-ənənələri bir-birinə çox yaxın olan, xüsusilə də ümumi əhalisinin yarısına qədəri etnik azərbaycanlı olan bir dövlətin səlahiyyətli şəxslərinin Azərbaycana qarşı düşmən mövqe sərgiləyən Ermənistanın ünvanına xoş sözlər deməsi Azərbaycan cəmiyyətində qıcıq yaradır və Azərbaycan-İran münasibətlərinə sarsıdıcı zərbə vurur. Düşünürəm ki, rəsmi Tehran son vaxtlar apardığı təxribat xarakterli siyasətdən çəkinməli, Azərbaycan Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətləri istiqamətində siyasət yürütməlidir. Belə bir siyasətin aparılması regionda sülhün və əminamanlığın təmin olunmasına xidmət edər.

– Nəzərə alsaq ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur, coğrafi baxımdan elə bir əhəmiyyətə malik ölkə deyil, üstəlik, Paşinyan höküməti ABŞ-la yaxınlaşmaya xüsusi önəm verir, o zaman, İranın Ermənistanla bağlı istəkləri hansısa effekt verəcəkmi?

– SSRİ-nin süqutundan sonra, müstəqil olduqdan bugünə kimi Ermənistanın İranla münasibətləri çox yüksək səviyyədə olub. Sualınızda qeyd etdiyiniz kimi, Ermənistanın dənizə çıxışı yoxdur, ümumiyyətlə yerləşdiyi coğrafi ərazi də transmilli lahiyələr üçün əlverişsizdir, ABŞ-la münasibətləri də şah dövründən sonra daim gərgin olub. Bugünkü Ermənistan iqtidarının apardığı qərbyönümlü siyasət heç kim üçün sirr deyil. Ermənilərin, İranın din qardaşları olan azərbaycanlılara qarşı apardığı təcavüzkar siyasət də göz qabağındadır. Lakin bütün bunlara baxmayaraq, İİR ilə Ermənistan Respublikası arasında isti münasibətlərin olması və bu münasibətlərin İran dövlətinin geosiyasi maraqlarına uyğun gəlməsi başadüşüləndir, amma çox perspektivsizdir. Zaman gələcək, söylədiyim fikirlərin şahidi olacaqsınız.

– İran Ermənistanla yaxınlaşma siyasəti apararkən orada yaşayan milyonlarla azərbaycanlı faktorunu niyə nəzərə almır?

– Bu sualı İran rəsmilərinə və orada yaşayan azərbaycanlılara versəydiniz, daha məntiqli olardı. Bu məsələ ilə bağlı məni də düşündürən bir neçə sual var. Hansı səbəbdən İran orada yaşayan 40 milyona yaxın azərbaycanlının hüquqlarını tanımayıb? Nəyə görə indiyə kimi azərbaycanlılar İranda öz muxtariyyətlərini tələb etməyiblər? Fikirləşirəm ki, bu açıq sualların cavablarını nə vaxtsa zaman özü verəcək.

– Dövlət olaraq İranın gələcəyini necə təsəvvür edirsiniz?

– İran çoxəsrlik  tarixə malik olan dövlətdir, çox keşməkeşli bir tarixi yol keçib və Azərbaycanla birgə coğrafi məkanda yerləşir. Sadə el dili ilə desək, bizim əbədi qonşumuzdur. Azərbaycanlılar mentalitetlərinə uyğun olaraq, həmişə öz qonşularına, dostlarına qarşı səmimi və mehriban olurlar. Mən də bir azərbaycanlı olaraq, İran dövlətinə öz xoş arzularımı ünvanlayıram və İranın  gələcəyini demokratik inkişaf yolunda görürəm. İran xalqı müdrik xalqdır. Ümüd edirəm ki, onlar öz gələcək yaşam tərzlərini özləri müəyyənləşdirəcəklər. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …