Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Müsahibə / “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız…

“Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız…

Hazırda Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından olan Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı Elxan Nuriyev Qubadlı şəhərinin azad olunması  münasibəti ilə Moderator.az-a verdiyi müsahibəsində Ukraynadakı soydaşlarımızla yanaşı, Ukrayna xalqının  və dövlətinin də ölkəmizə, xalqımıza dəstəyindən bəhs edib. 

Elxan bəy  hazırda Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi, eyni zamanda Elm və Təhsil nazirinin müşaviri kimi çalışır. 1992-1993-cü illərdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olub. Eyni zamanda 1980-ci illərdən torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə fəal iştirak etmiş ehtiyatda olan radio-elektron kəşfiyyat polkovnikidir. 
-Elxan bəy, gözümüz aydın! Doğma Qubadlınızın azadlığı xəbərini qürbət Ukraynada necə qarşıladınız? -Çox sağ olun, bütün xalqımızın, Azərbaycanın gözü aydın olsun! O torpaqlarda doğulub boya-başa çatmış bir insan kimi sevincimizi, hisslərimizi ifadə etmək çox çətindir. İnanırsız ki,  Ukraynadakı tanıdığım bütün soydaşlarımız, qarabağlılar, qubadlılılar Qubadlının azad `olunmasının elan edildiyi gecə  sevincdən səhərədək yatmayıblar, şadlıq ediblər… Hamı bir-birinə zəng edir, yazır, təbrik edirdi… Hamı özünü xoşbəxt hiss edir… Allah bu yurdlarımız uğrunda keçmişdə və bu günlər şəhid olmuş bütün oğul-qızlarımıza rəhmət eləsin! Ruhları şad olsun! Yaralılarımıza Allahdan şəfa diləyirəm… 

Təbii ki, işğal altındakı bölgələrimizin, eləcə də Qubadlı  şəhərinin azad olunmasında ən əsas rolu ölkəmizin siyasi rəhbərlik və ordu komandanlığı oynayır.  Müharibə dəqiq bir elm, həm incəsənət, həm də beynəlxalq münasibətlərdir. Çox uyğun zaman və şəraitdə və dəqiq strategiya qurulduğu üçün Azərbaycan siyasi hakimiyyətinə və hərbi komandanlığa gerçəkdən böyük və səmimi təşəkkürümü bildirirəm. Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan birisi kimi deməliyəm ki,  işğal altındakı torpaqlarımızın azad edilməsi əməliyyatı çox yüksək peşəkarlıqla hazırlanıb. Qubadlının azad olunması Ermənistanla 70-80 km-lik bir ərazidə Laçın dəhlizi deyilən əraziyə yolun açılışı deməkdir. Bundan sonra müharibənin son fazası da ola bilər. Gündəlik olaraq ordumuzun mənə kifayət qədər tanış olan yüksəklik və məntəqələri azad edərək irəliləməsini izləyirəm. Ukraynada və digər xarici ölkələrdə əlaqədə olduğumuz bütün dostlarımız, soydaşlarımız həm hərbi əməliyyatlara dəstək, həm də azad olunmuş Qarabağ torpaqlarına qovuşmaq üçün Azərbaycan rəhbərliyindən komanda gözləyirlər…
-Sözsüz ki, Milli Ordumuzun sentyabrın 27-dən başlanan müzəffər azadlıq əməliyyatları qürbətdəki digər soydaşlarımız kimi, sizin də gündəlik yaşam və fəaliyyətinizdə öz əksini tapıb…  
-Əlbəttə… Mənim də bir Azərbaycan vətəndaşı kimi bacardığım bu olub ki, beynəlxalq səviyyədə görüşlərdə, danışıqlarda, müsahibələrdə son bir ayda əvvəlki dövrlərdən daha fəal şəkildə Azərbaycanın torpaqlarının azadlığı üçün  apardığı haqlı mübarizəsinin optimal bir formada işıqlandırılmasına çalışmışam.   Avropanın, Kanadanın və s. dövlət və özəl mediasına  müsahibələrlə yanaşı, analitik yazılar da vermişəm… 
-Ukrayna xalqı, cəmiyyəti, o cümlədən bu dost ölkədəki Azərbaycan diasporu necə qarşılayır dövlətimizin, ordumuzun  son uğurlu gedişlərini?..
-Azərbaycandakı, Qarabağdakı hər bir olay çox yüksək səviyyədə izlənilir və hər bir uğurumiz böyük sevinclə qarşılanır. Hər kəs; istər səfirliyimiz, itsər ayrı-ayrı diaspor qruplarımız səviyyəsində işlər görülür. Tanınmış soydaşlarımız, fikir sahibləri hamımız bir yerdə və paralel  əlmizdən gələni edirik…
Bildiyiniz kimi, Ukrayna dövlətinin bu il sentyabr ayının 14-də təsdiqlənmiş  yeni milli təhlükəsizlik strategiyasında Azərbaycanın adı ayrıca keçir. Bununla yeni siyasi iqtisadi-siyasi hərbi blokun konturları görünməkdədir. Baltik, Xəzər dənizləri və Qara dəniz boyunca Türkiyə, Polşa və Litvanın iştirakıyla  GUAM-ın böyüdülməsindən  söhbət gedir. Azərbaycan da bu yeni geostrateji birlikdə artıq hərbi cəhətdən də qüdrətli bir ölkə kimi böyük rol oynayacaq… 
Onu da deyim ki, bu müharibə həm də bir növ Azərbaycan siyasi millətini yaratdı. Kimliyindən asılı olmayaraq hər kəs milli ideya, milli hədəf olan Qarabağın azadlığı məsələsi ətrafında birləşib. Bütün bunlar deyərdim ki, müharibənin udulması qədər vacib məsələlərdir. Bu günədək bəziləri iddia edirdilər ki, bu xalq formalaşmayıb.  Bugünkü hərbi-siyasi proseslər   xalqımızın, dövlətimizin, ordumuzun varlığını, birliyini nümayiş etdirərək bütün bu iddiaları alt-üst etdi…

 O ki qaldı konkret Ukrayna cəmiyyətinin münasibətinə… Bildiyiniz kimi, mən Ali Radanın komitəsində, eyni zamanda Elm və Təhsil Nazirliyində  çalışıram. Hər gün yüzlərlə ukraynalı bizə öz mənəvi dəstək müraciətlərini edir. Eyni zamanda Azərbaycan ordusunda könüllü vuruşmağa hazır olanlar da var. Biz onlara, ukrayın dostlarımıza çox “sağ ol” deyərək bildiririk ki,  artıq Azərbaycan ordusu nizami ordudur, bu müstəqillik illərində böyük bir zabit, general heyəti yetişdirib, yeni, ən müasir silahlara yiyələnib və onun kənardan gələnlərə, “yamağ”a ehtiyacı yoxdur… Bununla belə  yenə də deyirəm, Ukrayna xalqı  Donbasda, Krımda oxşar dərdlə, problemlə qarşılaşdığı üçün bizlərlə böyük mənəvi, həm də siyasi həmrəylik nümayiş etdirir. Eyni zamanda  Ukrayna mediası, telekanalları Azərbaycana böyük informasiya dəstəyi də verir. Bir sözlə, Ukrayna da qardaş Türkiyə, dost Pakistan kimi Azərbaycanın yanındadır…
-Elxan bəy, yəqin ki, qəlbiniz bu anlarda tezliklə Vətənə dönüb işğaldan azad olunmuş  doğma yurdunuza qovuşmaq arzusu ilə döyünür?
-Sözsüz… Mən bu istiqamətdə işlərimi planlaşdırıram. Müraciət də hazırlayıram. İllərlə əldə etdiyim karyeram, dövləti vəzifələrimdən imtina edərək Qubadlıya – öz doğulduğum kəndə qayıtmağa hazıram. Çünki biz sinif yoldaşlarımızla birgə söz vermişik ki, kəndimiz azad olunduqdan sonra  qayıdıb ömrümüzün sonunadək orada yaşayaq. O torpaqlar bizə dədə-babalarımızdan əmanətdir. Biz də onu qoruyub övladlarımıza, nəvə-nəticələrimizə ötürməliyik… 

Ona da çox şadam ki, 1-ci Qarabağ savaşında Qubadlıda, Laçında, Cəbrayılda və s. vuruşmuş silahdaşlarımızdan da bu gün ordumuzun sıralarında torpaqlarımızın azadlığı uğrunda döyüşənlər var. Onlar da mənim kimi o ərazilərin, o cümlədən Qubadlının, Laçının hər cığırına, daşına, qayasına bələddirlər…. Bu baxımdan inanıram ki, tezliklə, bəlkə də bu yaxın günlərdə  “Laçın dəhlizi” deyilən ərazinin, yəni Laçın şəhəri və ətraf kəndlərin  azad olunması xəbərini alacağıq, inşallah…

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …