Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Qordondan fərqli olaraq Zirəddin Rzayev özünü daha səviyyəli aparıb” – Məşhur ekstrasensdən 2018-ci il proqnozları…

“Qordondan fərqli olaraq Zirəddin Rzayev özünü daha səviyyəli aparıb” – Məşhur ekstrasensdən 2018-ci il proqnozları…

AZİNFORUM.AZ xəbər verir ki, “ilkxeber” Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens, parapsixoloq Zirəddin Rzayevlə müsahibə götürüb.

Həmin müsahibəni təqdim edirik:

Azərbaycan kafelərinin birində Zirəddin Rzayevlə yenicə söhbətə başlamışdıq ki, telefonuna Moskva şəhər polisindən zəng gəldi. Məlum oldu ki, Moskvanın şimal hissəsindəki yaşayış massivində yaşayan 8 yaşlı bir uşaq itib. Yüksək rütbəli polis zabiti bu uşağın tapılması üçün Z.Rzayevdən kömək istəyirdi. Polis zabiti ilə qısa dialoqdan sonra Zirəddin Rzayev uşağın parkda olacağını dedi: «Mən onu parkda görürəm». Təxminən bir saatdan sonra Zirəddinin telefonuna məlum nömrədən yenidən zəng gəldi. “Çox sağ olun, uşağı dediyiniz ünvanda tapdıq” – polis zabiti bu dəfə ona minnətdarlığını bildirirdi…

Müsahibə və açıqlamaları ciddi müzakirələrə, söz-söhbətlərə səbəb olan məşhur ekstrasensin Rusiya və Azərbaycan mətbuatına verdiyi proqnozları da yaddaqalan olur.

— İlk sualım 2018-ci illə bağlı olacaq. Proqnozlarınız çox bədbin deyil ki?

— Mən son illər mətbuata çox nadir hallarda proqnozlar verirəm. Bunun bir neçə səbəbi var: bəzən proqnozlarımı yanlış başa düşürlər, bəzən hesab edirlər ki, insanlarda qorxu yaratmaq istəyirəm. Ancaq əsl həqiqətdə isə belə bir şey yoxdur. Axı mən gördüyümü deyirəm, indiyə qədər nəyi səhv demişəm?

Gördüklərimlə bağlı mətbuata açıqaladıqlarımın əksəriyyəti öz təsdiqini tapmasa da, dediklərimi müxtəlif cür yozanlar, inanmayanlar da tapılır. Amma bütün bunlar məni o qədər də narahat etmir. Axı kimlərisə məcbur edə bilmərəm ki, sən gəl mənim dediklərimə mütləq inan.

2018-ci illə bağlı qısaca onu deyə bilərəm ki, dünyadakı qarışıqlıqlar hələ də səngiməyib. Məsələn, hazırda İranda baş verən ixtişaşlar onu deməyə əsas verir ki, 2018-ci ildə bir çox ölkələrdə vəziyyət ürəkaçan olmayacaq, acınacaqlı hallar yaşanacaq.

— Bəs 2018 Azərbaycana nə vəd edir?

— Bu sualı mənə verən jurnalistlərə hər dəfə deyirəm ki, Azərbaycanla bağlı proqnoz vermək istəmirəm. Səbəbini də dəfələrlə qeyd etmişəm. Ona görə, yenidən təkrarlamaq istəmirəm. Əgər proqnoz vermək istəsəm, söz verirəm ki, birinci sizin saytla əlaqə saxlacağam.

— Gələn il həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləridir…

— (Gülür). Deyəsən, siz məndən nəsə yeni söz eşitmək istəyirsiniz. Mən qısaca onu deyə bilərəm ki, hər iki ölkədə seçki çox rahat keçəcək.

— Gəlin bir az da digər məşğuliyyətlərinizdən danışaq. Məsələn, itlərinizin sayını artıra bilmisiniz?

— Onların sayı barədə sizə heç nə deməyəcəyəm. Ancaq mənim fermamda Türkiyədən gətirilmiş Anadolu mastifi-malaklı köpəklər üstünlük təşkil edir. Rusiya kinologiya tarixində bu irqi Rusiyaya ilk dəfə gətirən bir adam kimi deyə bilərəm ki, fermanı yaratmaqda məqsədim kinologiya ilə bağlı Türk mədəniyyətini, türklərə məxsus olan köpək irqlərini bu ölkədə tanıtmaqdır. Əslinə qalsa, bu məşğuliyyətim mənə ləzzət eləyir.

— Ötən ilin son aylarında sizinlə bağlı qalmaqallı bir hadisə baş verdi. Rusiyanın “Birinci” kanalında yayımlanan verilişlərdən birinin qonağı olduğunuz zaman studiyada xoşagəlməz hallar yaşandı. Həmin proqramda çəkiliş zamanı aparıcı Aleksandr Qordonun sizi studiyadan çıxarması Rusiya və Azərbaycan mətbuatında uzun müddət baş mövzu oldu…
— Bilirsiniz, bu hadisə artıq mənim üçün keçmişdir. Mən bununla bağlı fikirlərimi mətbuatda, sosial şəbəkələrdə söyləmişəm. Qordon bəlkə də məni studiyadan qəsdən çıxardı, sanki bu hərəkəti edərkən, məni alçatmaq istədi. Onun mənə hörmət edib — etməməsi öz işidir, lakin insanlara hörmətlə yanaşmaq tərbiyənin göstəricisidir. Düşünürəm ki, aparıcı sakit, azad olmalıdır, heç kəsin tərəfini saxlamamalıdır. Qordon məni məhkəmədəki kimi mühakimə edirdi, lakin sübutsuz-filansız. Mənim bir neçə ali təhsilim var, klinikada çalışıram. O, klinikanı özəl olduğu üçün tənqid edirdi, lakin onun dövlət lisenziyası var. Düşünürdü ki, özəl klinikalarda müalicə olunan insanlar təhsilsizdir. Fikrimcə, studiyadan qovulmağımı efirdə göstərməyəcəklər, amma nümayiş etdirmələrini istəyirəm. Qordon bu addımı ilə özünü alçaldıb. O, neqativ, aqressiya və tərbiyəsizlik saçır. O çəkilişə dəvət olunanların çoxu indi də etiraf edirlər ki, Qordondan fərqli olaraq Zirəddin Rzayev özünü daha səviyyəli aparıb.

— 5-6 il öncə 30 illki yubileyinizlə bağlı verdiyimiz suala belə cavab vermişdiniz: Mən hər günümə, dəqiqəmə qiymət verən, yaşamağı ürəkdən sevən insanam. Həyatda baş verən proseslərə yanaşmada mənim özümün şəxsi fəlsəfəm var: ad günüm məni həm qocaldır, həm də ölümə bir addım yaxınlaşdırır. Ona görə, qanım qaralır, sevmirəm ad günümü. Bilmək istərdim, görəsən, 30 yaşı qocalıq hesab edən Zirəddin Rzayev 40 yaşın astanasında nələr haqqında daha çox düşünür?

— Mən öz həyatımla bağlı hər şeyi bildiyimi iddia etməsəm də, çox şeyi bilirəm. Qocalmaq bəzən yaşla bağlı olmur, düşdüyün vəziyyət də səni tez qocalda bilər. Amma elə şeylər var ki, onu demək olmur… Məsələn, mən indi özümü indiki yaşımdan çox yaşlı hesab edirəm.

— Yəqin ki, həyatınızda keçmiş illərinizlə bağlı çoxlu maraqlı hadisələr baş verib. Sizi ən çox duyğulandıran hadisələrdən birini danışa bilərsiniz?

— Şəmkirdə çox yaxşı, olduqca mehriban bir qonşumuz vardı, Şəmsiyyə xala. Gğzəl insan idi, xətrini anam qədər istəyirdim. O da məni öz oğlu kimi əzizləyərdi. Şəmsiyyə xala rəhmətə gedəndə mən artıq Moskvada idim. Yasına getməyə vaxt tapa bilmədim. Biz də yas mərasimlərimdə siyahıya pul yazdırmaq bir adətdir. Ona görə də, siyahıya yazılmaq üçün pul göndərdim. Ancaq kodu itirdiyimdən pulu orada ala bilmirdilər. Beləcə günlərin bir günü yatmışdım ki, Şəmsiyyə xanım yuxuma girdi və məni yuxudan oyatdı. Tez ayağa qalxıb sürücümü göndərdim ki, kodu öyrənsin, Şəmkirə göndərək ki, pulu ala bilsinlər. Sonradan mənə dedilər ki, həmin gün Şəmsiyyə xalanın 40 mərasimi keçiriləcəkmiş və pula ehtiyac var imiş. Bu hadisə hər dəfə yadıma düşəndə tüklərim biz-biz olur. Siz də sanki bu sulınızla sarı simə toxundunuz. O yuxunu görməklə həyətımda ən çox duyğulandıran hadisələrdən birini yaşadım.

Şəmsiyyə xalanın əri Fərail kişi də çox zarafatcıl idi. Bu barədə söz düşəndə zarafatyana deyirdi: «Şəmsiyyə axır gəlib səni Moskvada da tapdı».

— Azərbaycan üçün darıxmırsınız?

— Niyə darıxmıram, Vətən üçün adam darıxmaz? “Vətənin bir qışı, qürbətin min baharından yaxşıdır”-atalar bunu boş yerə deməyiblər ki. Azərbaycana gələ bilməməyimin təkcə bir səbəbi var, o da, işlərimin çoxluğudur. Vaxtım olsa, niyə gəlib — getmərəm, inşallah, imkan düşən kimi mütləq gələcəyəm. Azərbaycan burada yaşayan soydaşlarımızın hamısının vətənidir. Həmişə demişəm ki, özümü Azərbaycansız təsəvvür edə bilmirəm, mənim bugünki nailiyyətlərimin başlanğıcı Vətənim olub, istedadı Allah mənə Azərbaycanda verib. Ürəyim oralarla döyünür, doğma yerlər üçün çox darıxıram.

Anam üçün darıxmışam, anamı tez-tez görmək istəyirəm. Anam da Vətəndə bizsiz darıxır, amma Moskvada da çox qala bilmir. Burada yaşamaq ona çətin gəlir. Ona görə də, Moskvaya gələndə çox qala bilmir, tez geri dönür. Bir sözlə, anam iki yol ayrıcındadır: nə məndən vaz keçə bilir, nə də Azərbaycandan. Sizə səmimi deyim, həyatımdan o qədər də razı olmasam da, məni bu həyata bağlayan, sevdirən təkcə anam, ailəm və övladlarımdı.

Azərbaycanla bağlı bir şeyi də demək istəyirəm. Mən həm də çox istərdim ki, Azərbaycandakı ziyarətgahları ziyarət edim. Məsələn, Gədəbəydə Haçaqaya, Naxçıvanda Əshabi-Kəf və Mərdəkanda Mirmöhsün ağa ziyarətgahlarını ziyarət etsəydim çox şad olardım.

— Sizin ara-sıra maraqlı şeirlər yazdığınızdan da məlumatımız var…

— (Gülür). Mənim şairliyə iddiam yoxdur. Amma şeir həvəskarıyam, poeziyanı çox sevirəm. Bəzən elə olub ki, bir gündə bir neçə şeir yazmışam. Mən o şeirlərin xeyli hissəsini bir yerə toplamışam. İnşallah, istəyirəm bu yaxınlarda şeirlər kitabımı dərc etdirim. Bunu oxucularıma söz verirəm.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …