Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Putin Kiyevə, Xarkova, Mariupola və digər şəhərlərə girməyəcək”

“Putin Kiyevə, Xarkova, Mariupola və digər şəhərlərə girməyəcək”

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə davam edir. İki həftədən artıq vaxt keçməsinə baxmayaraq, Rusiya ordusu böyük uğurlar əldə edə bilməyib, xüsusilə strateji əhəmiyyət daşıyan iri şəhərlərdə uğursuzluğa düçar olub. Amma buna baxmayaraq, Putin elan edir ki, Ukrayna kampaniyası son hədəfə çatana qədər davam edəcək. Ukrayna Ordusu isə müharibənin ilk günlərilə müqayisədə daha yaxşı təsir bağışlayır.

Rusiya-Ukrayna müharibəsi mövzusunda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəni təqdim edirik.

– Mehman bəy, hazırda Ukraynada baş verənlər nəyin nəticəsidir? Sizcə, Avropanın bir hissəsi hesab edilən bu ölkədəki müharibə ümumilikdə geopolitik məkandakı qarşıdurmanın qırılma xəttidir, yoxsa, sadəcə Putinin şəxsi qərarının “məhsulu”dur?

– Əlbəttə, hər şey düşünülüb, təsadüfi addımlar olmur. Əslində, orada hər bir tərəfin maraq, məqsəd və hədəfləri var. Müəyyən mərhələlərdə bu maraqlar uzlaşır, üst-üstə düşür və ya ziddiyyət təşkil edir. Hər bir tərəf də öz poblemlərini həll etməklə hədəflərini yeni mərhələyə çıxarır.

– Bizdə də Rusiyanın Ukraynaya ordu yeritməsinə, müstəqil bir ölkəyə qarşı təcavüzünə haqq qazandıranlar var və onlar hesab edirlər ki, Ukrayna NATO-ya üzvlüyə can atmaqla Rusiyanın təhlükəsizliyini təhdid edir və buna görə də, indi yaşananlar tam normaldır…

– Mən bilmirəm, belə düşüncə sahibləri hansı arqumentləri əsas götürürlər. Birincisi, Ukrayna NATO-ya üzv olmaq istəyir, amma bu, o demək deyil ki, NATO onu üzvlüyə qəbul edəcək. Əvvəla, Ukrayna NATO standartlarına cavab verən ölkə səviyyəsində deyil. NATO-ya qəbul olunmaq üçün xeyli siyasi məsələləri həll etməlisən. Burada siyasi komponentlər hərbi komponentlərdən daha çoxdur. Sən gəlib Avropa ölkələrinin səviyyəsinə çıxdıqdan sonra bu ittifaqa qəbul oluna bilərsən. Ukraynanın yaxın 10 ildə NATO-ya qəbul olunmaq perspektivi yoxdur.

İkincisi, Ukrayna NATO-ya daxil olduqdan sonra nə baş verəcək? Rusiyaya müharibə elan edəcək? Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir. Bəs, necə olur ki, NATO ölkəsi olan Türkiyə Rusiya ilə çox yaxından əməkdaşlıq edir, sıx iqtisadi münasibətlər qurur və bu, problem yaratmır. Eləcə də İtaliya, Almaniya, Macarıstan və s. Bu baxımdan NATO üzvü olmaqda nə problem var?

Üçüncüsü, NATO üzvü olduqdan sonra Ukraynada hansısa raketlər yerləşdiriləcəyi və onların Moskvaya daha tez çata biləcəyi haqda iddia və arqumentlər var. Belə əsaslandırmalar bir neçə il əvvəl işləyə bilərdi, ancaq müasir dövrümüzdə işləmir. İndi hərbi baxımdan güclü ölkələr hipersəsli silahlara diqqət yetirirlər. Çünki raketlərin sürəti 10-15 il əvvəllə müqayisədə 20 dəfə artıb. Bu o deməkdir ki, belə raketləri heç Ukraynaya yerləşdirməyə də ehtiyac yoxdur. Əgər əvvəllər Qərbi Avropa ölkələrindən Moskvaya raket 15 dəqiqəyə uçurdusa, indi 2-3 dəqiqəyə uçacaq. Bu halda Ukraynada belə raketlər yerləşdirməyə nə ehtiyac var? Bu mənada belə iddia və arqumentlər tam əsassızdır.

– Siz dediklərinizi yəqin ki, Rusiyada da yaxşı başa düşürlər. Əgər bunun mənasız olduğunu Moskvada anlayırlarsa, o zaman nədən belə ağır müharibəyə girmək qərarı verilib?

– İş ondadır ki, bunların hamısı bəhanədir və bunun arxasında ciddi əsaslar dayanmır. Rusiya ərazilərinə yaxın illərdə Ukraynadan heç bir hərbi təhlükə törənməyəcəkdi. Ukraynanın Donbasa hücum edəcəyi, Krımı götürəcəyi haqda iddialar isə sadəcə təbliğat materialıdır. Əsaslı heç nə yoxdur.

– Bu halda Rusiyanın planı və məqsədləri nədir?

– Məncə, burada ilk olaraq tərəflərin problemlərini, maraq və imkanlarını təhlil etmək və görmək lazımdır ki, həmin ölkələrdə nə baş verirdi, onlar nə ilə üzləşirdi və indiki müharibə bu ölkələri hara daşıyacaq. Bu, çox vacib məsələdir.

Qısası, Rusiya dərin iqtisadi böhran içində idi və bundan çıxa bilmirdi. Böhran son üç ildə sürətlə dərinləşməyə başladı. Rusiya faktiki olaraq inqilabi dəyişiklik astanasında idi. Buna görə Putinin cəmiyyətə münasibəti necə idi? Media nümayəndələrini xarici agent elan etmək, media qurumlarını bağlamaq, müxalifətçiləri həbs etmək, mitinqlərin qaşısını almaq və s addımlar atılırdı. Görünürdü ki, cəmiyyət fəallaşır. Rusiyada cəmiyyət TV-lər və media vasitəsilə idarə olunurdu. Amma sosial şəbəkələr populyarlaşdıqdan sonra ənənəvi mediaya təzyiq artdı. Rus cəmiyyəti bizim kimi sosial şəbəkəyə qaçdı və bu da rəsmi medianın imicini, eləcə də Putinin obrazını dağıtmağa başladı. Yəni sistem çökməyə doğru gedirdi. Son 10 ildə Rusiyanın ortalama iqtisadi artımı bir faizdən aşağı idi. Bu o deməkdir ki, sən sıfır vəziyyətindəsən. Moskva iqtisadi problemlərini əsasən qazın və neftin hesabına həll edirdi. Amma son illərdə neftin qiyməti dünya bazarında ucuzlaşırdı. Bu səbəblərdən də Rusiya üçün iki seçim var idi. Ya gözləmək ki, daxildə partlayış nə zaman olacaq – bu da prinsipcə, son anda dövlət çevrilişinə və daha pis nəticələrə gətirib çıxara bilir. İkinci variant isə müharibə etməklə camaatın fikrini hər şeydən yayındırmaq və xarici düşmən göstərməklə cəmiyyəti Putinin ətrafında səfərbər etmək. Özü də itkilərə baxmayaraq, bunu davam etdirmək. Rusiyada onsuz da son illər itkilər mövcud idi. Rublun məzənnəsini saxlamaq üçün kifayət qədər çoxlu pul xərclənirdi və bunu da etmək ilbəil çətinləşirdi. Rubl onsuz da uculaşırdı, amma yaxın zamanlarda bu prosesin daha sürətli olması riski yaranmışdı. Faktiki devalvasiya yaşanacaqdı. Bir sözlə, Rusiyanın seçimi ya cəmiyyəti cilovlamaq üçün radikal addımlar atmaq idi ki, bunun da nə ilə qurtaracağnı heç kəs bilmirdi, ya da müharibə yolu idi. Burada bir incə məqama da diqqət etməliyik. Məsələn, 1998-ci ildən sonra Putinin hakimiyyətə gəlişi Çeçenistan müharibəsi ilə başlandı. Həmin vaxt eyni zamanda iqtisadi böhran yaşanırdı. Çeçenistan müharibəsi ilə Putin camaatın diqqətini yayındırdı və iqtisadi böhrandan çıxa bildi. İkinci dəfə Putin bunu 2008-ci ildə təkrarladı. Çünki həmin vaxt da görünürdü ki, iqtisadi böhran yaşanır və hakimiyyət üzüaşağı gedir. Dərhal Gürcüstan müharibəsi başlandı və bununla yenə də xarici təhlükələr, təhdidlər mənzərəsi yaradıldı, nəticədə cəmiyyəti Putinin ətrafında səfərbər etmək mümkün oldu. Putinsə 2008-ci il böhranını Qərbin üzərinə yıxdı, bildirdi ki, Rusiyaya qarşı sanksiya tətbiq edilir və s. İndi də həmin şey başqa formada yaşanır. Rusiya çökürdü və çökəcəkdi. Bu səbəbdən də müharibə yolunu seçdilər. Əks halda onun vəziyyəti daha pis olacaqdı. Məsələ bundadır.

– Demək istəyirsiniz ki, burada qlobal geopolitik qarşıdurma xətti yoxdur və Rusiya hakimiyyəti sadəcə özünü qorumaq üçün Ukrayna ilə müharibə yolunu seçib?

– Bəli

– Deməli, Ukraynada Qərb və Rusiya arasında qarşıdurma və geopolitik təsir savaşı getmir?

– Savaş ola bilər, amma dar çərçivədə. Əsas məsələ stabillikdir. Qərbin Rusiyaya və digər MDB ölkələrinə münasibətini götürün. Ukraynaya dəstək yüksək ola bilər. Amma onlar üçün əsasən Rusiyanın stabilliyi əhəmiyyətlidir. Rusiyanın ərazisində böyük miqdarda nüvə silahı yerləşir. Bu nüvə potensialı Kalininqraddan Sakit okeana qədər səpələnib. Qeyri-stabillik və inqilabi vəziyyətin yaşanması, hökumətin dəyişməsi və ya anarxiya vəziyyətinin yaranması halında bu nüvə silahlarının kim tərəfindən və necə istifadə ediləcəyini bilmək mümkünsüzdür. Yəni hər şey nəzarətdən çıxır. Ona görə də Qərb üçün vacibdir ki, Rusiyada stabillik olsun. Yeri gəlmişkən, müharibə başlayanda Putin nüvə texnologiyası haqda danışdı, bu məsələni gündəmə gətirdi. Qərb istəyir ki, Rusiyada böyük inqilab, anarxiya yaranmasın və nüvə silahı da onun başında çatlamasın. Əsl reallıq budur.

Ukraynanın maraqları nədir? Ukraynanın Qərb məkanına inteqrasiyası xeyli zəif gedirdi. 2014-cü ildə yaşanan Maydan hərəkatından belə nəticə çıxırdı ki, proses daha sürətli gedəcək, amma bu, baş vermədi. Hətta son vaxtlar geriləmə müşahidə olunurdu. Eyni zamanda, Kiyevdə islahatçı komandanın hakimiyyətdən getməsi reallaşırdı. Daha konkret desək, 2023-cü ildə prezident seçkiləri gözlənilirdi. Vəziyyət bu formada davam etsəydi, Ukraynada hakimiyyət dəyişəcək, iqtidara oliqarx qruplar gələcəkdi, ölkə həm geri gedəcəkdi, həm də Rusiyaya meyl artacaqdı. Bu, real təhlükə idi. Amma indi Ukraynada oliqarxlar məsələsi həllini tapdı. Onların çoxu fevralın 24-də təyyarələrinə doluşub ölkədən qaçdılar. Bu müharibə ilə həm də Ukrayna, Moldova və Gürcüstan üçün şərait yaradıldı ki, sıçrayışla Avropa Birliyinə inteqrasiya olsunlar. Artıq lazım olan prosedurlar qalıb bir kənarda, Ukraynanın Avropa Birliyinə üzvlüyü üçün qərar verilir.

Digər tərəfdən, Ukrayna və rus xalqları bir-birinə çox yaxındır. Ukraynada əhalinin az qala yarısı Rusiya meyllidir. Qərb də seçim qarşısında idi, ya prosesləri sürətləndirmək, ya da Ukraynanı itirmək. Ukrayna siyasətçiləri də əmindirlər ki, sürətli şəkildə Avropaya inteqrasiya etmək vacibdir. Bunun üçün nə lazımdır? Rusiyadan ayrılmaq. Rusiyadan ayrılmaq üçün indi ikinci mərhələ başlanılır. Birinci mərhələ 2014-cü il Maydan prosesləri idi, indi isə ikinci mərhələ müşahidə olunur. Belə baxanda bütün tərəflərin maraqlarına indiki müharibə uyğun gəlir.

– Nəticə?

– Nəticə ondan ibarət olacaq ki, Rusiya bu vəziyyətdən çıxacaq. Daxildə cəmiyyətə göstərəcək ki, böhran, sosial gərginlik, problemlər Qərbin yaratdığı maneələrin nəticəsidir. Sanksiyalar bunun üçün yaxşı arqumentdir. Zamanla sanksiyalar da zəifləyəcək. Rusiya gələcəkdə maliyyə yardımı alacaq. Eyni zamanda rus oliqarxlar da sıradan çıxacaq.

– Bəs, nəticədə Ukrayna Putindən xilas olaraq, Avropaya yaxınlaşa biləcəkmi?

– Əlbəttə. Azərbaycanda 1990-cı ilin 20 yanvarına qədər insanlarda tərəddüd vardı. Amma bu hadisədən sonra azərbaycanlılar dəqiq müəyyən etdilər ki, şimalda onun dostu yoxdur, üz tutdu Qərbə. Hələ o vaxt bəziləri deyirdi ki, millət qandan keçməsə mümkün olmayacaq. Ukraynada da indi bu baş verir. Bu hadisələrdən sonra Ukrayna kəskin şəkildə Qərb istiqamətində hərəkət edəcək.

– Bunun üçün rus ordusu ölkədən çıxmalıdır, amma indi baş verənlər göstərir ki, Putin ən azı Ukraynanı iki hissəyə bölməyə nail olacaq…

– Bu, mümkün deyil. Rusiya çalışacaq ki, Ukrayna Donetsk və Luqanskın SSRİ zamanında mövcud olan vilayətləri səviyyəsində müstəqilliyini tanısın. Amma məsələ ondadır ki, ruslar müharibə aparsalar da, bu vilayətlər istiqamətində ciddi irəliləyə bilmirlər. Onlar əsasən cənub tərəfdə və şimal istiqamətində irəliləyiblər. Amma illərlə savaşın getdiyi Donbasda qeyri-adi heç nə baş verməyib. Hesab edirəm ki, son olaraq Donetsk və Luqansk məsələsi müzakirə ediləcək, mümkündür ki, Ukrayna bu qanunsuz qurumlara muxtariyyət verəcək. Hər halda, bu məsələlər çox çəkməyəcək, tərəflər razılığa gələcəklər. Çünki görünən və görünməyən tərəflərin çoxu üçün müharibənin uzunmüddətli olması sərfəli deyil. Sonda vəziyyət dediyimiz kimi olacaq. Döyüşlər də getdikcə zəifləyəcək. Qərb mediası da bildirir ki, rus ordusunun irəliləyişi yoxdur.

– Siz səmimi olaraq gözləyirsiniz ki, rus ordusu Xarkov, Kiyev, Çerniqov, Odessa və ya Mariupol ətrafından çəkilib gedəcək?

– 2008-ci ilin Gürcüstan müharibəsində rus ordusu Tiflisə yaxınlaşırdı. Qoriyə, Borjomiyə soxulmuşdular. Amma çəkilib getdilər, əvvəlki çərçivəyə – Abxaziya və Osetiyaya qayıtdılar və bu günə qədər oradan çıxmayıblar. Münaqişə də dondurulmuş formada qalır. Qənaətimcə, bu yanaşma Ukrayna məsələsində də təkrar olunacaq. Buna şübhə yoxdur.

– Demək istəyirsiniz ki, bunların hamısı ümumi razılaşmanın tərkib hissəsidir?

– Hardasa belədir.

– Yəni Qərb və Rusiya arasında ümumi razılaşmaya uyğun addımlar atılır?

– Mən deməzdim ki, Qərb və Rusiya arasında belə razılaşma var, hamı hər şeyi bilir. Əksinə, fikrimcə, bu, çox dar çərçivədə olan razılaşmadır. Qalanlarına sadəcə olaraq deyirlər ki, belə et.

– Deməli, Putin Kiyevə, Xarkova, Mariupola, Nikolayevə və digər şəhərlərə girməyəcək?

– Yox. Məsələn, mən eşidirəm ki, Mariupolda atışma gedir və s. Camaat da rus ordusunu qəbul etmir, etiraz edir. Bu tərəfdən də Rusiyaya qarşı ciddi sanksiyalar var.

– Rusiyaya sanksiya tətbiq edən ölkələrin ən nüfuzlu iqtisadçıları proqnoz edirlər ki, yayda və ya ən uzağı sentyabrda rus iqtisadiyyatında ciddi problemlər yaranacaq…

– Müharibə beş və ya yeddi ay davam edərsə, bu, Rusiya üçün problem yaradar. Rusiya hazırda neft və qaz satır və bunda heç bir problem yoxdur. Rusiyanın da əsas ixrac potensialı elə neft və qazla bağlıdır. Amerika sanksiya qoyub, amma bu, problem yaratmır. Amma müharibə uzunmüddətli olsa, əlbəttə, təsirini göstərər. Ona görə də deyirəm ki, qısa müddətdə hər şey aydın olacaq. Rusiyanın hələlik imkanları var. İndi neftin və qazın qiyməti qalxıb və bu, Rusiyaya ikiqat xeyir gətirəcək.

Putin yeni hakimiyyətə gələndə Çeçenistan müharibəsi başladı, bu müharibə bir qədər uzun çəkdi və sonunda Putin məsələni həll etdi. Bu müharibədən istifadə edərək, daxildə vəziyyəti stabilləşdirdi. Amma 2008-ci ilin Gürcüstan müharibəsini operativ formada həyata keçirdi, çevik tərpəndi, müharibə cəmi 5 gün çəkdi.

2014-cü ildə Krımın ilhaqı və Donbas müharibəsi də bir qədər çox çəkdi. Bundan da istifadə edərək daxili narazılıq və digər məsələləri yoluna qoydu. Əslində, diqqət etsəniz görərsiniz ki, Rusiya-Ukrayna müharibəsinin beşinci günündə tərəflər arasında dialoq quruldu, indiyə qədər üç dəfə görüş keçirilib, əlavə olaraq xarici işlər nazirləri arasında təmas baş tutub. Əvvəl Rusiya bir qrup tələblər irəli sürürdü. Amma bu tələblərdən birini götürdülər. Sabah digərini, birisigün başqa birini götürəcəklər.

Nəhayət, Rusiya məsələni birdəfəlik həll etmək istəsəydi, özünü müstəqil elan edən Donetsk və Luqansk qərar verə bilərdi ki, Rusiyaya birləşirik. Elə Abxaziya və Osetiya da onlar kimi. Yəni, Krımın ilhaqı formasında – referendum keçirirlər və elan edirlər ki, biz artıq Rusiyayıq. Bəs Rusiya buna niyə getmir? Çünki bu olmamalıdır, indiki vəziyyət müvəqqətidir və gələcəkdə həmin ərazilər öz sahibinə qayıda bilər. Necə, hansı formada? Bu, gələcəyin işidir. AzPolitika.info

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …