Ana səhifə / Müsahibə / “Peyvənd vurulmadığı üçün kor qalan, ölən uşaqlar var” – Pediatr Günay Rəsulova

“Peyvənd vurulmadığı üçün kor qalan, ölən uşaqlar var” – Pediatr Günay Rəsulova

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı pediatr Günay Rəsulovadır.  Müsahibimiz peyvənd haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Günay Rəsulova 2008-ci ildən həkim kimi fəaliyyət göstərir. O, Azərbaycan Tibb Universitetində və Türkiyə Respublikasının İstanbul Şişli Təhsil və Araşdırma Xəstəxanasında təhsil alıb. 2018-ci ildə İstanbul Memorial Xidmət  Xəstəxanasında və Ege Universitetində uşaq xəstəlikləri üzrə təkmilləşmə kurslarını bitirib. Həmçinin Fransa, İrlandiya, Polşa, Rumıniya və digər Avropa ölkələrində keçirilən təlim və beynəlxalq konfranslarda iştirak edib. G.Rəsulova uşaqlarda iştahsızlıq, çəki problemi, bronxit, pnevmoniya, allergiya, bronxial astma, mədə-bağırsaq sistemi xəstəlikləri, qan azlığı, böyrək problemləri kimi  bütün növ xəstəlikləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir. Hazırda “Leyla Medical Center”də çalışır.

“Göyöskürək və qızılca xəstəlikləri hətta ölümə səbəb ola bilər”

– Pandemiya ilə bağlı aktuallaşan mövzulardan biri də peyvənddir. Qızılca, suçiçəyi və digər xəstəliklərə yoluxma halları xeyli artıb. Bu nə dərəcədə təhlükəlidir?

– UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, bu il peyvəndlə qorunan xəstəliklərin statistikasında ciddi artım var. Məsələn, qızılca virusuna yoluxma halları digər illərlə müqayisədə 79 faiz artıb. Buna səbəb COVID-19 pandemiyası müddətində toplum immunitetinin zəifləməsidir. Uzun müddət maskadan istifadə etmək, izolyasiya kimi karantin tədbirləri insanların immun sisteminə ciddi təsir edib. Odur ki, sadaladığınız infeksiyalar daha aqressiv və fərqli klinik əlamətlərlə qarşımıza çıxır. Bu, çox təhlükəli haldır və peyvəndin aktuallığını daha da artırır. 

– O zaman peyvənd haqqında oxucularımıza ətraflı məlumat verərdiniz. Peyvənd nədir və nə üçün lazımdır?

– İnsan orqanizminin iki cür qoruyuculuğu var: təbii və qazanılmış. Uşaq doğulanda anadan körpəyə keçən hazır antitellər olur. Biz buna passiv immunitet deyirik. Bu antitellər uşağa ötürülür və onu infeksiyalardan bir müddət qoruyur. Daha sonra uşaq böyüdükcə yaşla əlaqədar olaraq, özü təbii immunitet qazanmağa başlayır.

– Bəs qazanılmış immunitet nədir?

– Qazanılmış immunitet keçirilən xəstəliklər nəticəsində formalaşır. Uşaq hər dəfə xəstələndikcə orqanizmində həmin xəstəliklərə qarşı müqavimət  yaranır. Lakin göyöskürək, qızılca kimi virusları təbiətin ixtiyarına buraxa bilmərik. Çünki çox ciddi fəsada, hətta ölümə səbəb ola bilər. Statistik olaraq, bu xəstəliklərdən ölüm riski yüksəkdir. Məsələn, qızılca korluq, illər sonra beyində ağır fəsadlar yarada bilər. Ancaq peyvənd vurdurmaqla övladımızı bu kimi ağır nəticələrdən qorumuş oluruq.  

“Peyvənd uşağı əlillikdən və ölümdən qoruyan hazır immunitetdir”

– Ölkəmizdə peyvəndlə bağlı ictimai fikir ziddiyyətlidir. Vaksini dəstəkləyən valideynlər də var, buna qarşı çıxanlar da. Adətən, analar hansı səbəblərə görə peyvənddən imtina edirlər?

– Tibblə bağlı bütün fikirlər elmə əsaslanmalıdır. Peyvənd immunologiya elmidir. Vaksin uşağın orqanizminə yeridilən və onu ağır, riskli xəstəliklərdən, əlillikdən, ölümdən qoruyan hazır immunitetdir.

– Peyvənddən ağır fəsadlar yarana bilərmi?

– Çox nadir hallarda beyinə zərər verməsi, a​​​​​nafilaktik şok mümkündür. Amma bunu da statistika ilə müqayisə etməliyik. Qidadan yarana biləcək ​​​​​​​anafilaktik şok ehtimalı peyvəndə nisbətən qat-qat yüksəkdir. Məsələn, yumurta, çiyələk yeyib şoka girən uşaqlar var. Yəni allergiya müxtəlif səbəblərdən, o cümlədən qidadan da baş verə bilər. Çox kiçik bir ehtimala əsaslanıb uşağı peyvənddən məhrum etmək onu daha böyük rikslərə atmaq deməkdir.

– Bəs peyvənd uşaq ölümünə səbəb ola bilərmi?

– Biz həkimik və statistikaya uyğun danışırıq. Məsələn, göyöskürək olmuş hər yüz min uşaqdan biri ölür. Göyöskürək peyvəndindən isə ölüm milyonda birdir. Görün, nə qədər böyük statistik fərq var! Peyvənddən ölüm ehtimalı çox nadir görülən haldır. 

– Peyvənddən sonra hansı əlamətlərin olması normaldır?

– Peyvənddən sonra ilk üç gün qızdırmanın olması, iynə yerinin qızarması, iynəyə bağlı ağrının yaranması normal əlamətlərdir. Buna görə narahatlığa, təşvişə ehtiyac yoxdur. Bu əlamətlər orqanizmin vaksinə reaksiyası nəticəsində ortaya çıxır. Onu da qeyd edək ki, hər bir orqanizm fərdi xüsusiyyətə malikdir. Bəzi uşaqlarda peyvənddən sonra heç bir əlamət yaranmır. Lakin övladınızın üç gün hərarəti qalxır, iynə yerinin ağrısı ilə bağlı bir neçə gün rahat yeriyə bilmirsə, bu, vaksindən imtina etməyə əsas vermir.

“Heç bir peyvənd təhlükəli deyil”

– Tək valideynlər deyil, peyvəndə qarşı olan həkimlər, hətta pediatrlar da var. Hesab edirlər ki, uşaq xəstəliyi keçirərək təbii yolla vaksinlənməlidir.

– Bu cür düşünən həkimlərin tibbi biliyinə şübhə edirik. Çünki peyvənd tibb universitetlərində tədris olunan immunologiya elmidir. Bəli, uşaq xəstəliyi keçirməklə də vaksinlənə bilər. Amma hər uşağın orqanizmi fərqlidir. Bir uşaq göyöskürəkdən sağala, digəri isə ölə bilər. Biz bu riskdən qaçmaq üçün peyvəndi şiddətlə tövsiyə edirik

– Nevroloji xəstəliyi olan uşaqlar da peyvənd oluna bilər?

– Əgər proqressivləşməyən, yəni inkişaf etməyən xəstəlikdirsə, olar. Hətta xroniki xəstəliyi olan uşaqlara vaksin vurulmasını tövsiyə edirik. Məsələn, əkiz uşaqlardan birində ürək qüsuru varsa, ilk növbədə, ona vaksin vurulmalıdır. Çünki risk qrupuna daxildir. Göyöskürək, qızılca olarsa, ölüm ehtimalı çox yüksəkdir.

– Bəs qıcolmadan əziyyət çəkən və hazırda buna görə müalicə alan uşaqlar…

– İki cür qıcolma var: febril və afebril. Febril qıcolma sırf qızdırmaya, infeksiyaya bağlıdır və 5 yaşınadək çox sayda uşaqda baş verə bilər. Uşaq nə vaxtsa febril qıcolma keçiribsə, buna görə vaksindən imtina etmək olmaz. Afebril qıcolma isə nevroloji problemlərlə bağlıdır. Bu halda xəstəlik proqressivləşən deyilsə, vaksin əks göstəriş sayılmır.

– Valideynlər daha çox AKDS peyvəndindən ehtiyat edir. Bu peyvənd təhlükəli sayılırmı?

– Heç bir peyvənd təhlükəli deyil. Amma yan təsirləri var. Bir az əvvəl qeyd etdiyim kimi, ilk 72 saat qızdırma, iynə yerində ağrı və qızartı yarana bilər. Bunlar da orqanizmin normal reaksiyalarıdır. Əgər orqanizm reaksiya verirsə, deməli, vaksin işini görür, immunitet yaranır. Unutmayaq ki, qızdırma həm də bədənin müdafiə funskiyasıdır. Bədən orqanizmə daxil olan yad maddəyə qarşı müdafiə mövqeyinə keçir. Odur ki, vaksindən sonra bədən hərarətinin yüksəlməsi normal haldır.

– Hətta peyvəndin autizm yaratması ilə bağlı fikirlər də var…

– Bunlar heç bir elmi əsası olmayan yalan fikirlərdir.

– Bəs autistik uşağa da peyvənd vurula bilərmi? Bəzi fikirlər var ki, peyvənd autizmi ağırlaşdırır. Bu doğrudurmu?

– Xeyr! Peyvəndin autizmə heç bir təsiri yoxdur və autistik uşağa da vaksin vurula bilər. Çünki autizm psixiatrik problemdir və heç bir psixiatrik hal peyvənd üçün əks göstəriş deyil.

– Talassemiya, hemofiliya kimi irsi qan xəstəliyi olan, serebral iflicdən əziyyət çəkən uşaqlar da var.

– Əksər xroniki xəstəliklər üçün peyvəndlərin çoxu əks göstəriş deyil. Bütün canlı olmayan vaksinlər vurula billər. Adətən, sadaladığınız xəstəliklərdən əziyyət çəkən uşaqlarda immunitet zəif olur. Odur ki, bədənə canlı vaksin yeridildiyi zaman belə uşaqlarda xəstəlik yarana bilər. Bu səbəbdən də onlara canlı peyvəndlər yalnız həkim rəyi ilə vurula bilər. Lakin onu da qeyd etməliyik ki, bu uşaqlara vaxtaşırı qan köçürülür. Buna görə onların hepatit B virusuna yoluxma ehtimalları yüksəkdir. Bu baxımdan, həmin uşaqlara Hepatit B peyvəndinin vurulması zəruridir.

O ki qaldı serebral iflicə, əgər uşaqda yanaşı proqressivləşən başqa bir nevroloji xəstəlik yoxdursa, vaksin vurula bilər.

– Peyvəndlə bağlı valideynləri ən çox düşündürən suallardan biri də budur: vaksini dövlət, yoxsa özəl tibb müəssisəsində vurduraq? Keyfiyyət fərqi varmı?

– Bu, vətəndaşın seçimi ilə bağlıdır. Kimsə tibbi xidməti özəl müəssisədə almaq istəyirsə, bu onun şəxsi seçimidir. Peyvəndin keyfiyyətinə gəlincə isə ciddi bir fərq yoxdur. İstər dövlət, istərsə də özəl klinikada vurulan vaksindən sonra qızdırma yarana bilər. Lakin özəldə vurulan peyvəndin təsiri ilə temperaturun yüksəlmə ehtimalı nisbətən azdır. Onu da nəzərə alaq ki, özəl klinikada tibbi xidmət, peyvəndin qiyməti bahadır. Odur ki, övladınıza dövlət xəstəxanasında da rahatlıqla vaksin vurdura bilərsiniz. Yetər ki, uşaqlar peyvəndsiz qalmasın. Unutmayaq ki, vaksin seçim, istək deyil, övladımızın sağlam böyüməsi üçün zərurətdir!

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …