Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “Paşinyan bəlkə də birinci ağıllı ermənidir”

“Paşinyan bəlkə də birinci ağıllı ermənidir”

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın müsahibəsi:

– Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşündən sonrakı çıxışları artıq Ermənistan dövlətinin sülhə maraqlı olmasını göstərir. Sizcə, Paşinyanı belə bir addım atmağa məcbur edən səbəblər nədir?

– Son 200 illik tarixə nəzər salsaq, Paşinyan bəlkə də birinci ağıllı ermənidir ki,  artıq dərk edir, düşmənçiliklə bu bölgədə əbədi erməni anklavı olaraq qalmaq qeyri-mümkündür. Bunun sonrakı mərhələdə böyük problemlər ortaya çıxacaq. Ona görə də, çox ciddi işlər görməyi planlaşdırır. Çünki hakimiyyətdədir və ona müəyyən dərəcə populist xətti aparmaq daha uyğun gələr ki, öz mövqeyini qorusun. Amma görünür, ermənilərin problemini həll etmək istəyir. Baxır ki, barış və uzlaşma olmadan bölgədə yaşaya bilməyəcəklər. Bu məsələ hazırda Ermənistan üçün çox böyük bir problem yaradır və erməni cəmiyyətinin özündə böyük çalxalanmanı ehtiva edir. Həm də bu, düşüncə çalxalanmasıdır.

Mənə elə gəlir ki, Paşinyan erməni xalqının müəyyən dərəcədə bugünkü vəziyyətdən çıxması üçün bütün optimal addımları atmağa çalışır. Çünki bu cür cəsarətlə xalqın kütləvi şəkildə zəhərləndiyi bir ideologiyanın üzərindən bu sözləri deməyin özü böyük risk tələb edir.

– Erməni cəmiyyətinin bunu sakit qəbul etməsini necə qiymətləndirirsiniz?

– Əminəm ki, bu, düşünülmüş bir kursdur. Həm də bu kursun həyata keçirilməsi Qarabağ ermənilərini də ağıllandıracaq. Biz onları yumruqla ağıllandırdıq, amma bir az da cəmiyyətin özü ağıllanmalıdır ki, sən burada nə etmək istəyirsən?! Hansı resursla dövlət qurmaq istəyirsən?! Sən o zaman dövlət ola bilərsən ki, böyük güc dalında dursun. İndi o böyük həmişə dalında duracaqmı?! Böyük güc sənin arxandan çəkilən kimi kiminlə üz-üzə qalacaqsan?!

Bu reallığı onlara çatdırmaq lazımdır.

Paşinyanın başladığı iş 200 illik erməni xəstəliyini cərrahi əməliyyatla sağaltmağa doğru gedir. Fikir verin, bu ifadələr 10-15 il öncə erməni cəmiyyətində deyilə bilərdimi? Bu xəstə cəmiyyətə bunu aydınlaşdırmaq olardımı? Əsla!

– Qarabağdakı separatçılar artıq Ermənistandan əllərini üzüb. Onlar son çıxışlarında Rusiyaya meylli olduqlarını hər vəchlə bəyan etməyə çalışırlar. Qarabağ ermənilərini Azərbaycan vətəndaşlığına cəlb etmək, habelə onların Azərbaycanla hesablaşmaları üçün nə edə bilərik?

– Qarabağ ermənilərinin Ermənistandan əl üzməsi, əslində, xeyrimizədir. Amma bir şey də var ki, siz Rusiya ilə əbədi haraya qədər gedəcəksiniz?! Rusiya əvvəl-axır Azərbaycanla razılaşıb, Azərbaycan ərazisində olan sülhməramlıların özünə aid olan statusunu gerçəkləşdirməlidir. Onlar bunu Azərbaycanın başı üzərindən etməyəcəklər ki… Yəni “ərazi mənimdir” deməklə onu ələ keçirmək olmur. Onu əlində saxlamaq da var.

Ümumiyyətlə, oradakı ermənilərlə bağlı müzakirə aparılmalı, ictimai debatlar təşkil olunmalıdır. Azərbaycanın siyasi partiyaları, QHT-lər müəyyən dərəcədə müzakirəyə cəlb olunmalıdır, fikirlər alınmalıdır. Biz ermənilərə nə təklif edəcəyik? Hansı cəzbedici təkliflər olmalıdır və s.

Qarabağ erməniləri, əgər burada yaşamaq istəyəcəklərsə, təbii ki, milli azlıq kimi Azərbaycanda yaşayan milli azlıqlara aid olan hüquqları verəcəyik. Azərbaycan vətəndaşlığının cəlbediciliyini onlara qəbul etdirəcək tezisləri biz təqdim etməliyik. Status vermirik, buna şərait də yaratmırıq, amma Azərbaycan vətəndaşlığına çağırırıqsa, bunu bir variantlar formasına, hətta siyasət naminə belə olsa, gündəmə gətirməliyik. Bu, Azərbaycan cəmiyyətində də hər hansı çalxalanmanın yaranmaması üçün mütləq olmalıdır. Çünki söhbət təkcə Qarabağda yaşayan 20 min ermənidən getmir. Bunun arxasında duran Fransadan, Rusiyadan, ABŞ-dan söhbət gedir.

Ona görə də biz müəyyən etməliyik ki, bu bölgədə biz hansı inteqrasiya formasını seçəcəyik ki, onlara bəhanə verməyək. Eyni zamanda, artıq stimullaşdıraq ki, ermənilər artıq Rusiyadan yox, Azərbaycandan yapışsın, Azərbaycan dövlətinə güvənsin və Azərbaycan dövlətinin himayəsində olmağın onlar üçün təhlükəsizlik baxımından daha faydalı olduğunu anlasın.

Yenisabah.az

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …