Ana səhifə / Müsahibə / “Onu tezliklə general kimi görmək istəyirəm” – Füzuli Musayevin sinif yoldaşı

“Onu tezliklə general kimi görmək istəyirəm” – Füzuli Musayevin sinif yoldaşı

“Hardansa balaca bir bulka alanda da onu tək yeməz, gətirib mənimlə bölərdi”

“Sinif yoldaşı layihəsinin növbəti müsahibi Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Avropa və Dünya çempionu  Füzuli Musayevin sinif yoldaşı Elşən Ələsgərovdur.

Azinforum.az  xəbər verir ki, O, əlli illik dostu ilə bağlı xatirələrini AzEDU.az-a danışıb.

– Əvvəlcə sizi tanıyaq:

– 1962-ci ildə Gəncədə anadan olmuşam. 1969-cu ildə 1-ci sinfə gedib, 1979-cu ildə isə orta məktəbi bitirmişik. 1980-ci ildə hərbi xidmətə yollanmışıq. İkimiz də Arxangelskdə qulluq etmişik. 1982-ci ildə hərbi xidməti başa vurub vətənə qayıtmışıq. Əsgərlikdən gələndən sonra heç birimiz universitetə qəbul ola bilmədik. Bir az çalışdıq və texnikuma qəbul olduq. Sonralar başımız işləməyə qarışdı. Hazırda Suvarma Sistemləri İdarəsində mühəndis işləyirəm.

IMG-20180412-WA0004.jpg

– Füzuli Musayevlə on bir il bir yerdə oxumusuz?

– Uşaq bağçasından tutmuş,  orta məktəbi bitirənə qədər – on il bir sinifdə oxumuşuq.  Tale elə gətirdi ki, hərbi xidmətdə də yollarımız kəsişdi. Bu dostluq elə sınaqlardan keçib ki…

Mən hətta bağça illərimizi də xatırlayıram. Bağçadan uşaqları yaxınlıqdakı parka aparırdılar. Biz də əl-ələ tutub parka gələrdik. Gün boyu orada oynayırdıq. Yadımdadır, ikimiz də balıq yağını uda bilmirdik. Burnumuzdan tutub məcburi ikimizin də ağzına balıq yağı tökürdülər. O qədər xatirələrimiz var ki…

IMG-20180412-WA0002.jpg

– Xaraktercə necə biridir?

– Füzuli yoldaşlığa, dostluğa çox möhkəm insandır. Elə uşaqlıqdan indiyə kimi dostluğumuz davam edir. Həmişə dostluğa qiymət verən insan olub.

– Uşaqkən necə,  dəcəlliyi olub?

– Uşaqlıq illərində hamımızın dəcəlliyimiz vardı. O da bir az dəcəl uşaq idi. Amma çalışqan, zəhmətkeş idi. İştahı isə heç vaxt mənimkindən zəif olmayıb.

– Uşaqlıq illərinin ən yadda qalan xatirəsi hansıdır?

– Getdiyimiz parkda bir bitki var idi. Biz ona “marojna” deyərdik. Füzuli məndən hündür olduğuna görə budağı əyirdi, biz də bir təhər ondan qoparıb, aramızda bölüşdürüb yeyərdik. Boyum 1.73 sm olsa da, sinif oğlanlarından  ən balaca boylu mən olmuşam.

Həmişə komanda ilə futbol oynayardıq. Uduzanda elə deyinirdi ki. “Biz niyə uduzduq? Sən pis oynadın” və s.  Cığallıqla mübahisə etməyi var idi.

IMG-20180412-WA0001.jpg

– Orta məktəb illərində dərslərinə necə yanaşırdı?

– Çox yaxşı. Onun güclü yaddaşı vardı. Bəzən müəllim nəyisə deyirdi, ardınca Füzuli soruşurdu ki, olar təkrar deyim? Müəllimin neçə gün əvvəl dediyini durub təkrarlaya bilirdi. Hafizəsi çox güclü idi.

– Çətinlik çəkdiyi fənlər hansılar idi?

– Hansı fəndən çətinlik çəkdiyini deyə bilmərəm. Çünki neçə il ötüb, çox şey yadımdan çıxıb.  Amma məhz Musayev problemsiz şagird olub. Hansısa fəndən zəif ola bilər. Amma normal şəkildə dərslərinə cavab verirdi. Hər halda nə də olmasa məndən yaxşı oxuyurdu.

– Dərslərdə sizə kömək etdiyi vaxtlar olub?

– Bizim yoldaşlığımız əla olub. Mən hansısa tapşırığı yazmayanda  gəlib sinifdə ondan köçürə bilirdim. Ondan köçürdüyüm vaxtlar çox olub.

IMG-20180412-WA0007.jpg

– Ən çox hansı  fənnə marağı olub? Hansı müəllimi daha çox sevib?

– Orta məktəbdə kimyadan bir müəllimimiz var idi. Biz həndəsə və kimyadan zəif idik. Ona görə də onunla bir az çətinliyimiz olardı.  Füzuli misalları çox rahat həll edirdi. Səhv etmirəmsə, həndəsədən bir az zəifliyi vardı. Amma sinifdə ən yaxşı oxuyan uşaqlardan biri olub. Mən ondan qabaq partada əyləşmişəm. İndiki kimi yadımdadır. Nəriman adlı müəllimimiz vardı, deyirdi ki, “ay bala oxuyun”. Bizi tənbeh edirdi. Otuz illiyimizi qeyd edəndə Füzuli ona xatırlatdı ki, yadınızdadır mənə deyirdiz oxu? Nəriman müəllim bizi məcbur edirdi ki, oxuyun, gələcəyinizi qurun. Füzuli indi də mənimlə görüşəndə soruşur ki, Nəriman müəllim necədir? Vaxt olanda görüşürük də.

– Hansısa müəllimlə arasında mübahisə, problem yaşayıb?

– Xeyr! Elə bir şey olmayıb. Çox mehriban uşaq idi. Mən indi də uşaq hansısa müəllimdən şikayət edəndə düşünürəm ki, müəllimin tənbeh etməyə haqqı var. Heç vaxt belə şeyləri konflikt kimi qəbul etməmişik. Bağça dövründə bir qədər dəcəlliyi ola bilər. Amma çöldə olub. Məktəbdə, bağçada heç vaxt problem yaratmayıb. Füzuli çox nümunəvi şagird olub. Müəllimlərimizə hər zaman böyük hörmətlə yanaşmışıq.

– Uşaqlıq illərinizin birgə keçdiyinizi dediniz. Ailəvi tanışılığınız vardı?

– Bəli, evlərimiz təxmini 200 metr məsafədə idi. Bəlkə də daha az olardı. Tez-tez gedib-gəlirdik. Bütün günü bir yerdə oynayırdıq.

IMG-20180412-WA0006.jpg

– Deyəsən, sinifdə ən yaxın dostu elə siz olmusuz…

– Biz hələ uşaqlıqdan bir yerdə olduğumuza görə ən yaxın dostu mən olmuşam. Bağça, məktəb illərimiz bir keçdi. İş elə gətirdi ki, əsgərlikdə də eyni yerdə xidmət etməli olduq. O çətin illərdə bircə dəfə də aramızda inciklik olmadı. Füzuli musiqi ilə məşğul idi. Əsgərlikdə bəzən, hərbi hissədən kənara çıxıb konsertlərə gedirdi. Hardansa balaca bir bulka alanda da onu tək yeməzdi, gətirib mənimlə bölərdi. Biz, bax, belə yoldaş olmuşuq.

– Digər sinif yoldaşları ilə münasibəti necə idi?

– Çox yaxşı! Yoldaşları ilə münasibətinə həmişə diqqət edib. İndi də hər dəfə Gəncəyə gələndə görüşürük. Təsadüfən ola bilər ki, vacib işi olduğuna görə  gəlib tələsik qayıdar, görüşə bilmərik. Amma dostluğa, qardaşlığa hər zaman qiymət verən adamdır.

– Dərslərə davamiyyəti necə idi? Dərsdən qaçdığınız vaxt olub?

– Dərs boş olanda hamımız birdən dərsdən çıxırdıq. Belə olanda adətən, harasa gəzməyə gedərdik. Sinifdə cəmi doqquz şagird olmuşuq. Amma çox mehriban kollektivimiz var idi.

IMG-20180412-WA0009.jpg

– Yenidən məktəb illəri ilə bağlı  yadınızdan çıxmayan xatirələrə qayıdaq…

– Biz meydançaya gedərdik. Orada yüz metrlik qaçışlar olurdu. Həmişə Füzuli Musayev birinci yeri tutardı. İdmanda güclü olan bir neçə nəfəri dəstədən ayırırdılar ki, normativləri versin. Bizdə həmişə belə şeylər üçün Füzuli seçilirdi. O, 100 % əmin idi ki, haradasa yer qazanacaq. Özünə çox güvənirdi. Çünki məqsədi vardı.

– Az öncə ailələrinizin yaxın olduğunu qeyd etdiniz.  Onların ailə vəziyyəti, maddi durumu  necə idi?

– Füzuli adi fəhlə ailəsindən çıxmışdı.  Bizim də, onların da ailəsi fəhlə ailəsi olub. Kasıb idilər.  Üç qardaş və üç bacısı vardı. Çətin dövr idi…

– İdmana marağı hardan yarandı?

– Uşaq vaxtı haradansa  kitabça tapmışdı. Ora baxıb idman hərəkətləri edir, getdikcə öyrənirdi. O vaxtlar televizorda Brüs Lini göstərirdilər. Baxıb həvəslənirdi. Məktəb illərində idmanla məşğul olurdu. Sonradan əsgərlikdə də idmanı buraxmadı. Bir zabitimiz vardı, idmançı idi. Hərbi xidmət dövründə onunla məşğul olmağa başladı. Bakıda işləyəndə həm idmanla məşğul olur, həm də hansısa zavodda çalışırdı. Zavodun adını unutmuşam. İşdən çıxıb məşqə gedirdi. Yəni, hələ uşaq vaxtdan idmana meyli var idi. O, həvəsi sonradan işinə çevirdi.

Yaxşı yadımdadır, məktəb dövründə bizdə “kanal” deyilən yer vardı. Uşaq vaxtı ora çimməyə gedərdik. Orada Füzuli çalışırdı ki, salto vurmağı öyrənsin. Biz kanalda vaxtımızı əyləncəli keçirirdik. O isə nəsə öyrənməyə çalışırdı. Torbaya qum doldurub asır, yumruqlayırdı. Təxminən, 2-3-cü sinifdə oxuyan vaxtlarımızdan danışıram. Əlinə bir ağac alıb boya qablarına udar vurardı və s.

IMG-20180412-WA0010.jpg

– İdmanla çox məşğul olurdu. Ətrafdakı uşaqlarla arasında davaya çevrilən mübahisələr  olub?

– Xeyr! Uşaqlığı deyə bilmərəm, amma gənclik illərində belə bir şey olmayıb. Düzdür, cavanlıqda hansısa dalaşqanlıq, davakarlıq ola bilər, amma nadir hallarda.  Biz heç vaxt qoymazdıq ki, qıraqdan hansısa oğlan bizim sinif qızlarına bir kəlmə söz desin. Belə olanda, Füzulini də götürüb gedirdik. Belə hallarda davalar ola bilər, amma böyüyəndən sonra yox.

Buna görə mübahisəmiz düşərdi. Amma çox davakar adam olmayıb.

– Deyirlər ki, bəzi gənc oğlanlar idmana qızların gözündə xoş görünmək üçün gedir. Onda necə belə düşüncə var idi?

– Xeyr, qətiyyən. O, idmanla həmişə çempionluq məqsədi üçün məşğul olurdu. Özünə həmişə fikir verirdi. Onun bir məqsədi çempion olub irəli getmək idi.  O, idmanın sırf həvəskarı olub.  Kiməsə görə yox, sırf özünə görə məşğul olub.

– Ailəsi idmanla məşğul olmasına necə münasibət göstərirdi? Ailəsi onun hansı peşə sahibi olmasını istəyirdi?

– Ailəsi Füzulidən çox razılıq edirdi. Çünki o, dərslərini yaxşı oxuyurdu. Füzuli Universitetə qəbul oldu. Elə bir problemi olmayıb. Çünki bu adam həmişə zəhmətkeş olub. Öz zəhmətinin bəhrəsini görüb. İdmanda çox əziyyətlər çəkib. Gedib zalda idman edirdik.  Mən yorulub hardasa oturub baxırdım. Amma Füzuli dayanmadan sırf idmanla məşğul olurdu. Çünki onun məqsədi vardı. Ata-anası da onun idmana olan həvəsini dəstəkləyirdi. Siqaret çəkmir, içki içmir, idmanla məşğul olurdu. Bir valideynə bundan artıq nə lazımdır ki?

– Ailəsində ondan başqa idmana marağı olan var idi?

– Qardaşlarından da idmanla məşğul olan var idi. Amma elə-belə, onun səviyyəsində yox.

– Hansı xüsusi istedadı vardı?

– Uşaqlıqdan musiqi və idmana  həvəsi vardı. Füzuli ilə birlikdə qarmon ifa etməyi öyrənmək üçün musiqi məktəbinə də getmişik.

– İndi də musiqi ilə məşğul olur?

– Bəli, çünki onun yaxşı oxumağı vardı. İnanmıram ki bu istedadından uzaqlaşsın. Düzdür, son zamanlar mənim yanımda nəsə ifa etməyib. Çünki 1-2 ildir ki, onu görmürəm. Amma gitarada, zərb alətində yaxşı ifa edə bilirdi. Onun çox sevdiyi mahnı vardı. “Krutoy pavarot” adlanırdı. Əsgərlikdə də həmişə oxuyurdu. Məktəb illərində hansısa şənlik olanda, Füzuli müəllim ya gitara, ya da zərb aləti ifa edərdi.

– Ən sevdiyi ifaçı kim idi?                                          

– Dəqiq deyə bilmərəm, unutmuşam. Amma ən çox “Maşınni vremya”ya qulaq asırdı.  Yadımdadır, bu, o zamanların məşhur musiqi qrupu idi.

IMG-20180412-WA0013.jpg

– Gələcəyi ilə bağlı başqa hansı planları vardı?

– Səhv etmirəmsə uşaq vaxtı polis olmaq istəyirdi. Bir müddət polis kimi də fəaliyyət göstərib. Həmişə qarşısına qoyduğu məqsədə nail olurdu. Öz üzərində işləyib, çalışan biri idi. Bu onun ən gözəl xüsusiyyətlərindən biri idi.

– Nə vaxtsa çətinliyə düşüb ondan və ya onun sizdən kömək istədiyi vaxt olub?

– Bəli, olub. Xüsusilə də əsgərlikdə oturub danışar, bir-birimizə məsləhət verərdik. Həmişə deyirdi ki, əsgərliyimizi sağ-salamat bitirib qayıdaq vətənimizə. Bizi evdə gözləyənlər var. Daim bir-birimizə dayaq olmuşuq. Düzdür, Allah canına sağlıq versin, elə bir problemim olmayıb. Amma mənə elə gəlir ki, mənə bu dəqiqə nəsə lazım olsa, Füzuli köməyini əsirgəməz.

– Sonuncu dəfə nə vaxt görüşmüsüz?

– Tez-tez zəngləşirik. Novruz bayramında zəng etdi. Fevralın biri doğum günü idi. Zəng vurub təbrik etdim. O da ad günümdə məni təbrik edir. Nə vaxt o Gəncəyə gəlsə və ya mən Bakıya getsəm, zəngləşib görüşürük. Ümumi vəziyyətdən, iş-gücdən danışırıq.  Mən Bakıda olub Füzuliyə zəng etsəm, o gəlib on dəqiqəyə məni tapmalıdır. O, bizim fəxrimizdir, başımızın ucalığıdır.

– Bir dost kimi nə vaxtsa ona tənqidinizi bildirmisiz?

– Onun hansısa pis xasiyyəti yoxdur. Bəlkə də mən görmürəm. Hər halda mənim yanımda həmişə öz etikasını gözləyib, bir pis rəftarını görməmişəm. Füzulidə özümə qarşı yalnız mehribanlıq, səmimi dostluq görmüşəm.

IMG-20180412-WA0014.jpg

– Evlərində qonaq olmusuz?

– Bəli. Ailə daxilində çox xoş, mehriban münasibət var. Yoldaşını da gənclik illərimizdən çox yaxşı tanıyıram. Həmişə gözəl münasibətləri olub. Övladları haqda elə də məlumatım yoxdur. Çünki mən Gəncədə, o isə Bakıda olurdu.

– Məktəbdəki son zənginizi necə xatırlayırsız?

– Son zəngimiz çox gözəl keçib. Hətta sinif uşaqları ilə birlikdə məktəbi bitirməyimizin otuz illiyini qeyd etdik. Sağ qalan müəllimlərimiz, sinif yoldaşlarımız hər biri iştirak edirdi. Füzuli də həmçinin. Elə təşkilatçı da Füzuli ilə mən idik.

– Deyilənə görə, o vaxtlar bayramlar daha təmtəraqlı keçirdi.  Onları necə xatırlayırsız?

-Sizə bir fakt deyim. Bəlkə də bu artıq Füzulinin yadından çıxıb. Orta məktəbin sonuncu sinfində oxuyurduq. Novruz bayramı idi. Təsəvvür edin ki, qəsəbənin bir başından girib, o biri başından çıxdıq. Oğlanlı-qızlı, hamımız papaq atdıq.  Demək olar ki, bizdən başqa belə bir sinif  yox idi. Papaq ataraq yığdıqlarımızın hamısını böyük tənəffüsdə bölüşdürüb yedik. Orta məktəbdəki sonuncu Novruz bayramımız mənim heç vaxt yadımdan çıxmaz.

– Füzuli Musayevin bədii ədəbiyyata marağı necə olub?

– Vallah, heç görməmişəm, amma səhv etmirəmsə, dedektiv romanları çox oxuyurdu. Hansı müəllifi oxuduğunu isə unutmuşam.

IMG-20180412-WA0007.jpg

– İlk dəfə dünya çempionu olmasını necə xatırlayırsız?

– 1990-cı illərdə mobil telefon yox idi. Ona görə də təbrik etmək üçün Gəncəyə gəlməsini gözlədik. Yığışdıq, hamımız təbrik etdik. Çempion olana qədər Bakıda məşğul olurdu. Sonradan Gəncəyə gəldi. Ata-anası da hələ sağ idi.

– Onu digərlərindən fərqləndirən əsas xarakterləri nə idi?

– Onun mehribanlığı, insaniyyəti bir dost kimi məni daha çox cəlb edirdi. Heç vaxt özünü yuxarı tutmayıb. Yoldaşları ilə sadə davranıb. Elə o sadəliyi nəyə desən dəyər. Hər Gəncəyə gələndə zəng vurur ki, necəsən, haradasan? Dostluğa çox sadiq insandır. Məsələn, bir sinif yoldaşımız  infarkt keçirmişdi. Eşidən kimi Füzuli mənə zəng vurdu ki, belə bir şey eşitmişəm, düzdür? Füzuli müəllim o vaxtlar hansısa ölkədə yarışda idi.  Amma gəlib məni götürdü, sinif yoldaşımıza baş çəkdik. O, həmişə uşaqlıq illərimizə sadiq qalıb. Heç vaxt dostluğu itirməyib.

IMG-20180412-WA0003.jpg

– Füzuli Musayevin uşaqlıqdan polis olmaq arzusunda olduğunu qeyd etdiniz. Hətta bir müddət güc sturukturlarında, Cinayətkarlığa Qarşı Mübarizə idarəsində də çalışıb. Bu bir qədər riskli, təhlükəli işdir. Sizə işdə qarşılaşdığınız təhlükəli vəziyyətlər haqda danışıb?

– Elə də danışmayıb. Amma onu bilirəm ki, Füzulinin əlindən heç nə qaça bilməz. Güllə kimidir. Məktəb vaxtı da sürətli qaça bilirdi. Hansı işdə çalışsa, böyük həvəs və ürəklə işləyir.

– Sevdiyi idmançı kim idi?

-Dəqiq yadımda deyil. İndi qəsəbənin uşaqları Füzuli kimi olmaq istəyir. Uşaqkən Brüs Lini izləyir, bəyənirdi. Heç ağlına gəlməzdi ki, gələcəkdə onun özü bu qəsəbənin Brüs Lisi olacaq.

– Əsgərlikdən qəsəbəyə qayıtmağınızı necə xatırlayırsız?

– Əsgərliyi başa vurub Füzuli ilə birgə çıxmalı idik. Mən əsgərlikdə sürücü idim. Sonuncu dəqiqədə maşını təhvil məsələsinə görə məni iki gün ləngitdilər. Mən Leninqrad Universitetinə imtahan verməli idim. Füzuli müəllim məni orda gözləyirdi. İki gün gözlədi, gördü ki, gəlmirəm. O vaxtlar mobil telefon yox idi. Görüşə bilmədik. O, məni Gəncəyə çatanda qarşıladı. Elə əsgərlikdəykən o qədər planlarımız var idi ki… Amma Allah hərəyə bir qismət yazıb. Mən hazırlıq qrupuna getdim. Sonra isə azad etdilər. Gəncəyə qayıdıb işləməyə başladım. Səhv etmirəmsə, Füzuli Texnologiya İnstitutunda oxudu. Füzuli də o vaxtlar burada işləyirdi. Sonra Bakıda zavodda, yanğınsöndürmədə, polisdə işlədi. Yavaş- yavaş bugünkü yerinə gedib çıxdı.

IMG-20180412-WA0005.jpg

– Füzuli Musayevin toyunda iştirak etmisiz?

– Xeyr, mən onda Azərbaycanda olmamışam.

– Son olaraq ona nələr arzulayırsız?

– Onu tezliklə general kimi görmək istəyirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Çünki o, bizim fəxrimizdir.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …